Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı (DRDO) tərəfindən ölkə daxilində istehsal edilən “Akaş” Hava Hücumundan Müdafiə (HHM) sistemi öz çatışmazlıqları ilə hər zaman gündəmdədir. Sistemlərdə ilə bağlı ortaya çıxan təfərrüatlar şokedicidir. Məlumatlara görə, 2018-ci il iyunun 3-də Hindistan Hərbi Hava Qüvvələrinin eskadrilyasında olan “Akaş” raket sisteminin daşıma və yükləmə vasitəsində (TLV) boru partlayıb, ardınca zərbə nəticəsində təkər boltları qopub. Hindistan HHQ-nin üç “Akaş” raket divizionu (2013-2015-ci illər arasında istismara verilib) 2019-cu ildə istismarda olan raket sistemlərinin 90 faizinin sıradan çıxdığını və ya sadəcə xarab olduğunu bildirib.
İnteqrasiya edilmiş Hava Kompressoru və Saxlama Mexanizminin (IACSF) nasazlığı daha bir problemi aşkar edib. Hərbi Hava Qüvvələri qeyd edib ki, “Akaş” raket sistemi yırğalanma və vibrasiya, pnevmatik sızma, montaj yastıqcıqlarının və boltların qırılması səbəbindən yararsızdır. “CROSSBOW-18” kimi tanınan birləşmiş silah atəşi təlimi zamanı raket havaya qalxa bilməyib və nasazlığı araşdırmaq üçün Raket Sisteminin Keyfiyyətini Təminat Agentliyi (MSQAA) tərəfindən bir qrup yaradılıb.
Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan raket istehsalçısı “Bharat Dynamics Limited” (BDL), radarlara və texniki xidmətə cavabdeh olan “Bharat Electronics Limited” (BEL) və DRDO da daxil olmaqla bir çox dövlət qurumları “Akaş” raketinin nasazlığı, ehtiyat hissələrinin keyfiyyətsizliyi ilə bağlı hökumətə həqiqəti deməyiblər.
“Akaş” DRDO tərəfindən 1984-cü ildə başlatılan inteqrasiya olunmuş idarə olunan raketlərin inkişafı proqramının beş əsas raket sistemindən biri idi. “Akaş” manevr əməliyyatları zamanı motoatıcı qüvvələr üçün hava hücumundan müdafiəni təmin etməli idi. Sistemlər Rusiyanın “Kub” sistemini əvəz etməli idi. Təxminən 23 il sonra, 2007-ci ildə sınaqlar zamanı ordu hərəkətdə olarkən “Akaş”ın sürətlə hərəkət edən təyyarələr bir yana, hətta yavaş hərəkət edən helikopterləri belə ələ keçirməkdə çətinlik çəkdiyini bildirib. Hindistan Quru Qoşunları buna görə də manevr əməliyyatı zamanı motoatıcı qüvvələr üçün hava hücumundan müdafiənin təmin edilməsi tələbinə cavab vermədiyini bildirib və “Akaş”dan tamamilə imtina edib. Beləliklə, “Akaş” Hindistan Hərbi Hava Qüvvələrinə təhvil verilib. HHQ isə buna etiraz etməyib.
2015-ci ilin əvvəlində media Hindistan Quru Qoşunlarının 96 faizi yerli olan “Təkmilləşdirilmiş Akaş Sistemi” alacağını bildirib. Lakin ordu müəyyən edib ki, “Təkmilləşdirilmiş Akaş” adlanan bu sistem də tələblərə cavab vermir. Eyni səbəbdən Hindistan donanması da bu sistemdən imtina edib. Bəs belə olan halda “Akaş” sistemləri niyə istehsal edilib? Məlum olur ki, sistemin hazırlanmasına çoxlu pul və zaman sərf olunub. İnkişaf xərclərini ödəmək və xərcləri kompensasiya etmək üçün Hindistan ordusunun müxtəlif bölmələrinə sistemlərin alınması ilə bağlı təzyiqlər edilir. Bu cür təzyiqlərin Müdafiə naziri səviyyəsində olduğu məlumdur.
Firuz Bağırov
Ordu.az