İran PUA-ları Ukraynanın izdihamlı səmasında – Təhlükə sürətlə artır

2022/10/1666782131.jpg
Oxunub: 675     15:02     26 Oktyabr 2022    
İranın “Şahed-136” adlı Rusiyaya ötürdüyü PUA-lar zərbə anında partlamaq üçün nəzərdə tutulub. Rusiya qüvvələri onlarla Ukraynadakı hədəflərə zərbələr endirib. Məsələn PUA-lardan biri paytaxt Kiyevdə biri yaşayış binasına düşüb, altı aylıq hamilə qadın da daxil olmaqla dörd nəfər ölüb.

Müharibənin qədəm qoyduğu 9-cu ayında “Şahed” Ukraynada döyüş meydanlarında istifadə edilən PUA-ların sırasına qoşulub. Bundan əvvəl ABŞ, Türkiyə və Rusiya istehsalı hərbi PUA-lar, eləcə də Çin istehsalı kommersiya PUA-ları Ukrayna səmasına hakimlik edirdi.

Modellərin tam çeşidi və hansı ölkələrin nə qədər tədarük etdiyi bəlli deyil. Lakin tətbiq edilən PUA-ların sayının və növlərinin sürətlə artması, “Şahed” kimi daha kiçik, daha ucuz silahların dövriyəyə daxil olması bu sistemlərin müasir silahlı münaqişələrin əsas elementinə çevriləcəyindən xəbər verir.

Bəziləri müşahidə tiplidir. Əsasən pərləri olan bu sistemlər düşmən qüvvələrinə qarşı casusluq etmək, onların yerini aşkarlayıb raket və artilleriya qoşunlarına məlumat vermək, hədəfləri raket və artilleriyanın vurması üçün işarələmək kimi tapşırıqları icra edir. Bəziləri bu funksiyalarla yanaşı müxtəlif sursatlar da daşıyır və aşkarladığı hədəfləri raket və artilleriyanı gözləmədən öz mərmiləri ilə zərərsizləşdirir.

Bu növlər nisbətən bahalı hesab edilir. Ona görə də həm Ukrayna, həm də Rusiya qüvvələri kvadrokopterlərdən - batareya ilə işləyən kommersiya tipli, əsasən Çin istehsalı PUA-lardan istifadə edirlər. Kvadrokopterlər daha qısa məsafələrə uçur və bəzən qumbaraatan kimi kiçik mərmiləri düşmən qoşunlarının və maşınlarının üzərinə atır. Onları müəyyən müddət ərzində geri qaytarmaq, batereyalarını doldurmaq və yenidən bomba ilə təchiz edərək düşmən mövqelərinə göndərmək mümkündür.

Son həftələr Kiyevi və Ukraynanın digər mülki ərazilərini dəhşətə gətirən silahların çoxu “gəzən sursatlar” adlanan kamikadze tipli PUA-lardır. ABŞ müharibənin əvvəlindən Ukraynaya bu tipli silahlar göndərib.

Mart ayında Pentaqon “Switchblade” adlı 100 ədəd taktiki PUA göndərəcəyini açıqlamışdı. Növbəti ay ABŞ daha 300-ünü təmin edəcəyini bildirib. 8 gün sonra Müdafiə Nazirliyi Ukraynaya 120 ədəd “Phoenix Ghost” adlı PUA göndərəcəyini elan edib. İyulda ABŞ Ukraynaya onlardan daha 580 ədəd almaq üçün vəsait ayırıb.

Avqust ayında Pentaqon “Puma” adlı PUA-lar göndərəcəyini bildirib. Bu PUA-lar nisbətən uzun məsafədən və bir qədər yüksək hündürlükdən müşahidə üçün nəzərdə tutulub.

Ağ Ev Kiyevi ABŞ qüvvələrinin 11 sentyabr hücumlarından sonra başlayan müharibələrdə istifadə etdiyi “Predator” və “Reaper” kimi daha iri PUA ilə təmin etmir. Hər iki PUA saatlarla uça bilir və lazerlə idarə olunan raketlər və idarə olunan bombalar daşıya bilir.

Rusiyanın işğalından az sonra Ukrayna qoşunları cəbhə xəttindən çox uzaqlarda rus əsgərlərini ovlamaq üçün Türkiyənin “Bayraktar TB2” PUA-larından istifadə etməyə başladı. Kiçik idarəolunan dəqiq sursatlara malik PUA HIMARS kimi tanınan mobil yaylım atəşi reaktiv sistemlərin və onlar üçün idarə olunan sursatların verilməsinə qədər Ukraynanın əsas uzaq mənzilli silahı idi.

Son həftələrdə Rusiyanın Ukrayna səmasında istifadə etdiyi PUA-lardan bəziləri İran istehsalı sistemlərdir. “Mohajer-6” PUA-ları ölçülərinə görə “Bayraktar”a yaxındır. “Şahed-136” isə kamikadze tiplidir, həm özünü, həm də hədəfi məhv edə bilir.

Açıq mənbələrə görə, Rusiya qoşunları “Şahed-136” və “Mohajer-6”dan başqa, ən azı 10 başqa PUA-dan istifadə edib. Onların arasında Rusiyanın istehsal etdiyi “Orlan-10” və “Kartoqraf” müşahidə modelləri də var.

Bu silahların yayılması bütün dünyada sürətlə artır.

2017-ci ildə Bard Kollecindəki PUA-ların Tədqiqi Mərkəzinin sorğusu doqquz ölkənin 26 “gəzən sursat” modelini inkişaf etdirdiyini və ya istehsal etdiyini göstərir. Silahlı dronları tədqiq edən və mərkəzi quran Den Gettinger bildirib ki, bu gün ən azı 24 ölkədə 100-dən çox sursat hazırlanıb və ya istehsal olunur.

“Son illərdə Qarabağ və Ukraynadakı silahlı münaqişələr Avropada “gəzən sursat”lara marağın və sərmayənin artmasına səbəb olub – Fransa, İtaliya və Böyük Britaniya son 18 ayda belə sistemlərin əldə edilməsi üçün səylərə başlayıblar”, - deyə Gettinger qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Şahed-136  


Bizi "telegram"da izləyin