“1in.am”: Ermənistan XİN-in açıqlaması ilə Azərbaycanın razılaşması ağlabatan deyil

2022/08/1660213581.jpg
Oxunub: 608     17:01     05 Oktyabr 2022    
Oktyabrın 2-də Cenevrədə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündən sonra İrəvanın açıqlmasında çox diqqət çəkən məqamlardan biri aşağıdakı paraqrafla bağlı olub: “Tərəflər Xankəndi (söhbət separatçılardan gedir – red.) və Bakı arasında müzakirə mexanizminin yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar”.

“1in.am” nəşri yazır ki, Azərbaycanın mövqeyi məlum olduğu halda, Ararat Mirzoyan və Ceyhun Bayramovun bu barədə nə danışdığı maraqlıdır.

“Azərbaycan düşünür ki, Dağlıq Qarabağ yoxdur və Qarabağda yaşayan ermənilər, sadəcə olaraq, bütün digər xalqlar kimi, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar”, - deyə nəşr bildirir.

Məqalədə deyilir ki, Cenevrə görüşündən sonra Qarabağdakı separatçılar rəsmi Bakı ilə danışıqlar aparmağa hazır olduqlarını deyiblər.

“Təsəvvür etmək çətindir ki, Bakı açıq şəkildə belə bir proseslə razılaşa bilər. Eyni zamanda, hazırda bunun üçün Azərbaycana beynəlxalq təzyiqlərin ola biləcəyinə dair heç bir işarə yoxdur. Bütün bunlarla yanaşı, Ermənistan tərəfinin Bakının məntiqi ilə təmas variantını qəbul edə biləcəyini təsəvvür etmək də çox çətindir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin bütün miqyasında olduğu kimi, kifayət qədər qeyri-müəyyən və çətin vəziyyət mövcuddur. Digər tərəfdən, məsələnin başqa bir halı var: Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova bir neçə gün əvvəl Rusiyanın Qarabağ məsələsində vasitəçi olmadığını, münaqişənin “uzun tarixinin bir hissəsi” olduğunu bildirib. Münaqişənin uzun tarixinin “bir hissəsi” olan Rusiya hazırda Qarabağda sülhməramlı-hərbi varlığa malikdir”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin