Türkiyə ordusuna ilin sonunadək ilk “Super Muşşak” təlim təyyarəsi təhvil veriləcək

2022/10/Super-1666262003.jpg
Oxunub: 494     16:43     21 Oktyabr 2022    
Türkiyə Hərbi Hava Qüvvələrində ilkin uçuş hazırlığını həyata keçirən 123-cü Palaz eskadrilyasının istifadə etdiyi SF-260 təyyarəsi “Super Muşşak” təyyarəsi ilə əvəz olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

Nəşr bildirir ki, Pakistan tərəfindən Türkiyəyə ilk MFI-395 “Super Muşşak” təlim təyyarəsinin bu ilin sonuna qədər tamamlanması gözlənilir.

Ümumilikdə 52 MFI-395 “Super Muşşak” təlim təyyarəsinin daxil olduğu müqavilə 10 may 2017-ci il tarixində IDEF-2017 sərgisində imzalanıb.

Təyyarənin tədarüklərinin 2020-ci ilin sonunda başlayacağı gözlənildiyi halda, müxtəlif texniki problemlərə görə ilk tədarük 2022-ci ilin sonuna qədər təxirə salınıb. Pakistanın Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verəcəyi ilk “Muşşak” təlim təyyarəsi Ankarada sınaq fəaliyyətinə başlayıb. Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən qiymətləndiriləcək təyyarə uyğun olduğu halda inventarlaşdırılacaq.

Qeyd edək ki, İtaliyanın “SIAI-Marchetti” şirkətinin istehsalı olan SF-260D təyyarəsi 1990-cı ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan T-34 “Mentor” təyyarələrinin dəyişdirilməsi üçün nəzərdə tutulub. Ümumilikdə 6 təyyarə İtaliyada istehsal edildiyi halda, qalan 36 təyyarə TUSAŞ obyektlərində istehsal edilərək Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.

İsveçin “Saab” şirkətinin “MFI-15 Safari” təyyarəsi ilk uçuşunu 1971-ci ildə həyata keçirib. Mülki uçuş məktəbləri tərəfindən istifadə üçün istehsal edilən bu təyyarənin MFI-17 adlı hərbi versiyası da bazara çıxarılıb. Danimarka və Norveç Hərbi Hava Qüvvələrinin üstünlük verdiyi MFI-17 təyyarəsini Pakistan da 1980-ci illərdə sifariş edib.

Pakistan 1995-ci ildə MFI-17 “Muşşak” təyyarəsinin daha təkmil versiyası olan MFI-395 “Super Muşşak”ın ilk istehsalına başlayıb. Hal-hazırda Azərbaycan, İran, Nigeriya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı bu təyyarələrdən istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Pakistan   Super-Muşşak  


Bizi "telegram"da izləyin