Aprelin 13-də ukraynalılar gəmi əleyhinə raket hücumu ilə Qara Dəniz Donanmasının (QDD) flaqmanı olan Sovet dövründən qalma “Slava” sinfinə məxsus “Moskva” idarə olunan raket kreyserini batırdılar. Oktyabrın 29-da Ukrayna hərbçiləri daha bir təsirli əməliyyat keçirdi. PUA və insansız dəniz platformalarının koordinasiya edilmiş dəstəsi QDD-nin qərargahı olan Sevastopol şəhərinə hücum edib. Görünən zərər səviyyəsi cüzi olsa da, yüksək simvolik hədəfə hücumun texnoloji aspekti Rusiyanı Ukrayna ordusunun əməliyyatdan əvvəl və əməliyyat zamanı xaricdən yardım aldığını iddia etməyə vadar edib.
Rusiya Müdafiə Nazirliyi (MN) jurnalistlərə bildirib ki, hücum oktyabrın 29-da səhər saat 04:20-də, 9 PUA və 7 insansız dəniz platforması ilə Odessa yaxınlığındakı Oçakiv buraxılış məntəqəsindən Sevastopola 100 mil məsafə qət edərək baş verib. Rusiya MN bəyan edib ki, “Qara Dəniz Donanmasının gəmiləri tərəfindən görülən əməliyyat tədbirləri nəticəsində bütün hava hədəfləri məhv edilib”. Dörd insansız dəniz platforması QDD silahları və aviasiya tərəfindən məhv edilib, qalan üçü isə limanın yaxınlığında vurulub. MN bəyan edib ki, yalnız “İvan Qolubets” minaaxtaran gəmisi və Cənub körfəzindəki maneə cüzi ziyana məruz qalıb.
Bu hücumun nəticələri bütün müharibə zonasında əks-səda yaratdı. Sevastopol qubernatoru Mixail Razvojayev deyib: “Bu gecə Sevastopol körfəzinin sularına PUA-lar və insansız dəniz platformaları tərəfindən SVO [“xüsusi hərbi əməliyyat”] tarixində ən kütləvi hücum həyata keçirilib”. Razvojaev əlavə edib ki, Ukrayna Qara dəniz donanmasının hərbi infrastrukturuna zərbələr endirməyə cəhd edib. Rusiya qubernatorunun sözlərinə görə, Sevastopolun QDD hava hücumundan müdafiə qüvvələri bir neçə saat ərzində PUA-ları sıradan çıxarıb. Hücum zamanı QDD-nin yeni flaqmanı olan “Admiral Qriqoroviç” sinfinə məxsus freqatın zədə alması Rusiya Hərbi Dəniz Qüvvələri üçün böyük biabırçılıq oldu. “Admiral Makarov”un da PUA hücumu zamanı zədələndiyi və ehtimal ki, sıradan çıxdığı bildirilir. Bu, Ukrayna mətbutında geniş işıqlandırılsa da, Rusiya mediasında məlumatın yayılmasının qarşısını alındı.
Rusiya MN sonradan Britaniya mütəxəssislərinin Sevastopol hücumunda birbaşa iştirak etdiyini iddia etdi. Nazirlik bəyan edib: “Vurğulamaq lazımdır ki, terror hücumuna məruz qalmış Qara dəniz donanmasının gəmiləri Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı üzrə beynəlxalq təşəbbüs çərçivəsində “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edir. Bu terror aktının hazırlanması və Ukraynanın 73-cü Xüsusi Dəniz Əməliyyatları Mərkəzinin hərbi heyətinin təlimi Ukraynanın Nikolayev vilayətinin Oçakov şəhərində yerləşən britaniyalı mütəxəssislərin rəhbərliyi altında həyata keçirilib”.
Hücum tez bir zamanda nəticələr verdi. Oktyabrın 31-də Rusiya hökuməti Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə mülki şəxslərə Ukrayna taxılını və gübrələrini əvvəllər Rusiya Hərbi Dəniz Qüvvələrinin blokadası altında olan Kiyevin Qara dəniz limanlarının bir neçəsindən ixrac etməyə icazə verən razılaşmada iştirakını dayandırdığını elan etdi. Bu, MN-nin hücum üçün “taxıl dəhlizi” təhlükəsizlik zonasından istifadə edildiyini bildirməsindən sonra baş verib. Tacirlər təyin olunmuş dəhliz vasitəsilə taxılın tranzitində iştiraklarını davam etdirdiklərinə görə, Rusiya iki gün sonra bu təşəbbüsə yenidən qoşuldu.
Hücumdan sonra Rusiya ordusu da Ukraynanın sovet dövründən qalma enerji infrastrukturuna raket hücumlarını tez bir zamanda gücləndirməyə başladı, bu da ölkənin elektrik enerjisi istehsal gücünün üçdə birini tez bir zamanda sıradan çıxardı və elektrik enerjisinin kəsilməsinə səbəb oldu.
Qara dəniz, Rusiyanın Ukrayna üzərində güman edilən “şücaəti” və dəniz üstünlüyündən başlayaraq, uzun müddətdir mövcud olan regional strateji fərziyyələri alt-üst edən taktiki və texnoloji arena olduğunu sübut edir. “Moskva” kreyserinin vurulması ilə Rusiya 1905-ci ildə Rusiya-Yaponiya müharibəsi zamanı Tsuşima döyüşündən sonra ilk dəfə olaraq flaqman itirdi və Rusiya Hərbi Dəniz Qüvvələrinin 1945-ci ildən bəri döyüşdə batmış ən böyük döyüş gəmisi kimi tarixə düşdü. Ukraynanın innovativ taktikası bir daha təsdiq etdi ki, 30 il əvvəl 1982-ci ildə baş vermiş Folklend münaqişəsindən bəri, dənizdən istifadə edilən raketlərin davam edən və artan döyüş dəyəri nəzərdən qaçırılmamalıdır.
Ukrayna qüvvələri Krıma qədər uzun məsafədən təsirli zərbələr endirmək qabiliyyətini nümayiş etdirdiyi üçün Rusiyanın bütün QDD-si indi uzaqdan müharibəyə daha həssas görünür. Digər zərbələrə yarımadanı Rusiya ilə birləşdirən Kerç körpüsünə, Krımın Saki aerodromuna və iki ay əvvəl QDD-nin Sevastopoldakı qərargahının binasına endirilmiş zərbələr daxildir.
Ukrayna prezidenti Zelenski Krımı Ukraynanın bütün işğal olunmuş cənub və şərq əraziləri ilə birlikdə azad edəcəyinə söz verib. Bunun baş verəcəyi barədə nəsə demək çətindir. Ancaq Rusiyanın su, elektrik və qaz təchizatına zərbələr endirməsindən mülki əhali çox əziyyət çəkəcək.
Sevinc Əliyeva
Ordu.az