Ermənistanın Hindistandan sifariş etdiyi “Pinaka”lar haqqında hər şey - ARAŞDIRMA

2022/09/1664541079.jpg
Oxunub: 2542     17:23     30 Sentyabr 2022    
Hindistan Ermənistanla raket, mərmi və sursat tədarükünü əhatə edən böyük həcmli müqavilə imzalayıb. Məlumata görə, Ermənistan Hindistandan raket sistemləri və tank əleyhinə silahlar alacaq. Bu, Hindistanın Ermənistana ilk silah ixracı deyil. 2020-ci ildə Hindistan Ermənistana 4 ədəd “Swathi” radarı tədarük edib.

Hindistanın yeni silah müqaviləsi çərçivəsində Ermənisana tədarük edəcəyi silah sistemlərindən biri "Pinaka" Yaylım Atəşli Reaktiv Sistemləridir (YARS).

Ordu.az "Pinaka" YARS-larının inkişaf tarixi, taktiki-texniki xüsusiyyətləri və digər məlumatları oxucuların diqqətinə çatdırır.

“Pinaka” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən Hindistan Ordusu üçün hazırlanmış Yaylım Atəşli Reaktiv Sistemdir (YARS). Sistemin “Mark-I” konfiqurasiyası maksimum 40 km və təkmilləşdirilmiş “Mark-II” konfiqurasiyası maksimum 60 km mənzilə malikdir. Sistem 44 saniyəyə 12 raket ata bilir.

Mobilliyin təmin edilməsi üçün sistem “Tatra” yük maşınına quraşdırılıb. “Pinaka” Kargil müharibəsi (1999-cu ilin may və iyun ayları arasında Hindistanla Pakistan arasında baş verib) zamanı istifadə edilib. YARS dağ zirvələrində rəqib mövqelərini zərərsizləşdirmək üçün nəzərdə tutulub.

2014-cü ildən etibarən sistem üçün hər il 5000-ə yaxın raket istehsal olunur. YARS-ın təkmil variantı isə təkmilləşdirilmiş uçuş məsafəsi və dəqiqliyə malikdir. 2019-cu ildən etibarən sistemin təkmilləşdirilmiş idarə olunan raket versiyası 90 km-dən çox uçuş məsafəsi ilə sınaqdan keçirilib.

Hindistan Ordusu Rusiyanın BM-21 “Qrad” YARS-larından aktiv istifadə edirdi. 1981-ci ildə Hindistan Ordusunun uzun mənzilli artilleriya sisteminə ehtiyacına cavab olaraq, Hindistan Müdafiə Nazirliyi iki layihənin icra edilməsinə icazə verdi. Bir müddət sonra sistem üçün Baş Qərargahın Keyfiyyət Tələblərini (GSQR) tərtib edildi. Sistem nəticədə “Qrad”ları əvəz edəcəkdi.

Layihə 1986-cı ilin dekabrında 26,47 milyon rupi büdcə ilə başladı. Sistemlərin hazırlanması 1992-ci ilin dekabrında başa çatdırılmalı idi. Sistemin inkişafına Punada yerləşən DRDO-nun “Armament Research and Development Establishment” (ARDE) laboratoriyası rəhbərlik edib.

Tək mənbədən asılılığı azaltmaq və bazarda rəqabəti artırmaq üçün DRDO-dan texnologiya transferi müqaviləsi əsasında tamamilə Hindistanın “Solar Industries” şirkəti tərəfindən istehsal edilmiş “Pinaka”nın ən son inkişaf sınaqları 19 avqust 2020-ci ildə Poxran silsiləsində Hindistan ordusu tərəfindən uğurla həyata keçirilib. 4 Noyabr 2020-ci il tarixində Çandipurdan “Pinaka”nın mənzili uzadılmış versiyası üçün 6 raket uğurla sınaqdan keçirilib. Yeni versiyalar “Mark I” konfiqurasiyasında olan raket sistemlərini əvəz edəcək. Bu dəfə DRDO köhnə nəsil “Mark I” ilə müqayisədə raketlərin ölçüsünü azaldıb.

24 iyun 2021-ci ildə DRDO simulyasiyanın bir hissəsi olaraq sürətli ardıcıl rejimdə 45 km məsafədə 25 ədəd “Pinaka” raketinin “Mk I Enhanced” variantını uğurla atəşə tutub. 25 iyun 2021-ci ildə DRDO Hindistan Ordusunda köhnə BM-21 “Qrad” raketlərini əvəz etmək üçün hazırlanmış 40 km mənzilli 122 mm çaplı raketi uğurla sınaqdan keçirib.

11 dekabr 2021-ci ildə Poxran silsiləsində iki fərqli variant eyni vaxtda sınaqdan keçirilib. Birincisi, “Solar Industries” tərəfindən 45 km məsafəyə malik “Pinaka”nın “Mark 1 Enhanced” konfiqurasiyası üçün hazırlanıb. İkincisi “Yantra India Limited” (YIL) tərəfindən istehsal edilən “Pinaka Area Denial Munition” (ADM) adlandırılırdı.

İnkişaf testlərinin bir hissəsi olaraq “Pinaka Mark 1 Enhanced” və “Pinaka ADM” ardıcıllıq və dəqiqlik üçün 9 aprel 2022-ci ildə Poxrandakı Ordu Sınaq Poliqonundan buraxılıb. İstifadəçi sınaqları 24 avqust 2022-ci ildə aparılıb.

“Pinaka” tam Yaylım Atəşli Reaktiv Sistemdir (YARS). Sistemin hər bir batereyası aşağıdakılardan ibarətdir:

Hər birində 12 raket olan 6 buraxılış qurğusu
6 ədəd yükləmə-doldurma maşını
3 doldurma maşını
Atəşə Nəzarət kompüteri
DIGICORA MET radarı olan iki komanda-qərargah maşını


Altı raket buraxılış qurğusu sahəsi 1000 m × 800 m olan ərazini zərərsizləşdirə bilər. Beləliklə, bir batereyada 72 raket olur. Bu raketlər 44 saniyə ərzində 1 kvadrat kilometr ərazini sıradan çıxara bilir. Hər buraxılış qurğusu fərqli istiqamətə atəş edə bilər. Sistem bütün raketləri bir və ya bir neçə dəfə atmaq üçün çevikliyə malikdir. Bu, atəşə nəzarət kompüteri ilə mümkün olur. Batareyada altı buraxılış qurğusunun hamısını birləşdirən komanda-qərargah maşını var. Hər bir buraxılış qurğusunda müharibə zamanı digər beş maşından ayrıldığı halda avtonom işləməyə imkan verən fərdi kompüter var.

Sistem daxilində hava şəraiti haqqında məlumat verəcək meteoroloji radarı daşımaq üçün bir avtomobil var.

İş rejimləri:

Buraxılış qurğuları aşağıdakı rejimlərdə işləyə bilər:

Avtonom rejim: Buraxılış tamamilə atəşə nəzarət kompüteri tərəfindən idarə olunur. Buraxılış qurğusundakı mikroprosessor atəşə nəzarət kompüterindən alınan əmrləri avtomatik olaraq yerinə yetirir, operatora displeylərdə və göstəricilərdə sistemin vəziyyəti barədə məlumat verir.

Müstəqil rejim: Bu rejimdə buraxılış qurğusu atəşə nəzarət kompüterinin operatoru ilə əlaqələndirilmir və konsoldakı operator buraxılış sisteminin işə salınması və atəş parametrlərinin seçilməsi üçün bütün əmrləri daxil edir.

Uzaqdan idarəetmə rejimi: Bu rejimdə kabinədən kənarda təqribən 200 m məsafəyə daşınan uzaqdan idarəetmə qurğusu buraxılış qurğusunu işə sala bilir.

Manual rejim: Sistemin quraşdırılması və atəş də daxil olmaqla bütün buraxılış əməliyyatları əl ilə idarə olunur. Bu rejim mikroprosessorun sıradan çıxdığı və ya mikroprosessor əsaslı operatorun konsolunu işə salmaq üçün gücün olmadığı hallarda nəzərdə tutulur.

“Pinaka” “Kargil” münaqişəsində sınaqdan keçirilib. O vaxtdan bəri Hindistan Ordusunun silahlanmasına daxil edilib və seriya istehsalı sifariş edilib. “Pinaka”nın digər sistemlərdən daha ucuz olduğu bildirilir. 2.4 milyon dollar dəyərində olan ABŞ istehsalı M270 sistemləri ilə müqayisədə “Pinaka”nın bir sistemi 290 min dollar başa gəlir.

Əsas xüsusiyyətlər:

Təkmilləşdirilmiş döyüş performansı üçün ən müasir texnologiyalardan istifadə edilib
Buraxılış və atış qabiliyyəti üçün optimallaşdırılmış ümumi əməliyyat müddəti var
Buraxılış zamanı yaranan qalxanlara əlavə olaraq ekipajın qorunması üçün kabin təzyiqi mövcuddur.
Mikroprosessor əsaslı tam avtomatik yerləşdirmə və atəşə nəzarət konsolu var.
Sürücü və ekipaj üçün gecəgörmə cihazları ilə təchiz edilib.
Qoşun konsentrasiyalarının, “B” vasitələrinin və digər bu kimi yüngül hədəflərin zərərsizləşdirilməsi/dağıdılması həyata keçirilir.
Düşmənin raket mövqeələrinin zərərsizləşdirilməsi mümkündür.
Qısa müddətdə piyada və tank əleyhinə minaların döşənməsi üçün istifadə edilə bilər.


“Pinaka” layihəsi DRDO və onun tərəfdaşları tərəfindən hazırlanıb. DRDO ümumi dizayn və inkişafa cavabdeh olsa da, onun tərəfdaşları mühüm alt sistemlərin və komponentlərin hazırlanmasında mühüm rol oynayıblar. Bunlara “Tata Power SED”, “Larsen & Toubro”, “Solar Industries”, “Munitions India Limited” və “Yantra India Limited” şirkətləri daxildir.

Hindistan ordusunda ilk “Pinaka” alayı 2000-ci ilin fevralında yaradılıb. Hər bir alay hər biri altı “Pinaka”dan ibarət üç batareyadan və ehtiyat vasitələrdən ibarətdir. 29 mart 2006-cı ildə Hindistan Ordusu “Tata Power SED” və “Larsen & Toubro” şirkətləri ilə hər biri 40 “Pinaka” YARS-ı istehsal etmək üçün 25 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.

Hal-hazırda, Hindistan ordusunda 7 “Pinaka” alayı mövcuddur. Hər bir alayın 18 buraxılış qurğusu var. Əlavə 3 alay sifariş edilib. Hindistan Ordusu 2022-ci ilə qədər cəmi 16 alaya sahib olmağı və köhnə “Qrad”lardan ibarət alayları istismardan çıxarmaq üçün 6 il ərzində bunu 22-yə çatdırmağı planlaşdırır.

“Mark II” konfiqurasiyasının inkişafı

“Pinaka” YARS-larının “Mark II” konfiqurasiyası “Armament Research and Development Estabment” (ARDE) müəssisəsi tərəfindən hazırlanır. “Mark II”nin “Guided Pinaka” adlı başqa bir variantı naviqasiya, idarəetmə dəsti ilə təchiz olunub və raketin məsafəsini və dəqiqliyini xeyli artırıb. Raketin mənzilinin bütün məsafələrdə 60 km-75 km arasında olduğu təxmin edilir.

Sistem 2013-cü ilin yanvarında və 20 dekabr 2013-cü ildə Çandipur Test Poliqonunda uğurla sınaqdan keçirilib. 20-23 may 2016-cı il tarixləri arasında “Mark II” dörd raketi sınaq poliqonundan uğurla atılıb. Genişləndirilmiş diapazonlu versiya 19 dekabr 2019-cu ildə 90 km-ə qədər məsafə üçün sınaqdan keçirilib.

“Solar Industries” tərəfindən istehsal edilən “Pinaka Mark 2” 8 dekabr 2021-ci ildə bir sıra sınaqlarını tamamlayıb və bundan sonra istifadəçi sınağına gedəcək. “Yantra India Limited” (YIL) isə “Pinaka Mark 2”nin prototipini inkişaf etdirir.

Gələcək Planlar

“Pinaka” a təkmilləşmə prosesindədir. İsrailin “Israel Military Industries” şirkəti raketin dəqiqliyini artırmaq üçün DRDO ilə əməkdaşlıq edir. Sistem sınaqdan keçirilib və yaxşı nəticələr əldə olunub. Raketlərin dəqiqliyini artırmaq üçün GPS istifadə oluna bilər. Bu sistem üçün DRDO tərəfindən mikrostripli antenna hazırlanıb.

“Pinaka” daha böyük bir sistemə çevrilməsə də, yerli müəssisə və şirkətlər onun uğuru və proqramdan əldə etdiyi təcrübəni nəzərə alaraq “Smerç” raket sisteminə bənzər sistem hazırlamaq istəyirlər. “Pinaka” üçün 120 km məsafəyə çata bilən və 250 kq faydalı yük daşıya bilən 7,2 metrlik raket hazırlanacaq. Bu yeni raketlər 44 saniyədə atıla bilər, maksimal sürəti 4,7 max olacaq. PUA-ların “Pinaka” ilə inteqrasiyası da araşdırılır. DRDO sistemin dəqiqliyini artırmaq üçün bu raketlərə istiqamətləndirmə sistemləri quraşdırmaq niyyətindədir.

Raket sisteminin Taktiki-Texniki Xüsusiyyətləri:

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Ermənistan  


Bizi "telegram"da izləyin