Cənubi Qafqaz hələ də davamlı sülh və sabitlikdən uzaqdır – Ermənistan son addımlarını atır

2022/09/1664440430.jpg
Oxunub: 1048     12:48     29 Sentyabr 2022    
Sentyabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında irimiqyaslı təxribatlar törətdiyini açıqlayıb. Qısa müddətdən sonra iki tərəf arasında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra ən şiddətli döyüşlər başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 80 hərbçi şəhid olub, 282 nəfər yaralanıb. Ermənistan tərəfdən, ölkənin Təhlükəsizlik Şurasının məlumatına görə, 207 hərbçi ölüb və ya itkin düşüb, 293 nəfər yaralanıb, 20 nəfər əsir götürülüb.

Son zorakılıq hadisələri Ermənistan və Azərbaycan liderlərinin avqustun 31-də Brüsseldə keçirilən sonuncu sammitində razılaşdıqları sülh müqaviləsi təşəbbüsünü ciddi şəkildə çətinləşdirib.

Həmin vaxt Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın üçtərəfli sammiti keçirilib. Zirvə görüşü üç liderin mayın 22-də keçirilmiş əvvəlki sammitində təklif olunan vaxt çərçivəsində təşkil edilib və bu, çoxsaylı məsələlər, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası kimi məsələlər üzrə “nəzərəçarpacaq irəliləyişlə” sülh danışıqlarında sıçrayış olub. Son görüşün ictimaiyyətə məlum olan ən mühüm nəticəsi, 2021-ci ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən dördüncü belə sammitin Ermənistan və Azərbaycan arasında bir sıra sülh müqaviləsi təşəbbüslərinə aid olmasıdır.

Sammitdən sonra mətbuata açıqlamasında Mişel bəyan edib: “Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzərində irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq”. Mişelin sözlərinə görə, müqavilənin layihəsinin mətni üzərində işləmək üçün hər iki ölkənin xarici işlər nazirləri 2022-ci ilin sentyabrında görüşməyə razılaşıblar və bundan sonra noyabrda növbəti sammit keçiriləcək.

Sammitdən dərhal sonra həm İlham Əliyev, həm də Paşinyan yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması perspektivlərindən müsbət danışdılar.

“Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib”, - deyə İlham Əliyev İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib. Oxşar mənada, hökumətyönlü erməni nəşri Paşinyanın parlamentarilərlə qapalı görüşündə onun ölkəsinin 2022-ci ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib.

Azərbaycan 2020-ci ildə Qarabağ müharibəsindən sonra Ermənistana sülh müqaviləsi təklif edib. 2021-ci il martın əvvəlində Azərbaycan vasitəçilər vasitəsilə Ermənistanla münasibətlərin normallaşdırılması üçün fundamental prinsipləri özündə əks etdirən, ən əsası isə bir-birinin ərazi bötüvlyünün qarşılıqlı tanınmasını ehtiva edən təklif təqdim edib

Qeyd edək ki, Paşinyan hökuməti bu təklifləri qəbul edib, lakin əlavə edib ki, bu təkliflər onların ikitərəfli münasibətlərindəki bütün aktual məsələləri əhatə etmir. İrəvan cavabında vurğulayıb ki, sülh gündəliyinə Qarabağda yaşayan ermənilərin “statusunun aydınlaşdırılması” da daxil edilməlidir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın son bəyanatına görə, “Azərbaycanın təklif etdiyi beş müddəa ilə bağlı erməni tərəfinin mövqeyi dəyişməz olaraq qalır”.

Bu, sülh müqaviləsi danışıqlarında çaşqınlıq yaradıb, çünki Bakı İrəvanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasını və Qarabağ ermənilərinin Azərbaycan Respublikasının vətəndaşı olmasını gözləyir. İlham Əliyev avqustun 13-də Azərbaycan televiziyasına müsahibəsində hökumətinin mövqeyini bir daha təsdiqləyərək bildirib ki, populizmdən çıxış edərək Qarabağda ermənilərə hansısa status və ya müstəqillik verilməsindən danışanlar “erməni xalqının əsas düşmənləridir”: “Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə”.

Bu problemin mümkün həlli yolu sülh danışıqlarının birinci mərhələsində hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və Qarabağdakı ermənilərin hüquqları və müdafiəsi ilə bağlı məsələlərin sonrakı mərhələlərə buraxılması ola bilər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2022-ci il iyulun sonunda Ermənistan KİV-nə müsahibəsində bu ehtimala işarə edib. “Qarabağ məsələsini Ermənistan-Azərbaycan münasibətlərindən ayırmaq ideyası var. Biz indi bu variantı fəal şəkildə müzakirə etməli və necə davam edəcəyimizə qərar verməliyik”, - deyə o bildirib və əlavə edib ki, bu, “Qarabağ məsələsi”nin yekun həlli olmadan Azərbaycanla sülh müqaviləsi imzalamaq deməkdir.

Paşinyan 2021-ci ilin noyabrından bir neçə dəfə Qarabağın beynəlxalq sənədlərdə Azərbaycan Respublikasına aid olduğunu etiraf edib. 2022-ci ilin aprelində Aİ-nin vasitəçiliyi ilə Brüsseldə keçirilən ikinci üçtərəfli zirvə görüşündən sonra Ermənistan lideri İrəvanda parlament qarşısında bəyan edib ki, beynəlxalq ictimaiyyət Ermənistana “Qarabağın statusu ilə bağlı tələbi bir az aşağı salın” deyir.

O zaman bu bəyanatlar Ermənistan hökumətinin mövqeyində dəyişiklik ola biləcəyini, sülh müqaviləsində rəsmən əks oluna biləcəyini deməyə əsas verirdi. Həqiqətən, 22 May və 31 Avqust sammitləri arasında bir sıra hadisələr iki ölkənin sülh müqaviləsi imzalamasını və ikitərəfli münasibətlərdə yeni bir səhifə açmağın mümkün olacağını göstərirdi. Bununla belə, sentyabrın 13-14-də Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca hərbi eskalasiya və Ermənistanda Paşinyanın mümkün sülh müqaviləsi ilə bağlı bəyanatlarına qarşı ictimai etirazlar göstərir ki, region hələ də davamlı sülh və sabitlikdən uzaqdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qafqaz   Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin