Azərbaycan icması Torontoda piket keçirib

2022/10/19df9-1664799969.jpg
Oxunub: 1016     16:27     03 Oktyabr 2022    
Kanadanın Toronto şəhərində yaşayan Azərbaycan icması Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə piket keçirib.

Bu barərə Ordu.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Aksiya “Vətən” Mədəniyyət və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə şəhərin izdihamlı Mel Lastman meydanında baş tutub.

Azərbaycan, Türkiyə və İsrail bayraqlarının dalğalandırıldığı piketdə dost xalqların nümayəndələri, o cümlədən yəhudi və türk icmalarının üzvləri də iştirak ediblər.

Aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, qeyri-qanuni silahlı birləşmələrini Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatları Azərbaycana təqdim et!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Aksiyada çıxış edən soydaşlarımız şəhər sakinlərinə “Azərbaycan dayanıqlı sülh istəyir” tələbinin əks olunduğu bukletlər paylayıblar. Bukletlərdə Azərbaycanın tarixi torpaqlarında Ermənistanın apardığı işğalçılıq siyasəti haqqında məlumat verilib.

Aksiya zamanı Toronto şəhərinin mərkəzi küçələrində Azərbaycan həqiqətlərinin əks olunduğu LED ekranlı avtomobil hərəkət edib. Ekranda “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan minaları = müharibə cinayətləri!”, “Azərbaycan torpaqlarında erməni əsgərlərinə YOX!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!”, “Ermənistanın minaları mülki vətəndaşları öldürür”, “Ermənistan, sülh müqaviləsini imzala!” şüarları və bu mövzuları əhatə edən təsvirlər nümayiş etdirilib.

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kanada   Ermənistan  


Bizi "telegram"da izləyin