Vaşinqtonda yerləşən Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) bu yaxınlarda Çinin qlobal təsirinin yayılmasına dair hesabat dərc edərək, Çinin Ermənistan da daxil olmaqla 12 ölkə ilə əlaqələrinin inkişaf və dərinləşməsi dinamikasını araşdırıb. Hesabatda Ermənistandan başqa, Çinin Braziliya, İndoneziya, İtaliya, El Salvador, Qırğızıstan, Türkiyə, Meksika, Cənubi Afrika, Solomon adaları, Zimbabve və Kiribati ilə əlaqələri araşdırılıb.
“Çin bütün dünyada təsirini genişləndirməyə çalışır. Bu, bizim fikrimizcə, Çinin daha çox təsir göstərməyə və bəlkə də daha çox nəzarət etməyə çalışacağı ölkələrin siyahısıdır”, - deyə IRI Avrasiya proqramlarının direktoru Stiven Niks “Amerikanın səsi”nə müsahibəsində bildirib.
Hesabatda Pekinin Ermənistanda sovet ölkələri arasında ikinci ən böyük səfirliyini açdığı, İrəvanın isə “Vahid Çin” siyasətinə sadiqliyini ifadə etdiyi vurğulanır. Ermənistan və Çin arasında 2015-ci ildə qəbul edilmiş birgə bəyannamə ÇXR-in Ermənistana iqtisadi sərmayə qoymasını təşviq etsə də, yüksək nəqliyyat xərcləri, Ermənistanın Pekinin “Bir Kəmər, Bir Yol” (BRI) layihəsindən uzaqlığı və regional layihələrin olmaması da daxil olmaqla bir sıra amillərə görə onun həcmi aşağı səviyyədə qalıb.
“Bu gün Ermənistanın əsas problemlərindən biri iqtisadiyyatdır. Ermənistana açıq bazarlar və açıq sərhədlər lazımdır. O, ticarət həcmini artırmalıdır, ona görə də bir tərəfdən yaxşı haldır ki, Çin burada ticarət həcmini artırmağa çalışır, lakin biz hesab edirik ki, Ermənistana müxtəlif ticarət tərəfdaşları lazımdır”, - Niks hesab edir.
Hesabatda vurğulanır ki, bu əlverişsiz mühitə baxmayaraq, Çinin iqtisadi təsir kanalları açıq qalır və bu, siyasi təsirə yol açır.
“Ən böyük təhlükə Çin iqtisadi təsir əldə etdikdə olacaq. Bunu Avropa və Asiyada gördük. Onlar bu təsirdən ölkəyə daha çox siyasi nəzarət tətbiq etmək üçün istifadə edirlər. İnfrastruktur layihələri üçün ölkələrlə böyük kredit müqavilələri imzalayırlar və bu kreditlər defolt edildikdə, Çin magistralları, limanları və digər infrastrukturu ələ keçirərək, bu iqtisadi sızma nəticəsində siyasi nüfuz qazanır”, - deyə Niks qeyd edir.
Hesabata görə, Çin Cənubi Qafqaza Rusiyanın təsir dairəsi kimi baxır və “regional münaqişələrə qarışmaq istəmir”. Ermənistan da bu məsələdə istisna deyil və onu Pekin həm də Rusiyanın maraq dairəsi hesab edir, burada Çin Ermənistanla bağlı bütün əsas məsələlərdə Moskva ilə məsləhətləşir. Rusiyanın Ukraynadakı uğursuzluqlarını nəzərə alaraq, Stiven Niks Pekinin bu yanaşmaya sadiq qalacağına əmin deyil.
“Çin Ukraynadakı prosesləri çox diqqətlə izləyir, çünki Kremlin zəifləməsi digər oyunçular üçün boşluğu doldurmaq imkanı yaradır. Döyüş meydanındakı məğlubiyyətlər Rusiyanın təkcə Qafqazda deyil, məsələn, Mərkəzi Asiyada təsirinin azalmasına gətirib çıxara bilər”, - deyə Niks bildirib
Çin və Rusiya arasındakı əlaqələrdən danışan Stiven Niks onların ticarət və iqtisadi maraqlara əsaslandığını vurğulayır. Rusiya burada həmişə kiçik tərəfdaş rolunu oynayır. O, əmindir ki, əgər Moskva nə vaxtsa nüvə silahından istifadə yoluna getməyə qərar versə, təkcə ABŞ və NATO deyil, həm də Rusiyaya qarşı bu məsələdə Ukraynanın yanında yer alacaq Çin, Hindistan və digər bitərəf dövlətlər də hərəkətə keçəcək.
Sevinc Əliyeva
Ordu.az