Ukrayna tərəfindən Kerç körpüsündə həyata keçirilən hücum ilk növbədə Krımda yaşayan mülki əhalinin miqrasiyasına səbəb oldu. Bu miqrasiya Rusiya üçün əlavə xərclər, eləcə də Krımda məskunlaşan hərbi birləşmələr üçün maddi-texniki problemlər yaradacaq.
Rusiyanın Kerç körpüsünə hücuma Ukraynadakı şəhərlərin mühüm infrastruktur obyektlərini vuraraq cavab verməsi əslində Qərbə mühüm “kozır” verdi. Ukraynada insanların elektrik enerjisinin olmaması, fabriklərin vurulması kimi vəziyyətlər ölkəyə yardımı artıra bilər. Əslində bunun ABŞ-ın qısa orta mənzilli raketlər, xüsusən də hava hücumundan müdafiə sistemləri çatdırmasına səbəb olma ehtimalı yüksəkdir. Avropa və dünya rəyi Krımda körpünün vurulmasını hərbi logistikanı kəsmək üçün atılan addım kimi qiymətləndirsə də, Rusiyanın şəhərləri bombalaması mülki əhalini cəzalandırmaq və ya Qərbi təhdid etmək kimi qiymətləndirilir.
Müharibənin ilk günündən rus ordusunun çatışmazlıqları
Rusiya fevralın 24-də ilk əməliyyata başlayanda Kiyevdə administrasiyanı dəyişməyi və özünü dəstəkləyən yeni hökumət qurmağı planlaşdırmışdı. Lakin Belarus üzərində maddi-texniki təchizat problemi və əsgər çatışmazlığı cəbhənin kiçilməsinə səbəb oldu. Rusiya hərbi rəsmilərinin sözlərinə görə, Belarus prezidenti öz ordusuna tam nəzarət edə bilmədiyi üçün müharibəyə girməkdən tamamilə yayınır. Digər tərəfdən, Belarusda çevriliş qorxusu var.
Rusiyanın Ukrayna müharibəsində nizami ordu komandanlığında koordinasiyanın olmaması mühüm problemə çevrildi. Cəbhədə dörd müxtəlif bölmə işlədiyindən və bölmələr bir-birindən əmr almadığından komanda səviyyəsinin təsiri azalır. Çeçen qoşunları öz komandirləri ilə döyüşür. “Vaqner” muzdluları nizami ordudan əmr almırlar. Donetsk və Luqansk seperatçıları da öz “komandirləri”nin sərəncamındadır. Nizami ordu hissələrinin komandanlıq səviyyəsi digər birliklərlə uzlaşa bilmədiyi üçün Suriya və buna bənzər bölgələrdə böyük uğur qazanıb, hərbi bürokratiyada gücə malik olan komandirlər vəzifələrindən uzaqlaşdırılıb. Tez-tez işdən çıxarılma da komandirlər arasında münaqişələrə və təşəbbüskarlığa səbəb olur.
“Vaqner” və çeçen qüvvələrinin nizami orduya qarşı müqaviməti bir çox komandirlərin işdən çıxarılması ilə nəticələndi. Çeçenistan lideri Ramazan Kadırov və “Vaqner” komandirləri Ukraynada istədikləri komandirlərin xidmətə daxil olmasına nail olublar. Mətbuatda Rusiyanın müdafiə naziri Sergey Şoyquya qarşı uğursuzluqla bağlı ittihamlar yer alsa da, Şoyqunun vəzəifəsindən azad edilməsi Rusiyada bütün tarazlıqları sarsıda bilər. Təhlükəsizlik və hərbi bürokratiyadakı işdən çıxarılmalar buna tərəfdar olan, habelə hakimiyyət münaqişəsinə səbəb olan oliqarxlara da təsir edəcək.
Nüvə variantı
Rusiyanın Ukraynadakı cəbhələri ixtisar etməsi və quru müharibələrində uğursuzluğu son vaxtlar nüvə silahını yenidən gündəmə gətirib. Ancaq Rusiyanın tez-tez nüvə silahından istifadə etməsi Qərbdə deyil, rus xalqında diskomfort yaradır. Moskva, Sankt-Peterburq kimi böyük şəhərlərdə yaşayan insanlar mümkün nüvə müharibəsində hədəf alınacaqlarını düşündükləri üçün immiqrasiyaya hazırlaşırlar. Rusiya cəmiyyətində “Rusiya nüvə müharibəsində qalib gələ bilməz, çünki bir çox ölkələrə qarşı döyüşmək mümkün deyil” fikri möhkəm şəkildə formalaşıb. Bununla belə, rusların böyük əksəriyyətinin Ukraynadakı müharibəni dəstəklədiyini də nəzərdən qaçırmaq olmaz.
Nüvə müharibəsi gündəliyi əslində ABŞ və müttəfiqlərinə üstünlük verir. Bu həm də Rusiyaya qarşı neytral olan ölkələrin ABŞ-ın tərəfinə keçməsini təmin edir. Digər tərəfdən, İranın nüvə gücünə çatacağı təqdirdə eyni vəziyyətin yarana biləcəyi İsrailin tezislərini əsaslı edir.
Qərbin iqtisadi sanksiyalarının Rusiyaya təsir etməməsi arqumenti rus cəmiyyətində öz əksini tapmır. Çünki ərzaq qiymətlərinin qalxması ruslara dərindən təsir edir. Rusiyanın Avropa qaz bazarındakı payı təxminən 10 faizə düşüb. Rusiya büdcəsinin əhəmiyyətli hissəsini mədən yanacaqlarından alır. Çin potensial alıcı kimi görünsə də, həm ucuz satış, həm də Çinin bu vəziyyətdən istifadə etmək siyasəti Rusiyanı narahat edir. Bu müharibə uzun müddət davam edərsə, Rusiya cəmiyyətində immiqrasiya və iğtişaşların artacağını gözləmək olar. Bu qış Avropada çətin keçəcək, Rusiyada da çətin olacaq və qışdan ən az zərərlə çıxa bilən bu müharibədə üstünlük qazanacaq.
Rusiyanın növbəti strategiyası
Rusiyanın Ukrayna ilə masa arxasında razılaşmaya əvvəlkindən daha yaxın olacağını deyə bilərik. Çünki həm hərbi ehtiyatların olmaması, həm də peşəkar hərbçi çatışmazlığı Rusiyanı qışda danışıqlara məcbur edəcək. Krımda körpüyə hücum “Krıma hücum etmək olmaz” fikrini əsassız etdi. Payız dövründə ABŞ və digər müttəfiqlərin yeni silahlarının köməyi ilə Krımda körpüyə yeni hücumlar adi hala çevriləcək. Rusiyanın Ukrayna şəhərlərinə hücumu bir növ “Qərb üçün hədə-qorxu” kimi qiymətləndirilə bilər. Çünki Rusiya “Şimal axını” qaz kəmərlərinə edilən hücumlara cavab vermədi. Cavab verilməsi NATO ilə müharibəyə səbəb ola bilər, ona görə mübarizə hələlik söz səviyyəsindədir.
Rusiyanın Kiyev və digər şəhərlərə hücumlarında İran PUA-larından istifadə etməsi bir növ Rusiyanın İranla eyni “səbət”ə salınmasına səbəb olur. İsrailin bu vəziyyətə çox neytral qalması çətin olacaq. ABŞ-ın İsrailə təzyiqi ilə Ukraynaya yeni silahlar verməsini gözləmək olar. Krım körpüsünə qarşı Kiyev və digər şəhərlərin bombalanması da Rusiya ictimaiyyətinə mesaj sayıla bilər. Çünki ruslar öz dövlətlərinin zəif görünməsini istəmirlər. Rus cəmiyyəti və cəbhədəki əsgərlər bu cavabdan bir qədər razı görünürlər.
Ruslar onu da bilirlər ki, Ukraynanın müharibədə qalib gəlməsi və ya üstünlüyünü təmin etməsi üçün Krım və Melitopoldan keçən logistika xəttini kəsməlidir. Rusiyanın reaksiyasının bu qədər sərt olmasının əsas səbəblərindən biri Krım xəttinin müharibənin gedişatını dəyişdirməsidir. Bundan əlavə, Kerç körpüsü Rusiya prezidenti Vladimir Putin üçün reputasiya məsələsinə çevrilib. Rusiya Belarus vasitəsilə yenidən cəbhə açmaqla Ukraynada vəziyyəti “yaxşılaşdırmaq” istəsə də, Polşa və Baltikyanı ölkələrin müharibə elan etmək ehtimalından qorxur. Rusiya Belarus vasitəsilə yeni cəbhə açsa, bu, Kiyevdə rejimin dəyişdirilməsi üçün həlledici prosesin başlanğıcı olacaq.
Kerç körpüsünə hücum Ukraynanın Krımdan əl çəkmədiyini, ABŞ və onun bəzi müttəfiqlərinin müharibəni Krıma aparmağa hazır olduğunu göstərir. Krım körpüsünə hücumlar davam edərsə, Rusiya hədələdiyi kimi nüvə silahından istifadə etməsə, böyük daxili tənqidlə üzləşəcək. Nüvə silahından istifadə etsə belə, Rusiyanın parçalanması ilə nəticələnəcək cavabın olacağı ilə bağlı narahatlıqlar var. Amma rusların gözlənilməzliyi və keçmişdə “olmaz” deyilən işləri görmələri Qərb dövlətlərini narahat etməlidir.
Ruslar yanacağı istədikləri qiymətə Çin və Hindistana sata bilməsələr və güclü iqtisadi böhranla qarşılaşsalar, Baltikyanı regionda müharibə ehtimalı da artacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan Ermənistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələr müharibəyə cəlb olunmamaq üçün təşkilatdan çıxmaq və ya təşkilatın qaydalarını yenidən müəyyən etmək niyyətlərini bildirirlər, çünki onlar Ukraynadakı müharibə üzərindən Baltikyanı region və ya NATO ilə müharibəyə sürüklənə bilərlər. Ukraynadakı müharibə bu ölkələri Türk Dövlətləri Təşkilatına və ya Çinə yaxınlaşdırır.
Kerç körpüsünə hücum Ukraynada müharibənin dönüş nöqtəsi ola bilər. Rusiya üçün Krımdan gələn logistika artıq tam təhlükəsiz deyil. Bundan sonra Rusiya əsas logistikanı Berdyansk üzərindən gəmi ilə və ya Rostovdan M4 şossesi ilə yerinə yetirməli olacaq. Rusiya körpüdəki hücumlara hərbi hədəfləri deyil, şəhərləri və mülki hədəfləri vurmaqla cavab verərsə, bu, həm də dünya ictimai rəyində özünə tərəfdar tapmağı çətinləşdirəcək.
Beləliklə, Rusiya birqütblü dünya düzəninə qarşı təkbaşına mübarizə apararsa, uzunmüddətli perspektivdə yaxşı nəticə əldə etməyə bilər.
Asif Cəfərov
Ordu.az