Şübhə yoxdur ki, Gürcüstan bu reallıqları yaxşı bilir və bəlkə də “dərinlərdə” üzvlük statusuna malik olmadığından razıdır, çünki heç bir ağlı başında olan qurum bu qiymətə statusa sahib olmaq istəməz. Ukraynanın və ya Moldovanın üzvlük perspektivi belə statusa malik olmayan Gürcüstandan az deyil. Sabah Ukrayna və Moldovada nə baş verəcəyi, həmin zonada status-kvonun necə olacağı və ümumiyyətlə, Avropa İttifaqının özünə nə olacağı ilə bağlı böyük qeyri-müəyyənlik var. Sadəcə olaraq, Tbilisi bu məsələni Brüssel qarşısında qaldırmaqla onu narahat edən məsələlər və ya gündəmlərlə bağlı müəyyən siyasi effekt əldə etməyə çalışır.
Lakin bütün bunlarla yanaşı, vəziyyət elədir ki, bu, Qafqaz regionunun təhlükəsizlik arxitekturası və perspektivi ilə dərindən bağlıdır. Obyektiv və subyektiv hallarla yanaşı qeyd etmək lazımdır ki, Gürcüstanın birmənalı görünən “Avro-Atlantik” perspektivi Avropa-Avrasiya çərçivəsində baş verən dünya nizamının transformasiyasına məruz qalır. Tbilisi üçün bəlkə də ən rasional variant regional miqyasda əsas həll yollarını nəzərdən keçirməkdir. Söhbət başqa ideyalardan imtina etməkdən yox, onların Qafqaz regionunda mövcud reallıqlar və tendensiyalar nəzərə alınmaqla qurulmalı olan metodoloji yolundan gedir. Bu baxımdan Gürcüstan dərk etməlidir ki, onun yolu Türkiyə və Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirməkdən keçir. Ola bilsin Tbilisi bunu artıq başa düşüb və bu fonda Azərbaycan Prezidentinin Soçi görüşü öncəsi Gürcüstana səfəri maraqlıdır.
Asif Cəfərov
Ordu.az