Pekin istehsalı PUA-lar Çin sərhədində işlənmir? – Bayraktardan mühüm açıqlama

2022/07/1658207800.jpg
Oxunub: 753     14:11     01 Oktyabr 2022    
Zərbə tipli Pilotsuz Uçuş Aparatları (PUA) gələcək bütün müharibələrdə, o cümlədən Tayvan boğazında potensial müharibədə həlledici rol oynayacaq.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin zərbə PUA-ları istehsal edən ən böyük şirkətinin rəhbəri “Nikkei Asia” nəşrinə müsahibəsində bildirib.

Müsahibədə zərbə tipli PUA-ların Çin və Tayvan arasındakı potensial münaqişədə rol oynaya biləcəyi sualına “Baykar” şirkətinin icraçı direktoru Haluk Bayraktar belə cavab verib: “İndi PUA-lar olmadan müharibə aparmaqdan söhbət gedə bilməz və PUA-nın gücündən istifadə etməyənlər gələcək münaqişələrdə uduzan tərəfdə olacaq”.

“Baykar” şirkətinin “Bayraktar TB2” PUA-ları Ermənistan-Azərbaycan müharibəsində və Ukrayna müharibəsində effektivliyini sübut edib. PUA Ukrayna silahlı qüvvələrinə Rusiyanın paytaxt Kiyevə doğru irəliləyişinin qarşısını almağa imkan verib. Hər iki müharibədə PUA-ların Rusiya tanklarına, maşınlarına və raketdən müdafiə sistemlərinə zərbə endirdiyi video görüntülər “YouTube”da geniş şəkildə paylaşılıb.

Türkiyənin ən böyük aviasiya, aerokosmik və texnologiya sərgisi olan “Teknofest” çərçivəsində çıxış edən Bayraktar PUA-ların dənizdə də təsirli olduğunu, Qara dənizdə uğurlu missiyalar həyata keçirdiyini bildirib. “Ukrayna Hərbi Dəniz Qüvvələrində xidmət edən TB2 Rusiya hərbi-dəniz qüvvələrinin sürətlə gedən bir neçə obyektini məhv edib. Başqa heç bir silah bu cür dəqiq zərbə ilə onları vura bilməz”, - deyə o qeyd edib.

Bayraktar qeyd edir ki, əslində PUA-lar quruya nisbətən dənizdə hədəf tapmaqda daha təsirli olur, çünki daha çox kontrast var. O, yalnız su və cisimdən ibarət olan bir mühitdə PUA-nın hədəfi görməsinin daha asan olduğunu izah edir.

Bayraktar hazırda “Baykar”ın müasir “Akıncı” PUA-larına gəmi əleyhinə qanadlı raketlərin quraşdırılması prosesində olduğunu bildirib.

O, şirkətinin PUA satışı ilə bağlı Tayvanla heç bir əlaqəsinin olmadığını bildirib. Lakin o, Çinin “qlobal PUA istehsalçısı” olduğunu və Pekinin PUA-lardan aqressiv istifadəsinə dair xəbərlər eşitdiklərini bildirib.

“PUA texnologiyaları indi və gələcəkdə bütün müharibələr üçün mütləq olmalıdır. Onlar mütləqdir və onlardan istifadə etməyənlər uduzan tərəfdə olacaqlar”, - deyə o bildirib.

Aprel ayında Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan “Moskva” raket kreyserinin batmasında Türkiyə istehsalı olan PUA-ların rol oynadığı güman edilir. “Moskva” iki Ukrayna istehsalı “Neptun” raketi ilə vurulub, lakin yüksək vəzifədə olan ukraynalı məmur həmin ay “Nikkei”yə “müxtəlif avadanlıqlar”dan yardım aldıqlarını bildirib.

Hücumun təfərrüatları açıqlanmasa da, analitiklər deyirlər ki, TB2 onun üzərində uçaraq “Moskva”nın müdafiəsini yayındırıb və ya kreyserin dəqiq yerini müəyyən etmək üçün istifadə edilib və ona qarşı dəqiq zərbələr endirib.

Bayraktar məlumatları təsdiq etməkdən boyun qaçırsa da, gülümsəyərək əlavə edib: “Mətbuatda belə oxuyuruq”.

TB2 PUA-ları həmçinin İlan adası yaxınlığındakı rus patrul qayıqlarını, desant gəmilərini və yedək gəmilərini uğurla hədəfə alaraq rusların ərazidə əsas dayaq yaratmasına mane olub.

Bayraktar şəxsən müsahibələrində Rusiyaya heç vaxt PUA satmayacağını bəyan edib, şirkət Ukraynanı dəstəkləməkdə əzmkar olub. “Baykar” Polşa və Litva kimi ölkələrdə təşkil edilən beynəlxalq kraudfandinq səylərinə cavab olaraq bir neçə PUA-nı Ukraynaya hədiyyə edib.

Baş direktor “Baykar”ın indiyə qədər 23 ölkə ilə PUA üçün ixrac müqaviləsi imzaladığını bildirib. Bunlara Asiyanın dörd ölkəsi daxildir, bu ölkələrin Azərbaycan, Türkmənistan, Pakistan və Qırğızıstan olduğu məlumdur. O, “Baykar” şirkətinin ən çox PUA satdığını və şirkətin PUA-larının hazırda dünyanın ən çox satılan məhsulu olduğunu bildirib. O, şirkətin müştəri siyahısının bütün Çin istehsalçılarının ixrac etdiyi ölkələrin sayını üstələdiyini qeyd edib.

Müxtəlif məlumatlara görə, “Wing Loong” və “Rainbow CH” kimi Çin istehsalı zərbə PUA-larının müxtəlif variantları Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Türkmənistan və Efiopiya kimi ölkələrə ixrac edilib.

Ən qabaqcıl PUA texnologiyasına sahib olan ABŞ istehsalı zərbə PUA-ları Böyük Britaniya, Fransa, İtaliya və İspaniya da daxil olmaqla yalnız bir neçə ölkəyə ixrac edilib.

“Baykar”ın sürətli böyüməsi bütün dünyada hərbi müşahidəçilərin diqqətini çəkib. Onun Qətərlə ilk PUA ixracı müqaviləsi 2018-ci ildə imzalanıb. Şirkət həmçinin daha təkmil “Akıncı” PUA-larının Azərbaycan və Pakistan da daxil olmaqla dörd ölkəyə satışına çox yaxındır.

Baş direktor bildirib ki, şirkət hazırda TB2 üçün təxminən 10, “Akıncı” üçün isə beş-altı ölkə ilə danışıqlar aparır.

“Baykar”ın Pakistanın rəqibi Hindistana PUA satmağı düşünüb-düşünmədiyi sualına Bayraktar mənfi cavab verib: “Şirkət prinsipi olaraq biz münaqişədə olan hər iki tərəfə silah satmağın əleyhinəyik. Bizim prioritetimiz strateji əlaqələrimiz olan qardaş ölkələrlə, dostlarla, müttəfiqlərlə, NATO üzvləri ilə öz imkanlarımızı bölüşməkdir. Azərbaycan, Pakistan, Ukrayna kimi ölkələr bizim prioritetimizdir”.

Türk PUA-larının keyfiyyətinin bir əlaməti daha əvvəl başqa istehsalçılardan PUA alan ölkələrin onları əvəz etmək üçün Türkiyəyə üz tutmasıdır.

Bayraktar bildirib ki, şirkətinin bir neçə müştərisi əvvəllər Çindən zərbə PUA-ları alıb, lakin TB2 PUA-ları silahlanmaya qəbul edildikdən sonra onları “istismardan çıxarıb”.

“Ağıllı sursatlarımız daha yüksək dəqiqlikli zərbə imkanlarına, yüksək hündürlüklərdən atəş açmaq qabiliyyətinə, uçuş və eniş daxil olmaqla daha yaxşı avtonom uçuş performansına, həmçinin yüksək çevikliyə malik şəbəkə daxilində istifadəyə malikdir”, - deyə o qeyd edib.

Bayraktar Çin PUA-ları alan bir ölkənin rəsmisindən platformanın Çin sərhədinə yaxınlaşdıqda əks istiqamətə döndüyünü eşitdiyini açıqlayıb. Sözügedən rəsmi PUA-ların Çin hava məkanına yaxınlaşmasının qarşısını alan proqram təminatı ilə təchiz olunduğundan şübhələndiklərini ifadə edib.

“Bu cür gizli məhdudiyyətlər, əgər doğrudursa, tamamilə qəbuledilməzdir”, - deyə o qeyd edib.

Ekspertlər Türkmənistanın Çindən alınan zərbə PUA-larından məmnun olmadığını və nəticədə TB2-ləri aldığını bildirir: “Efiopiya da İran zərbə PUA-larından razı qalmayıb və sonradan Çindən PUA aldılar. Lakin nəticədə TB2 ilə kifayətləndilər”.

Müdafiə analitikləri qeyd edib ki, Pakistanın TB2 alması çoxlu sayda Çin istehsalı PUA-ların satın alınmasından sonra baş verib. Pakistanın Çin PUA-larından narazı olduğu barədə məlumat yoxdur. Amma şübhəsiz ki, PUA-lar yaxşı olsaydı, Türkiyədən oxşar sistemlər alınmazdı.

Bayraktar şirkətin bu il gəlirinin 98%-nin ilk dəfə olaraq “bir milyard dollardan çox” olan ixracatdan əldə ediləcəyini bildirib.

TEKNOFEST-də “Baykar” özünün yeni nəsil pilotsuz döyüş təyyarəsinin prototipini təqdim edib. Bayraktar qısa uçuş və eniş qabiliyyətinin bütün dünyada donanmalar üçün getdikcə daha vacib olacağını bildirib: “Dəniz müharibəsi bir tendensiya olaraq bütün dünyada daha çox əhəmiyyət kəsb edir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Bayraktar  


Bizi "telegram"da izləyin