Milli Qəhrəman Əliyar Əliyev Qubadlıda məzarı başında anılıb

2022/10/633ae-1664805897.jpg
Oxunub: 470     17:35     03 Oktyabr 2022    
Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin şəhid olmasından 30 il keçir.

Ordu.az xəbər verir ki, Milli Qəhrəmanın anım günü ilə bağlı onun doğulduğu Qubadlı rayonunun Qazyan kəndində tədbir keçirilib.

Qeyd edək ki, Qubadlı taborunun komandiri Əliyar Əliyev 1992-ci il oktyabrın 3-də Laçın şəhərinin 2 km-liyində yerləşən “Tikanlı zəmi” yüksəkliyi uğrunda gedən döyüşlərdə sürücüsü Əlisadət Ağayevlə birlikdə şəhid olub. Doğulduğu Qubadlı rayonunun Qazyan kəndində dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qubadlı rayonu 2020-ci ildə Vətən müharibəsində işğaldan azad edildikdən sonra Milli Qəhrəman Əliyar Əliyevin və Əlisadət Ağayevin məzarı bərpa olunub.

Bu gün tələbələri və döyüş yoldaşları Milli Qəhrəmanı məzarı başında anıblar. Əliyar Əliyevin məzarını ziyarət edənlər arasında Qazyan kənd məktəbində müəllim, "Məhsul" Kənd Könüllü İdman Cəmiyyəti rayon şöbəsinin məşqçisi vəzifəsində çalışarkən tələbəsi olmuş general-mayor Mayis Bərxudarov da olub.

Mərasimdə bildirilib ki, Əliyar Əliyev və onun kimi digər şəhidlərin qanı yerdə qalmayıb, tələbələri, döyüş yoldaşları onun və Birinci Qarabağ müharibəsində şəhid olmuş igidlərin qisasını düşməndən alıb, torpaqlarımızı işğaldan azad edib.

Əliyar Əliyevin döyüş yoldaşları bildirib ki, bu gün onlar üçün həyatlarının ən əlamətdar günlərindən biridir. Onlara Qubadlıda şəhid olmuş döyüş yoldaşlarının məzarını 30 ildən sonra ziyarət etmək nəsib olub.

Əliyar Əliyevin silahdaşları Milli Qəhrəman haqqında xatirələrini bölüşüblər.

Bildirilib ki, Əliyar Əliyev öz tələbələri, döyüşçü yoldaşları ilə birgə Qubadlının müdafiəsini təşkil edib.

Xocalı hadisəsindən bir müddət sonra əməliyyat planı hazırlanıb, Gorus və Şurnuxu əməliyyatı keçirilib. Gorus əməliyyatı zamanı düşmənə vurulan ağır zərbədən sonra Ermənistanda 3 günlük matəm elan olunub.

Şurnuxu əməliyyatı zamanı isə Qafan-Gorus yolu nəzarətə götürülüb, ermənilərin Şurnuxu kəndində yerləşən hərbi bazası darmadağın edilib, “Daşnaksutyun”un bu kənddə yerləşən taboru zərərsizləşdirilib, tabor komandiri və aktiv döyüşçülər məhv edilib, onların meyitləri bir qrup azərbaycanlı əsirlə dəyişdirilib.

Qeyd olunub ki, bu gün Əliyarın ruhu şaddır, qanı yerdə qalmayıb, tələbələri, döyüş yoldaşları bu gün onun məzarını ziyarət edirlər.

Ziyarətçilər Əliyar Əliyevin və Əlisadət Ağayevin məzarı önünə əklil qoyub, qəbri üstünə güllər düzüblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qubadlı   Əliyar-Əliyev  


Bizi "telegram"da izləyin