Britaniya səfiri Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini yüksək dəyərləndirib

2022/10/633a8-1664780664.jpg
Oxunub: 289     11:04     03 Oktyabr 2022    
Fevralın 24-dən etibarən Böyük Britaniya Ukraynaya təxminən 4 milyard funt-sterlinq dəyərində hərbi, humanitar və iqtisadi dəstək göstərib, həmçinin təhlükəsizlik üçün Britaniyaya üz tutan ukraynalılara 186 000-dən çox viza verilib.

Ordu.az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould deyib.

Rusiyanın Ukraynaya hücumunu suveren və demokratik ölkəyə qarşı “əsassız, əvvəlcədən düşünülmüş hücum” kimi xarakterizə edən britaniyalı diplomat ölkəsinin bu çətin zamanda Ukrayna xalqının yanında olduğunu vurğulayıb. O bildirib ki, Böyük Britaniya Ukraynaya əlindən gələn köməyi edir və eyni zamanda, işğala qarşı beynəlxalq reaksiyanın güclənməsi istiqamətində işlər görüb.

“Əminəm ki, azərbaycanlılar da ukraynalı dostları kimi, suverenliyin və müstəqilliyin əhəmiyyətini dərk edirlər. Azərbaycan tarix boyu öz müstəqilliyi uğrunda mübarizə aparmalı olub. Mən Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə verdiyi əvəzsiz dəstəyi və göstərdiyi humanitar yardımları yüksək dəyərləndirirəm”, - diplomat əlavə edib.

Rusiyanın ötən həftə qismən səfərbərlik elan etdiyini və Ukraynanın suveren əraziləri ilə bağlı “referendumlar” təşkil etdiyini xatırladan diplomat bütün bunları Rusiyanın işğalının uğursuzluğu ilə əlaqələndirib: “Referendumlar Ukrayna torpaqlarını ələ keçirməyə hesablanmış açıq-aşkar saxtakarlıqdır. Biz heç zaman Rusiyanın Ukraynanın suveren ərazisini işğal etmək cəhdinin nəticələrini tanımayacağıq. Müttəfiqlərimizlə birlikdə Rusiyanı bədəl ödəməyə məcbur edirik və bu ölkənin təcavüzünə qlobal müqavimətin gücünü nümayiş etdiririk”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin