Rusiyanın İran PUA-ları ilə əməliyyatları yeni taktikalar, tələblər ortaya qoyur – ANALİZ

2022/10/1666782260.jpg
Oxunub: 1219     16:13     26 Oktyabr 2022    
Rusiyanın Ukraynaya qarşı İran istehsalı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməsi son həftələrdə artıb, silahlar ölkə daxilində şəhərləri və mülki əraziləri hədəf alır. PUA-ların istifadəsi ötən ayın sonunda başlayıb.

İran Rusiyaya PUA vermədiyini iddia edir. Bu o demək ola bilər ki, Tehran onların hamısını fiziki olaraq göndərməyib və Rusiya onları yerli istehsal etmək üçün İrandan dəstək alıb. Lakin Rusiyaya İran tipli PUA-ların tədarükü ABŞ və Avropa tərəfindən yaxşı sənədləşdirilir.

Rusiyanın İran PUA-larından istifadə etməsi son bir neçə ayda bir çox sualları cavabsız qoyub.

Rusiya PUA-larla müharibə taktikasının yeni dövrünü açır?

Moskvanın nisbətən sadə, yavaş hərəkət edən PUA-lara etibar etmək qərarı, ölkələrin bu texnologiyadan müharibədə necə istifadə edə biləcəyinə bir nümunədir.

İstifadə edilən PUA-lar adətən “gəzən sursat” və ya kamikadze PUA adlanır. Bu cür PUA-ların istifadəsi onilliklər əvvələ gedib çıxır və İsrail firmaları dünyanın aparıcı “gəzən sursatlar”ına öncülük ediblər. Sonralar İran kimi ölkələr İsrailin silahlarını kopyalamağa çalışdılar, lakin İranın PUA-ları daha yavaşdır və eyni müasir texnologiya ilə təchiz edilməyib.

Rusiya bu tip PUA-ları müharibədə istifadə etmək üçün yenidən komplektləşdirib. Müharibədə ənənəvi “gəzən sursat” rolundan (hədəfin ortaya çıxmasını gözləyib, sonra onu vurmaq) əvəzinə, Kreml onlardan heç bir fərq qoymadan mülki əhaliyə zərbələr endirmək üçün istifadə edir.

Bu, daha çox İkinci Dünya Müharibəsində istifadə edilən “xalça bombalaması”na bənzəyir. Müttəfiqlər bunu “strateji” bombardman adlandırsalar da, əslində bu, çox vaxt mülki şəxslərə zərər verməklə nəticələnirdi.

Rusiyanın PUA-lardan bu şəkildə istifadə etməsini də İran-İraq müharibəsində iki düşmənin bir-birinin böyük şəhərlərinə raketlərdən istifadə edərək apardığı “şəhərlər müharibəsi” ilə müqayisə etmək olar. 1991-ci ildə İraq ABŞ-ın dəstəklədiyi koalisiyaya və İsrailə qarşı “Skad”lardan kütləvi şəkildə istifadə edib.

İndi, raketlər əvəzinə PUA-lardan şəhərlərə hücum etmək üçün istifadə edilir və bu, dövlətləri pilotların həyatını riskə atmaqdan xilas edir.

“Gəzən sursatlar” bir qədər fərqlidir, çünki keçmişdə onlar düşmənin hava hücumundan müdafiəsini susdurmaq/basdırmaq üçün istifadə olunurdu, bu missiyaya ingilis dilində SEAD/DEAD deyilir, lakin onlardan Kiyevə və ya Odessaya zərbə endirmək üçün istifadə etmək yeni strategiyadır.

Əsasən, Rusiya dəqiq zərbələr üçün nəzərdə tutulmuş aşağı standart İran məhsullarından ukraynalılara qarşı terror məqsədilə istifadə edir. İran keçmişdə Səudiyyə Ərəbistanına zərbələr endirmək üçün öz PUA-larından istifadə edib. Tehran sistemlərinin planlarını Yəməndəki husilərə və Qəzzada HƏMAS-a göndərib, onlar bu planlar əsasında müxtəlif növ PUA-lar yaradıblar.

Mümkündür ki, Rusiya bu cür PUA-larla əlaqədar “Husi” və HƏMAS-ın yolu ilə gedir.

Rusiyanın neçə PUA-sı var?

Ukrayna Rusiyanın İrandan 2400 PUA aldığını bildirib. İndiyə qədər quyruq nömrələri onlarla istifadə edildiyini və bir çoxunun vurulduğunu göstərir. Ukrayna Moskvanın bəzi hücumarda istifadə etdiyi PUA-ların 86%-ni vuraraq təsirli nəticələr əldə edib.

Məlumata görə, ilk İran istehsalı PUA sentyabrın 13-də vurulub. Oktyabrın 17-dək İrana məxsus 100-ə yaxın PUA zərərsizləşdirilib. Oktyabrın 16-na keçən gecə ümumilikdə 26 ədəd “Şahed 136” vurulub. Bir həftə əvvəl başqa bir xəbərdə deyilirdi ki, Rusiyanın bir dəfəyə buraxdığı 86 PUA-nın 60%-i vurulub.

Əgər Rusiya bu qədər PUA itirirsə, onun nə qədəri qalıb?

Bu barədə dəqiq məlumat yoxdur. Bir neçə yüz PUA qalmış ola bilər. Ancaq İranın daha çox göndərə biləcəyi barədə məlumatlar yayılıb. Rusiya İran PUA-larndan istifadə etməyə başlamazdan əvvəl çoxlu sayda PUA itirmişdi və iyul ayına Rusiya sistemlərinin 600-ü zərərsizləşdirilmişdi. Rəqəmlərə nəzər salsaq - onların əksəriyyəti kiçik PUA-lar olsa belə - Rusiya İran istehsalı olanları istifadə etməyə başlamazdan əvvəl öz sistemlərindən çoxunu itirib.

İran PUA-larının missiyaları zamanı həm də özünü məhv etməsi nəzərdə tutulduğu üçün Rusiya onları tam olaraq “itirmir”. Yəni PUA-ların vurulmasına baxmayaraq, onlar onsuz da birdəfəlik missiya üçün nəzərdə tutulub. Onlar yük maşınından buraxılır və göndərildikdən sonra bazaya qayıda bilmirlər. Bu İran PUA-larının çox mürəkkəb olmadığı deməkdir. Videolarda onların şəhərlərin üzərində yavaş-yavaş uçduqları və hərbçilərin onları avtomatla vurmağa çalışdıqları göstərilir. Lakin onlar insanlarda təşviş yaratmaya bilməz.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran   PUA  


Bizi "telegram"da izləyin