“Nüvə Armageddonu”, Putinlə “naməlum şəxs” arasında kəskin mübahisə və Ərdoğanla yeni görüş

2022/10/4-1665500018.jpg
Oxunub: 752     17:59     11 Oktyabr 2022    
Zelenskinin Rusiyaya qarşı Qərbə silsilə nəsihətləri

Ötən həftədən etibarən Ukrayna prezidenti böyük ruh yüksəkliyi dalğasına yönəlmiş bir sıra nəsihətlər səsləndirir. O, Qərbi Rusiyanın bütün beynəlxalq strukturlarda üzvlüyünü dondurmağa çağırır. Zelenski bu barədə keçən həftə Avropa Siyasi Birliyinin birinci sammitində çıxışı zamanı danışıb. Məqsədi Avropanı Rusiya və Belarussuz birləşdirmək olan toplantı iştirakçılarına müraciət edən Zelenski səkkiz aydır Rusiyanın təhrik etdiyi müharibə ilə üzləşən Ukraynaya təhlükəsizlik zəmanəti verməyə çağırıb. Avropa İttifaqının xarici işlər naziri Cozef Borrel görüş ərəfəsində deyib: “Biz Rusiyasız yeni dünya nizamı yaradırıq”.

Eyni zamanda, Zelenski Ukrayna ordusunun oktyabrın 1-dən etibarən Xerson vilayətində 500 kvadrat kilometrdən çox ərazini və onlarla yaşayış məntəqəsini azad etdiyini bildirib: “Rusların təşkil etdiyi saxta referendumlardan sonra həmin ərazilərdə vəziyyəti sabitləşdirdik”. Sonra o əlavə edib ki, Ukrayna qüvvələri ölkənin şərqində uğurlu əməliyyatlar keçirib.

Zelenski Zaporojye atom elektrik stansiyasından da danışaraq, onun işləmədiyi təqdirdə ölkədə fəsadların artacağını qeyd edib. “Digər problem elektrik enerjisidir. Hazırda bizim Avropa İttifaqı ölkələrinə verə biləcəyimiz elektrik enerjisi artıqlığı yoxdur. Bu, həm də Avropa İttifaqı dövlətləri üçün itkidir, çünki onlar etibarlı elektrik təchizatı mənbəyindən məhrumdurlar”, - deyə Zelenski bildirib.

Zelenskinin Putinə əzici cavabı. Kuril silsiləsinin cənub adaları, Yaponiya əraziləri

Qərbdən gətirilən silahlardan ruhlanan bu nəsihət və çağırışlarla Zelenski fərman imzalayıb və bu sənədə əsasən Ukrayna Kuril silsiləsinin cənub adalarını - İturup, Kunaşir, Şikotan və Habomayı Yaponiya əraziləri kimi tanıyıb. Ali Rada prezidentin qərarını səs çoxluğu ilə təsdiqləyib. Zelenski beynəlxalq ictimaiyyəti ondan nümunə götürməyə çağıraraq, “Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərin azad edilməsinin yalnız zaman məsələsi olduğuna” əminliyini ifadə edib.

Xatırladaq ki, Cənubi Kuril adaları İturup, Kunaşir, Şikotan və Habomai İkinci Dünya Müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçib. Yaponiya bu ərazilərin SSRİ-yə birləşdirilməsini qeyri-qanuni hesab edir, Rusiyanın fikrincə, bu ərazilər onun ərazisinin ayrılmaz hissəsidir. Buna baxmayaraq, iki ölkə sülh müqaviləsinin bağlanması məsələsi üzrə dialoqu rəsmən dayandırmayıb.

Bayden “Armageddon” təhlükəsindən danışır

Ukraynanın arxasında dayanan ABŞ prezidenti ötən həftə sensasion bəyanatla çıxış edib ki, bu da Zelenskinin o qədər də xoşuna gəlməyə bilər.

ABŞ prezidenti Co Bayden nüvə “Armageddon” təhlükəsinin 1962-ci ildə Kuba raket böhranından bəri ən yüksək səviyyədə olduğunu açıqlayıb. Baydenin şərhləri Rusiya rəsmilərinin taktiki nüvə silahlarından istifadə oluna biləcəyi ilə bağlı iddiaları fonunda səslənir. Bayden deyib ki, Rusiya prezidenti Vladimir Putin onun “yaxşı tanıdığı” bir şəxsdir və Rusiya lideri “taktiki nüvə silahlarından, bioloji və ya kimyəvi silahlardan istifadə haqqında danışarkən zarafat etmir”. “Bayden açıq şəkildə bildirdi ki, Putinin təhdidləri realdır, “çünki onun silahlı qüvvələri, deyə bilərik ki, onun gözlədiyi qədər effektiv deyil”.

Almaniya Ukraynaya “İRİS-T” hava hücumundan müdafiə sistemi verir

Almaniyanın müdafiə naziri Kristin Lambrext isə ötən günlərdə Ukraynaya müasir “İRİS-T” hava hücumundan müdafiə sistemi və Yunanıstan və Slovakiyadan 100 tankın çatdırılması barədə məlumat verib. O, Litvaya səfəri zamanı hökumətin planlarından danışıb. Almaniya Müdafiə Nazirliyinin rəhbəri yeni briqadanın yaradılmasını da açıqlayıb və qeyd edib ki, lazım gələrsə, tez bir zamanda Litvaya köçürülə bilər. “Biz ciddi dövrlərdə yaşayırıq və belə vaxtlarda müdafiədə hansı boşluqların olduğunu bilmək də vacibdir. Hava hücumundan müdafiə tədbirləri görülməli olan sahələrdən biridir”, - Lambrext alman hərbçiləri ilə görüşü zamanı bildirib.

Krım körpüsündə partlayış olub, Kiyev bombalanır

Rusiyanın nəzarəti altında olan Krım yarımadasındakı Kerç körpüsündə partlayış baş verib. Körpüdən keçən yük qatarı alovlanaraq yolu qismən dağıdıb. Yanğın 3 saatdan sonra tamamilə söndürülüb. Rusiya tərəfi “yük qatarının partlaması nəticəsində” ölənlərin olduğu barədə məlumat verib. Putin rəsmi olaraq hadisəyə görə Ukraynanı ittiham edib.

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak tvitində Kiyevin partlayışda iştirakını dolayısı ilə təsdiqləyib və körpüdəki partlayışı “başlanğıc” adlandırıb.

Xatırladaq ki, Rusiya Krımı birləşdirən körpüsü 3 il əvvəl istifadəyə verib. Müharibə zamanı Rusiya tərəfi ondan Ukraynaya qoşun, hərbi texnika və yanacaq daşımaq üçün istifadə edirdi.

Buna cavab olaraq Rusiya Ukraynanın Kiyev və digər şəhərlərinə kütləvi raket zərbələri endirib. Onlarla şəxsin həlak olduğu zərbələrdən sonra Rusiyanın hərəkətləri Qərb tərəfindən pislənilib və Urkaynaya daha çox dəstək vəd edilib.

Putinin yaxın çevrələrindən biri onunla qızğın mübahisə edib?

Bu yaxınlarda Amerikanın dövri nəşri diqqətəlayiq məlumat yayıb. “The Washington Post” yazır ki, Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən olan, adı açıqlanmayan şəxs onunla qızğın mübahisə edib və birbaşa Ukraynadakı ordunun səhvlərini və uğursuzluqlarının səbəblərini göstərib. Qəzetin yazdığına görə, Amerika kəşfiyyat orqanları hadisə barədə prezident Co Baydenə məlumat verib. Putinlə gərgin söhbətində həmin şəxs ordu rəislərinin qüsurlu işindən və generalların “xüsusi hərbi əməliyyat” zamanı yol verdiyi səhvlərdən narahat olduğunu bildirib. Putinin çevrəsindəki bir çox şəxslər Rusiya ordusunun Ukraynada çox sayda itki verməsindən narahatdır. “The Washington Post”un qeyd etdiyi kimi, keçmişdə Putinlə açıq-aşkar fikir ayrılığı halları barədə məlumat verilməyib.

Bu münasibətlə Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, “Amerika kəşfiyyatının Putinin ətrafının ona meydan oxuması ilə bağlı verdiyi xəbərin reallıqla heç bir əlaqəsi yoxdur”.

Putin və Ərdoğan görüşə bilər

Türkiyə tərəfi ötən günlərdə bildirib ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin yaxın günlərdə görüş keçirə bilərlər. “Bu gün cənab Putinin ad günüdür, telefonla danışdıq, onu təbrik etdim. Mövcud vəziyyəti də müzakirə etdik. Əgər cənab Putin Asiya danışıqlarında iştirak etsə, biz orada görüşə, ikitərəfli məsələləri və Ukrayna mövzusunu müzakirə edə bilərik. Həmin görüş 3-4 günə baş tuta bilər”, - deyə Ərdoğan bildirib.

Putinlə Ərdoğan sonuncu dəfə sentyabrın 16-da Səmərqənddə (Özbəkistan) toplanan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

Ukraynada “Baykar” şirkətinin fabrikinin tikintisi

Keçən ay Ukrayna Prezidenti Zelenski “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar ilə görüşüb, onlar Ukraynada Baykar fabrikinin tikintisinin təfərrüatlarını müzakirə ediblər, Zelenski görüşdən sonra sosial şəbəkədə paylaşım edib. Mətbuat xidməti xəbər verir ki, görüşdə Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə Ukraynanın şirkətlə gələcək əməkdaşlığı müzakirə olunub.

Zelenskinin mətbuat xidməti həmçinin bildirib ki, prezident Bayraktarı birinci dərəcəli “Şərəf” ordeni ilə təltif edib. Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar avqustun əvvəlində bəyan etmişdi ki, “Baykar” şirkəti Ukraynada “Bayraktar” tipli PUA zavodu tikmək niyyətindədir. Onun sözlərinə görə, Baykar artıq Ukraynada şirkət qurub və tikinti üçün torpaq sahəsi alıb.

Xatırladaq ki, iyulun 18-də “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar CNN televiziyasının müxbirinə demişdi ki, o, suverenlik və müstəqillik uğrunda mübarizə aparan Ukraynanı dəstəkləyir və bu PUA-ların Rusiyaya satışına heç vaxt icazə verməyəcək. Ukrayna ordusu 2021-ci ildən Türkiyə istehsalı olan “Bayraktar” alır. Bu silah Moskvanı bezdirib və bununla bağlı Türkiyə Ukraynaya PUA satışı ilə bağlı məlumatların dərcini dayandırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Baykar  


Bizi "telegram"da izləyin