Moskva Xersondan qoşunların çıxarılmasını elan etdikdən sonra NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, rus qoşunlarının Xersondan qismən çıxarılması NATO-nun Ukraynaya dəstəyinin uğurunun göstəricisidir. “Bu, Ukrayna silahlı qüvvələrinin cəsarətini və qətiyyətini, eləcə də davamlı dəstəyimizin vacibliyini nümayiş etdirir”, - deyə Stoltenberq bildirib.
Lakin Ukrayna hakimiyyəti Rusiya tərəfinin Xersonu tərk etməsi ilə bağlı bəyanatlarına inanmır. Ukrayna Prezidenti Aparatının nümayəndəsi Mixail Podolyak ukraynalıları rusların Xersonu tərk etməsinə çox da sevinməməyə çağırır: “Ukrayna Rusiyanın Xersonu döyüşsüz tərk edəcəyinə dair heç bir əlamət görmür. Rusiya kontingentinin əhəmiyyətli hissəsi şəhərdə qalır, bölgəyə əlavə ehtiyatlar gətirilir”.
Ukraynada yerləşən rus qoşunlarının komandanı general Sergey Surovikin Sergey Şoyquya rus bölmələrini Xerson vilayətində Dnepr çayının sol sahilinə köçürməyi təklif edib və Şoyqu bu təklifi qəbul edib. “Qoşunların çıxarılmasını davam etdirin və şəxsi heyətin, silah-sursatın və texnikanın Dnepr çayının o biri sahilinə təhlükəsiz daşınmasını təmin etmək üçün bütün tədbirləri həyata keçirin”, - deyə Rusiyanın müdafiə naziri bildirib.
Surovikin öz təklifini Dnepr çayının sağ sahilində ordunun təchizatındakı çətinliklərlə əsaslandırdı. Bu, praktiki olaraq Xersonu təhvil vermək deməkdir. Moskvanın Xerson şəhəri də daxil olmaqla Dnepr çayının sağ sahilindən geri çəkilməklə bağlı dedikləri doğrudursa, məlum olacaq ki, Rusiya fevraldan bəri işğal etdiyi ərazilərin demək olar ki, yarısından geri çəkilib.
Rusiyanın müdafiə naziri Xersondan çəkilmə əmri verərkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Moskvanın Kiyevlə danışıqlara hazır olduğunu bir daha elan edib. “Biz hələ də danışıqlara açığıq, onlardan heç vaxt imtina etməmişik. Biz, əlbəttə ki, bu gün mövcud reallıqları nəzərə alaraq, danışıqlar aparmağa hazırıq”, - deyə Mariya Zaxarova bildirib.
Ukrayna Prezidenti Administrasiyasının nümayəndəsi Mixail Podolyak isə qeyd edib ki, Xersonun və ya digər mühüm şəhərin ukraynalılar tərəfindən azad edilməsi Moskva ilə danışıqlara başlamaq üçün başlanğıc nöqtəsi olmayacaq. Onun sözlərinə görə, Rusiya real sülh danışıqları prosesini təklif etmir, lakin atəşkəsdən yeni hücuma hazırlaşmaq üçün istifadə etmək niyyətindədir. “Prezident Zelenski açıq şəkildə bildirir ki, əgər onlar Ukrayna ərazisini tərk etsələr, o zaman, əlbəttə ki, danışıqlar prosesi mümkündür. Bu, bizim əsas prinsipimizdir”, - deyə Podolyak “Настоящее Время” proqramına müsahibəsində deyib.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi qoşunların Xersondan çıxarılmasını “manevr” adlandırır.
Ötən həftə Rusiya Müdafiə Nazirliyi qoşunların Dnepr çayının sol sahilinə çıxarılmasını “manevr” adlandırıb.
“Nikolayev-Krivoy Roq istiqamətində bölmələrimiz təsdiq edilmiş plana ciddi əməl etməklə Dnepr çayının sol sahilində hazırlanmış mövqelərə manevr edirlər”, - deyə Rusiya MN-nin sözçüsü qeyd edib.
Rus qoşunları Dnepr çayının sol sahilinə hərəkət etməklə yanaşı, ilhaq edilmiş Krımın şimal hissəsində səngərlər qazmağa başladılar. Media yeni istehkamların, xüsusən də Krım və Xerson vilayətlərində Cankoy keçid məntəqəsi və Armyansk şəhəri yaxınlığında yarandığını göstərən peyk fotolarını dərc edir. Şoyqunun geri çəkilməyə başlamaq haqqında fərmanından sonra Ukarina hakimiyyəti rusların Xerson şəhərini döyüşsüz tərk edəcəklərini düşünmədiklərini açıqlayıb.
Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutunun ekspertlərinin fikrincə, rus komandirləri öz ordusunun nizamlı geri çəkilməsini dəstəkləmək üçün bəzi qüvvələri Xersonda qoyub Ukraynanın hücumunu ləngitməyə çalışacaqlar.
Prezident Zelenski rusların geri çəkilməsinə toxunaraq bunu Ukrayna ordusunun uğurunun nəticəsi hesab edib: “Heç kim heç yerə getmir. Düşmən heç bir xoşməramlı jest etmir. Biz bütün bunlar üçün mübarizə aparırıq. Çox diqqətlə, emosiyasız, hissiyatsız, hədsiz risk olmadan irəliləyirik. Bütün torpaqlarımızı azad etmək, itkiləri minimuma endirmək marağımızdadır. Xerson, Kaxovka, Donetsk və digər şəhərlərin azad edilməsini belə təmin edəcəyik”.
Eyni zamanda, Zelenski Moskvanı Kaxovka Su Elektrik Stansiyasının su anbarını partlatmaq cəhdlərindən çəkinməyə çağırıb. Belə bir riskdən həm Ukraynada, həm də Qərbdə danışılır. Moskva Xerson əhalisinin məcburi təxliyəsi prosesinə başlayarkən, Ukrayna tərəfinin su elektrik stansiyasının su anbarını partlatmağa hazırlaşdığını bildirib. “İndi mən Moskvada müvafiq qərarlar qəbul edən hər kəsə bir daha xəbərdarlıq etmək istəyirəm. Sizin Kaxovka SES-i partlatmaq, ərazimizi su basmaq, Zaporojya AES-i susuzlaşdırmaq cəhdiniz bütün dünyaya müharibə elan etmək deməkdir. O zaman sizin başınıza nə gələcəyini düşünün”, - deyə Zelenski deyib.
Ukraynalılar Nikolayev vilayətinin Sniqiryovka şəhərini də azad ediblər
ABŞ prezidenti Rusiya qüvvələrinin geri çəkilməsinə də toxunub: “Əvvəla, məncə, çox maraqlıdır ki, ruslar ABŞ-da aralıq seçkilərin bitməsini gözlədilər və yalnız bundan sonra [geri çəkilmək] qərarı verdilər. Yeri gəlmişkən, onların belə bir addım atacaqlarından xəbərdar idik. Həmin addım Rusiyanın və Rusiya ordusunun real problemlərindən xəbər verir”.
Ukrayna ordusu Xersona daxil olub və Kreml Xersonu tərk etməyi “alçaldıcı” hesab etmir
Ukrayna ordusu noyabrın 11-də Xerson şəhərinə daxil olub. Artıq sosial şəbəkələrdə ukraynalı əsgərlərin foto və videoları yayımlanıb. Sakinlər onları Ukrayna bayraqları ilə qarşılayır.
Kreml referendumla ilhaq edilmiş Xerson vilayətinin Rusiyanın bir hissəsi olduğunu bəyan etməkdə davam edir və geri çəkilmədə alçaldıcı heç nə olmadığını bildirir. “Xerson Rusiya Federasiyasının subyektidir, bu status qanunla müəyyən edilir və təsbit edilir. Heç bir dəyişiklik yoxdur və ola da bilməz”, - deyə Kremlin sözçüsü Dmitri Peskov bildirib. Eyni zamanda, o, rus qoşunlarının Xersondan çıxarılması ilə bağlı şərh verməkdən imtina etdi və bir daha vurğuladı: “Xüsusi hərbi əməliyyat davam edir və Rusiya öz məqsədlərinə çatanda başa çatacaq”.
Qeyd edək ki, Xersonu döyüşsüz tərk edən Rusiya qüvvələri eyni vaxtda Ukrayna şəhərlərini və enerji infrastrukturlarını bombalamağa davam edir. Nikolayev şəhərində beşmərtəbəli yaşayış binası atəşə tutulub, beş nəfər həlak olub.
Moskva Ukraynanı “çirkli bomba” yaratmaq cəhdində ittiham edir
Müharibədən yarım il sonra Rusiya Ukraynanı “çirkli bomba” yaratmaq cəhdində ittiham etməyə başladı. Ukrayna bunu qəti şəkildə inkar edir, beynəlxalq ekspertləri yoxlamalara dəvət edir. Həmin ölkənin prezidenti hesab edir ki, Rusiya “çirkli bomba”dan taktiki nüvə silahından da istifadə etmək üçün bəhanə kimi istifadə etmək istəyir.
ABŞ-ın mövqeyi ondan ibarətdir ki, Rusiya ilə istənilən danışıqların şərtlərini və məzmununu Ukrayna özü həll etməlidir
Rusiya ilə istənilən danışıqların şərtlərini və məzmununu Ukrayna özü həll etməlidir. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken Pnompendə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşündə bildirib.
Blinken həmçinin “qış yaxınlaşdıqca Rusiyanın kritik infrastruktura hücumlarının təsirlərini yumşaltmaq üçün humanitar yardımın sürətləndirilməsində ABŞ-ın Ukraynaya dəstək göstərməsinə dair güclü öhdəliyini” müzakirə edib. Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Dövlət katibi (Blinken) Ukraynanın istənilən danışıqlar çərçivəsinin şərtlərini və məzmununu müəyyən etməli olduğunu təkrarladı. Blinken və Kuleba Ukraynaya Qara dəniz vasitəsilə taxıl ixracına icazə verən sazişin gələn həftə bitənə qədər uzadılmasının vacibliyini təsdiqləyiblər”.
Rusiya BMT səviyyəsində “Rosselxozbank”ın SWIFT-ə yenidən qoşulmasına çalışır
Beynəlxalq kənd təsərrüfatı əməliyyatlarını təmin etmək üçün Rusiya BMT ilə iyunun 14-də maliyyə mesajlaşma sistemindən ayrılan “Rosselxozbank”ın yenidən SWIFT-ə qoşulması imkanını müzakirə edir. Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin “Rosselxozbank”ın SWIFT-ə qoşulmasını “əsas məsələ” adlandırıb, onsuz Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracını tənzimləmək mümkün deyil”.
“Əlbəttə, bunsuz biz sadəcə olaraq irəli gedə bilmərik. Biz bu məsələni əvvəllər müzakirə etmişik, dünən biz bu barədə çox əsaslı və uzun müddət danışmışıq, biz BMT nümayəndələrindən əminlik almışıq ki, onlar da məsələni həyati vacib hesab edirlər”, - deyə o, jurnalistlərə açıqlamasında bildirib.
İyun ayında “Rosselxozbank”, həmçinin “Sberbank” və MKB Aİ sanksiyalarının altıncı dəsti çərçivəsində SWIFT sistemindən ayrılıb. Tərəflərindən biri Birləşmiş Millətlər Təşkilatının olduğu taxıl müqaviləsi çərçivəsində Rusiya tərəfinin əsas tələbi Rusiya ərzaq ixracına, o cümlədən maliyyə maneələrinin aradan qaldırılmasıdır.
Moskva Bayden ailəsinin və Ağ Evin mətbuat katibinin öz ərazisinə daxil olmasını qadağan edib
Rusiya ABŞ prezidenti Co Baydenin və Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin ailəsinə öz ərazisinə girişi qadağan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Departamentin saytında dərc edilən siyahıya prezidentin bacıları Valeri, Ceyms və Frensis Bayden, habelə səhiyyə naziri Xavyer Becerra, kənd təsərrüfatı naziri Tomas Vilsak, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer və ABŞ daxili işlər naziri Debra Hollan daxildir.
Sevinc Əliyeva
Ordu.az