Ukraynanın Müdafiə Sənayesi və Uzun Müharibə Perspektivi – ANALİZ

2022/11/1669619725.jpg
Oxunub: 428     11:16     28 Noyabr 2022    
Altı aydan çox davam edən müharibədən sonra Rusiya və Ukrayna indi uzunmüddətli hərbi əməliyyatlara hazırlaşır və bu, hər bir tərəfi öz hərbi təchizatı üçün uzunmüddətli həll yolları tapmağa məcbur edir. Qərbin hərbi və maliyyə yardımı olmasa, Ukrayna nə ordusunu təmin edə, nə də döyüşü davam etdirə bilərdi. Qərb Ukraynanı müharibədə qalib gəlmək üçün lazım olan müddət ərzində avadanlıqla təmin edəcəyinə söz versə də, Kiyev hər hansı siyasət dəyişikliyi və ya çatdırılmada gecikmələrin qarşısını almaq üçün mümkün qədər çox avadanlıq almaq istəyir.

Kiyev öz müdafiə sənayesindən hansı töhfələri gözləyə bilər? Ukrayna sovet dövründən çoxsaylı müdafiə müəssisələrini miras alıb. Bəs bunlar müharibə vaxtı Ukraynanın ehtiyac duyduğu texnikanın bir hissəsini istehsal edə bilərmi?

Ukrayna Silahlı Qüvvələrinin aprelin əvvəlində Ukrayna sənayesi tərəfindən hazırlanmış və istehsal edilmiş raketdən istifadə edərək Rusiyanın flaqmanı “Moskva”nı məhv etməsi hələ istifadə olunmamış potensialdan xəbər verir. Bu yaxınlarda “Bayraktar TB2” PUA-larının istehsalçısı olan Baykarın Ukraynada fabrik açmaq niyyətində olduğu barədə açıqlama da Ukraynanın hərbi sənaye imkanları ilə bağlı nikbinliyi gücləndirib.

Ukrayna müdafiə sənayesi hərbi texnikanı təmir etmək qabiliyyəti ilə artıq mühüm funksiyanı yerinə yetirir. Ölkənin hərbi təchizatında marjinal töhfə olsa da, Ukraynanın müdafiə sənayesi genişlənməyi bacararsa, əhəmiyyətli təsir göstərə bilər. O, bunun üçün bir çox maneələri dəf etməli olacaq. Heç bir Ukrayna ərazisi Rusiyanın zərbələrindən qorunmayıb və belə bir strateji istehsal xətlərinin yaradılması hazırkı şəraitdə çox çətindir. Hər şeydən əvvəl, Ukrayna hərbi sənaye kompleksi illərlə davam edən az maliyyələşmə və istehsal problemlərindən sonra bu müharibəyə çox pis vəziyyətdə daxil olub.

Ukrayna Müdafiə Sənayesinin Tənəzzülü

Ümumi səhv Rusiyanın Sovet İttifaqının yeganə varisi olmadığını unutmaqdır. Sovet İttifaqının süqutunda Ukrayna həm tədqiqat, təkmilləşdirmə, sınaq və quraşdırma işlərinin, həm də keçmiş Sovet hərbi istehsalının fabriklərinin təxminən 15 faizinə ev sahibliyi edirdi. Bu, 700 xüsusi zavod və təxminən 500 000 nəfərdən ibarət işçi qüvvəsi təşkil edərək, müdafiə sənayesini ölkənin ən böyük işəgötürənlərindən birinə çevirdi.

Bu müəssisələrin bəziləri Sovet ordusu üçün ən strateji müəssisələrdən biri idi. Qara dəniz sahilində yerləşən Nikolayev gəmiqayırma zavodları donanma üçün xüsusilə vacib idi. Bu ərazilər aviadaşıyıcıları yerləşdirməyi bacaran yeganə dəniz sahili idi. Bu, Moskva üçün ağır itki idi, çünki o, sonradan qışda donan şimal limanlarında unikal aviadaşıyıcıları saxlamağa məcbur oldu.

Ukrayna aerokosmik sənayedə də bir çox aktivləri miras aldı. Dneprdə yerləşən Pivdenne Sovet qitələrarası raket istehsalının ürəyi idi, Zaporojyedə yerləşən “Motor Siç” Sovet təyyarələrini mühərrikləri və qaz turbinləri ilə təchiz edirdi. Şübhəsiz ki, müharibənin ilk günlərində məhv edilmiş bütün zamanların ən böyük təyyarəsi olan “Mriya” A-225-in gerisində duran şirkət “Antonov” idi. Bundan əlavə, Xarkovdakı “Malyuşev” fabriki keçmiş Sovet İttifaqının ən böyük zireh istehsalı mərkəzi idi.

Lakin 1991-ci ildə əldə edilənlər əhəmiyyətli olsa da, Ukraynanın müdafiə sektoru müstəqillik əldə etdikdən sonra böyük iqtisadi çətinliklərlə üzləşdi. Moskvanın böyük dövlət olaraq qalmaq ambisiyasından fərqli olaraq, Ukrayna tez bir zamanda neytrallığı seçdi. Təhlükəsizliyə heç bir təhdid hiss etmədiyinə görə, Ukrayna Silahlı Qüvvələrinin texnika əldə etməyə ciddi ehtiyacı yox idi və bunun üçün büdcə də ayrılmamışdı. Nəticədə Ukrayna ixraca bel bağladı və yerli istehsalçılardan az şey aldı. Üstəlik, maliyyə çatışmazlığı digər, daha yaxşı maaşlı sənayelər tərəfindən cəlb edilən ölkənin təhsilli mühəndislərini ölkədən sıxışdırıb çıxardı.

2014-cü ilin xəbərdarlığı

2014-cü ildə Krımın ilhaqı və Donbasda münaqişənin başlanması Ukrayna ordusunu yenidən silahlanmaya və bu prosesdə yerli şirkətlərə sifariş verməyə məcbur edən həyəcan siqnalı oldu. İxrac kəskin şəkildə azaldı, məsələn, əvvəlcə Anqola və Tailandın sifariş etdiyi T-64 və BTR-3 zirehli texnikaları üzərində iş getdi.

Lakin bu qəfil sifariş dalğası Ukrayna sənayesinin 2014-cü ilə qədər həyati əlaqələri olan Rusiyada yerləşən tərəfdaşlarını itirməsi ilə çətin vəziyyətə düşdü. Ticarətin tamamilə pozulması bu istehsalçılar üçün birdən-birə yeni təchizatçılar tapmaq məcburiyyəti yaratdı və problemlərə səbəb oldu. Çox vaxt tərəfdaş tapılmadı. Məsələn, “Antonov” 2016-cı ildən bəri bir dənə də təyyarə istehsal etməyib.

Ukrayna sənayesinin ümumi uğursuzluğuna əlavə olaraq, fevral ayından etibarən Rusiyanın hücumu daha çox ziyan dəyməsinə səbəb olub. Təəccüblü deyil ki, Ukraynanın istehsal sahələri Rusiyanın zərbələri üçün əsas hədəfdir. Artıq may ayına qədər Kiyev və Nikolayevdəki əsas obyektlər, eləcə də Xarkovdakı nəhəng “Malışev” tank zavodu dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu yaxınlarda Zaporojyedəki “Motor Siç” zavodu vuruldu.

Məhdud Gözləntilər

Ukrayna müdafiə sənayesindən irəlidə nə gözləmək olar? Kiyevdəki “Luç” Dizayn Bürosu tərəfindən hazırlanmış “Neptun” adlı keçmiş sovet texnologiyasının yeni versiyası hazırda Ukrayna ordusu tərəfindən istifadə olunur və Ukrayna hərbçiləri bu“yer-dəniz” tipli raketdən istifadə etməklə Rusiyanın Qara dənizdə “Moskva” kreyserini batırıb. Nisbətən uğurlu olan azsaylı Ukrayna istehsalçılarından biri olan “Luç”, həmçinin müharibə zamanı müntəzəm olaraq istifadə edilən hava-yer tipli “Stuqna” raketini də hazırlayır. Buna baxmayaraq, yüksək texnologiyalı silahların satın alınması ümumilikdə çox məhdud olaraq qalır. 2021-ci ildə “Luç”un baş direktoru Oleq Korostelev bəyan edib ki, onun şirkəti ən azı 2000 ədəd raket tələb edən Ukrayna Silahlı Qüvvələrini yalnız “600 və ya 800” “Neptun” raketi ilə təmin edə bilib.

Lakin yüksək texnologiyalı silahlar müdafiə sənayesinin vacib olduğu yeganə sahə deyil. Ukrayna ordusu müasir formalar, atıcı silahlar və əsgər avadanlıqları ilə yaxşı təmin olunub və bunların çoxu yerlidir. Zirehli maşın sahəsində də uğurlar var, istifadə olunan kifayət qədər sayda BTR-3/BTR-4 var. Yerli sənayenin töhfəsini daha ətraflı bilmək çətindir, ukraynalılar onların hava zərbələrinə məruz qaldığını görmək qorxusundan hazırda istehsal imkanları barədə danışmırlar.

Bu qorxu həm də gələcəkdə Ukraynada “Bayraktar “PUA-larının istehsalı üçün fabrikin açılacağı ilə bağlı elanı şübhə altına alır. Ukrayna prezidenti Zelenski türk şirkətinin gəlişini və onun Ukrayna istehsalçıları ilə birgə istehsalını təsdiqləyib. İstehsal müəssisəsi üçün ərazinin artıq alındığı bildirilir, lakin onun yeri məlum deyil. Digər tərəfdən, Ukraynanın PUA şirkəti olan “UkrSpecSystems” istehsalı qonşu Polşaya köçürmək planlarını açıqlayıb. Bu xəbəri nəzərə alsaq, türk istehsalçısının Ukraynada yeni obyektə sərmayə qoymasını təsəvvür etmək çətindir.

Baxım ehtiyacı

Ukraynanın silah almaqda üzləşdiyi çətinlikləri nəzərə alsaq, onun qismən yerli istehsala güvənməkdən başqa yolu yoxdur. Ukraynalı PUA istehsalçısının baş icraçı direktoru Vladislav Belbas “Ukrinform”a vəziyyəti belə izah edib: “Kredit icarəsini gözləmədən Ukrayna yerli istehsalçılara sifariş verməyə borcludur. Kredit icarəsinin Ukrayna müdafiə sənayesi üçün mənfi nəticələri olacaqmı? Bəli, olacaq, amma burada əsas söz “Ukraynalı”dır. Çünki kredit icarəsi olmasa, Ukraynanın müdafiə sənayesi də olmayacaq. İdxal təchizat imkanları ilə yerli istehsal imkanları arasında sağlam tarazlıq olmalıdır”.

Ukraynanın maliyyə vəziyyətini nəzərə alsaq, Kiyevin yerli istehsalçılarını sifarişlərlə həddən artıq yükləyəcəyinə ümid azdır. Digər tərəfdən, avadanlıqları təmir edə bilən istehsal xətlərinin saxlanılması daha əldə edilə bilən məqsəd kimi görünür. Ukraynada əhəmiyyətli zirehli texnikanın yenidən qurulması imkanları var, buna görə də bu, onların zədələnmiş/ələ keçirilmiş zirehli maşınları təkrar emal etmək qabiliyyətini izah edə bilər. Bu cəhəti Vladislav Belbas da vurğulayır: “Yerli sənaye kənarda durub bu prosesi izləməməlidir, çünki yerli istehsalçılar olmasa, bizə verilən avadanlıqların heç biri operativ şəkildə təmir olunmayacaq. Məsələn, Amerika haubitsasını təmir üçün ABŞ-a apara bilmərik”.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeriy Zalujnı nadir ictimai çıxışlarının birində bu narahatlığı təkrarlayıb: “Ukrayna müvafiq silah sistemlərini tərəfdaşlardan almağı yalnız keçid dövrü üçün həll yolu hesab edə bilər. Rusiyanın tammiqyaslı hücumunun ilk günlərindən Ukrayna tərəfi yüksək texnoloji silah sistemlərinin istehsalı üçün öz dizayn və istehsal imkanlarının bərpası və yaradılması kimi kəskin problemlə üzləşib”. O əlavə edib ki, Ukraynanın bu məqsədlə göstərdiyi milli səylər tərəfdaş ölkələrlə beynəlxalq hərbi-texniki əməkdaşlıq üçün qeyri-məhdud imkanlar açır.

Çətinliklərə baxmayaraq, Ukraynanın müdafiə sənayesi hələ də müharibədə həlledici rol oynaya bilər. Yaxın gələcəkdə Qərbin silah tədarükü ən böyük təsirə malik olacaq, lakin Ukrayna öz sənayesini həm Rusiyanın zərbələrindən qorumaqla, həm də kifayət qədər maliyyə ilə təmin etməklə xilas edə bilsə, bu, dəyərli töhfə verə bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Müdafiə-sənayesi  


Bizi "telegram"da izləyin