Təşəbbüsün müəllifləri ABŞ və Albaniya idi. Sənəd “qondarma qeyri-qanuni referendumlar”ın təşkilini tənqid etmək və onların heç bir hüquqi qüvvəyə malik olmadığını vurğulamaq, habelə Rusiya Federasiyasını qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırmaq məqsədi daşıyırdı.
Rusiyadan başqa heç bir ölkə sənədin əleyhinə səs verməyib. 10 ölkə layihəni dəstəklədiyini bildirib, daha dördü, o cümlədən Çin bitərəf qalıb.
Qərb ölkələri və Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsini nəinki tanımır, bu “referendumların” güc və təhdidlərin təsiri altında baş verdiyini bildirirlər. ABŞ prezidenti Co Bayden bəyan edib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın suveren ərazisini ilhaq etmək üçün “məkrli cəhdini” pisləyir.
Ermənistan hazırda ciddi problemlə üz-üzədir. Əgər əvvəllər bitərəf səslə hər hansı tərəfi “incitməmək” mümkün idisə, indi mümkün olmaya bilər. Ermənistan bütün dünyadan onun ərazi bütövlüyünə hörmət etməyi tələb edirsə, indi Ukraynanın ərazi bütövlüyünü necə tanımasın? Bəlkə də Donetsk və Luqansk məsələsində kəskin mövqedən yayınmaq mümkün idi, lakin ekspertlərin fikrincə, məsələ Xerson və Zaporojye vilayətlərinə gedəndə, artıq BMT Baş Assambleyasında bunu etmək mümkün olmayacaq.
Erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, Donetsk, Luqansk, Zaporojye və Xersondakı saxta siyasi aksiyanı tanımaq absurddur.
“Ermənistan bu addımı qəti şəkildə pisləməli və beynəlxalq ictimaiyyətin yanında olmalıdır, bunu ilhaq cəhdi və beynəlxalq münasibətlərin prinsiplərinin təhrifi hesab etməlidir”, - deyə o bildirib.
Qukasyanın sözlərinə görə, bu, Ermənistanın deyil, Ermənistan hökumətinin məsələsidir.
“Bu hökumət belə bir məsələdə düzgün və qərəzsiz siyasi mövqeyə sahib olmaq üçün Rusiya Federasiyasının rəhbərliyindən nə dərəcədə asılıdır? Düzünü desəm, Nikol Paşinyanın belə imkanlara malik olmasına şübhə edirəm. Məncə, o, Rusiya rəhbərliyinin “komanda üzvüdür”. Nikol Paşinyanın Rusiya prezidenti Putinlə imzaladığı müttəfiqlik bəyannaməsində Ermənistanın NATO-nu Ukrayna böhranına görə cavabdeh tərəf kimi tanıması və NATO-nun genişlənməsini pislədiyi bəndlər var”, - deyə ekspert bildirib.
Erməni politoloq Robert Gevondyan bildirib ki, hazırda qətnamənin yekun formasının hansı olacağı bəlli deyil: “Əgər həmin mətndə referendumlar pislənirsə, aydındır ki, Ermənistan da ona qoşulmalıdır və burada neytral mövqe işləyə bilməz. Əgər Rusiyanın işğalçı kimi tanınması ilə bağlı müddəa varsa və buna bənzər qərarlar varsa, Ermənistan bundan çəkinməlidir, çünki Rusiya hələ də kağız üzərində bizim müttəfiqimizdir”.
Alpər Mövludoğlu
Ordu.az