Azərbaycan Əsgəri: “Ali Baş Komandanın təbirincə desək, "Dəmir yumruq" yerindədir” - Zirvələrdən REPORTAJ (FOTOLAR)

2022/10/404e0-6667416720.jpg
Oxunub: 486     17:16     28 Noyabr 2022    
Ruhumuzun dinclik tapdığı, təbiətin rəngarəng çalarlılığı ilə insanlara təqdim etdiyi gözəl fəsildir. Zəfərli günləri özündə cəmləyərək bizə bəxş edən bu ayları həmişə sevmişəm. İndi yol getmək insana tamam başqa zövq verir. Çünki yol boyu gördüyün gözəllik səni sanki sehrli, rəngli nağıllar aləminə aparır. Havanın soyuq keçməsinə baxmayaraq, qəlbinin hərarəti vücudunu isidir.

Yenə də gözəl fəsildə həmkarlarımla birgə yol gedirik. Yolumuz Vətən keşiyində mərdliklə, fədakarlıqla dayanan, xalqımızın qəhrəmanlıq simvoluna çevrilən Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin müdafiə etdiyi səngərlərədir. Zirvələrdəki mövqelərə getmək üçün yaşıl meşəliklər arasından keçdikcə təbiətin bütün rənglərinin cəmləndiyi gözəlliklərin yenə də şahidi oluruq. Təbiət bu yerləri fırçasına xəsislik etmədən çəkib. Sanki dağların döşlərinə, yamaclara, təpələrə rəngbərəng xalılar-xalçalar döşənib. Əsrarəngiz mənzərə insanı xəyallara aparır. İlan tək qıvrılan yollarla dağlara, dağlar qoynunda yerləşən səngərlərə doğru irəlilədikcə sərin nəfəs daha kəskin hiss olunur. Anidən avtomobilin pəncərəsindən daxil olan soyuq hava məni xəyallarımdan ayırır. Budur, artıq səngərə, Azərbaycan əsgərinin qoruduğu mövqelərə çatırıq. Vətənin keşiyində dayanan qəhrəmanlarımızla söhbətləşmək, onların fikirlərini könül dəftərimə köçürməyə, köçürdüklərimi sizlərlə paylaşmağa tələsirəm.


Zabit Mustafa Əsgərli ilə birlikdə posta daxil oluruq. Gizir Elmin Qasımov döyüş növbətçiliyi zamanı heç bir hadisənin baş vermədiyi, düşmənin bütün fəaliyyətinin tam nəzarət altında saxlanıldığı barədə məlumat verir. Gədəbəy rayonunun Novoivanovka kəndindən olan gizir Elmin Qasımov uzun illərdir ki, hərbi formanı şərəflə daşıyır. "Şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hər an hazır və qadirdir", - deyə Elmin söhbətə başlayır. "Bu gün xidmət edən hər bir əsgər anlayır ki, Vətəni qorumaq nə qədər vacib və məsuliyyətlidir. Şərt ələ silah almaq deyil. Əsas odur ki, əlindəki silahla düşmənin istənilən təxribatının layiqli cavabını verəsən. Şadam ki, bizim ordumuzda xidmət edənlər bu bacarığa malikdirlər. Bu gün hər birimizin borcudur ki, şəhidlərimizin qanı bahasına azad edilən torpaqlarımızı ayıq-sayıq qoruyaq. Mən və mənimlə birlikdə burada xidmət edən əsgərlər yaxşı başa düşürlər ki, düşmən üzərində qələbə qazansaq da, arxayınlaşmaq olmaz. Daima döyüşə hazır və diqqətli olmaq lazımdır. Ona görə də düşmən daima nəzarətimiz altındadır. Onların müşahidə olunan istənilən hərəkəti yuxarı komandanlığa məruzə olunur". Söhbət zamanı öyrənirəm ki, Elminin qardaşı da Azərbaycanın ərazi bütöylüyünü qoruyanların sırasındadır.

Vətənin müdafiəsində ayıq-sayıq dayanan vətənpərvər gənc döyüşçülərlə də tanış oluram. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şirxan Əsgərov da son nəfəsinə qədər Vətəninə, millətinə, torpağına bağlı olduğunu deyir: "Vətəni hər zaman anamız bilmişik. Bu kəlmə özlüyündə Vətənə sevgimizi, sadiqliyimizi bildirir. Ərazi bütövlüyümüzü qorumaq üçün güclü, nizami ordumuz var. Bunu torpaqlarımızın azadlığı uğrunda həyata keçirilən haqq savaşımızda düşmənə də, bütün dünyaya da sübut etdik. Xalqımız ordusu ilə fəxr edir, hərbçilərinə güvənir. Bu inam mənə də fəxarət hissi verir. Qürur duyuram ki, bu gün səngərdə gənc Vətən övladları ilə birlikdə düşmənin qarşısında dayanaraq xidmətimi davam etdirirəm və onun istənilən təxribatının qarşısını dərhal almağa hər an hazıram".


Digər mövqedə döyüş növbətçiliyində əsgər Xələf İsgəndərov dayanıb. Hərbi xidmətə Sabirabad rayonundan çağırılıb. Əsgər deyir ki, Birinci Qarabağ müharibəsinə könüllü qoşulan dayım şəhid olub. Dayısının timsalında bütün şəhidlərimizin ruhunu uca tutmaq üçün əlindən gələni əsirgəmədiyini, bir əsgər kimi üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarlıqla gəlmək üçün bütün hərbi bilik və bacarıqlara yiyələnməyə çalışdığını qeyd edir. "Doğma elimə sevgim, düşmənə isə nifrətim sonsuzdur. Çox sevinirəm ki, torpaqlarımız artıq düşmən işğalından azad edilib. Dayımın və bütün şəhidlərimizin qisası ordumuzun igid oğulları tərəfindən 44 günlük Vətən müharibəsində alınıb. İndi bizim əsas vəzifəmiz onların qanı bahasına azad edilən torpaqlarımızı, bütöv Azərbaycanı gözümüz kimi qorumaqdır. Bu gün də, sabah da Ali Baş Komandanımızın əmri ilə istənilən düşmən təxribatının qarşısını almağa, torpaqlarımızı düşməndən qorumağa hazıram".

Əsgər Nurlan Əliyev də Vətənin keşiyində yorulmadan, cəsarətlə dayananlardandı. Hərbi xidmətə Masallı rayonundan çağırılan Nurlan əsgər olaraq öz vəzifəsini uğurla yerinə yetirir. "Vətən yolunda canımızdan keçməyə hər zaman hazırıq", - deyə söhbətə başlayır. "Hər kəsə məlumdur ki, bu gün ordumuz regionun ən güclülülərindəndir. Hər il keçirilən təlimlərdə uğurlar qazanmasaydıq, Vətən müharibəsindən üzüağ çıxa bilməzdik. Düşmən bilsin ki, qalib ordunun qalib əsgərləri torpaqlarının keşiyindədirlər. Ali Baş Komandanın təbirincə desək, "Dəmir yumruq" yerindədir. Bir əsgər və vətəndaş olaraq dövlətimizə, xalqımıza hər zaman xidmətdəyik. Vətənimizin hər qarışı bizim üçün əzizdir. Torpaqlarımızın müdafiəsi üçün daima səfərbər olmağa hazırıq".


Qusar rayonundan hərbi xidmətə çağırılan əsgər Dəyanət Ramazanov "Mən fəxr edirəm ki, bu zirvələrdə xidmət keçirəm", - deyir. - Zirvələr qartallar üçündür. Biz qartal tək düşməni izləyir, əl atdığı təxribatların qarşılığını qətiyyətlə veririk.

Əcdadlarımızdan bizə əmanət olan torpaqlarımızı, mədəniyyətimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və onu müdafiə etmək müqəddəs borcumuzdur. Vətəni sevmək mübariz və igid Vətən övladlarının ən müqəddəs və ümdə vəzifəsidir. Bu gün biz bu müqəddəs vəzifəmizin öhdəsindən öz bilik və bacarıqları ilə seçilən, döyüş təcrübəli komandirlərimizin köməkliyilə layiqincə gəlirik.

Hərbi qulluqçularımızla söhbət etdikcə qürurlanırıq. Onlarda Vətən sevgisi, özünəinamlıq, cəsarət və məğrurluq aydın şəkildə görünür. Bu inam güclü dövlətin güclü ordusu olan ölkənin vətəndaşı olmaqdan, milli birliyimizdən qaynaqlanır. Bu birlik bundan sonra da torpaqlarımızı inamla qoruyacağımıza, üçrəngli bayrağımızı hər zaman yüksəklərdə dalğalandıracağımıza zəmanətdir.

Oruc Mustafayev "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin