Ordu.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin deyib.
“Biz sülhü təmin edəcək, zorakılığın, güc tətbiqinin, eskalasiyanın qarşısını alacaq, regionun təhlükəsiz və dinc inkişafı üçün zəmin yaradacaq bütün addımları, bütün prosesləri dəstəkləyirik”, - deyə səfir bildirib.
O bildirib ki, KTMT-nin baş katibi Stanislav Zas Ermənistana səfəri çərçivəsində baş nazir Nikol Paşinyanla görüşüb.
Səfirin sözlərinə görə, Zas KTMT-nin birgə qərargahının katibliyinin üzv dövlətlərin başçılarının müzakirəsi üçün formalaşdırmaq niyyətində olduğu məqamlar barədə məlumat verib.
“Düşünürəm ki, söhbət təşkilatın regionda mövcudluğunu və rolunu praktiki olaraq nümayiş etdirməli olan konkret addımlardan gedir”, - deyə Kopirkin əlavə edib.
O, Ermənistan-Azərbaycan sərhədinə səfəri barədə də danışıb.
“Sərhədin problemli hissələrində olmağımız eskalasiyanın qarşısını alır. Bizim sülhməramlılarımız, sərhədçilərimiz hər iki tərəflə təmasdadır. Bu, eskalasiyanın qarşısını alır. Onlar işləyirlər və bu, həm də sabitliyin qorunması və vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün mühüm amildir”, - deyə Rusiya səfiri vurğulayıb.
O xatırladıb ki, siyasi dialoq həm ikitərəfli, həm də üçtərəfli qaydada davam edir. “Ən yüksək səviyyədə sıx təmas var. Görülənlərin çoxu məlumdur. 2020-2021-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmalara əsaslanan məlum mexanizmlər fəaliyyətdədir. Problemlərə və çağırışlara baxmayaraq, biz bu formatlara böyük əhəmiyyət veririk”, - Kopirkin vurğulayıb.
Rus diplomat deyib ki, Rusiya Cənubi Qafqaz regionunun qonşusudur, ona görə də Rusiyanın regiona arxa çevirməsi və ya Rusiyanın Ermənistana arxa çevirməsi ilə bağlı deyilənlər fərziyyədən başqa bir şey deyil: “Mən bunu rəsmi və qəti şəkildə bəyan edirəm”.
Onun sözlərinə görə, Rusiya üçün bu bölgənin dinc, regional və beynəlxalq iqtisadi proseslərə töhfə verəcək bölgə olması çox vacibdir: “Bu, Rusiya üçün çox vacibdir və həyati əhəmiyyət kəsb edir”.
Ermənistan baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetinin məqaləsinə gəlincə, səfir xatırladıb ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müəyyən şərh verib. “Mən buna nə əlavə edə bilərəm?”, - Kopirkin ritorik şəkildə soruşub.
Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məqaləni cəfəngiyyat adlandırıb.
Alpər Mövludoğlu
Ordu.az