“Ermənistan KTMT-dən çıxma prosesinə başlaya bilər” - Erməni politoloqlar

2022/09/1664362286.jpg
Oxunub: 625     15:56     28 Sentyabr 2022    
Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb ki, Ermənistan KTMT çərçivəsində Qazaxıstanda keçiriləcək hərbi təlimlərdə iştirak etməyəcək.

Sentyabrın 26-dan oktyabrın 8-dək Cəmbil və Almatı vilayətlərində KTMT-nin çevik reaksiya kollektiv qüvvələri ilə “Qarşılıqlı fəaliyyət-2022”, “Poysk-2022”, “Eşelon-2022” hərbi təlimləri keçirilir. Bununla bağlı KTMT-yə üzv ölkələrin hərbi qulluqçuları sentyabrın 22-dən 30-dək Qazaxıstana gələcəklər.

Qoşunların hərəkəti zamanı komanda xidməti, zenit müdafiəsi və kompleks təminat məsələləri işlənəcək.

Hələlik Ermənistan KTMT-yə üzv olan yeganə ölkədir ki, yuxarıda qeyd olunan hərbi təlimlərdə iştirakdan imtina edib.

Erməni politoloq Robert Gevondyanın fikrincə, bu, Ermənistanın demarşı deyil, daha çox Ermənistanın müstəqil qərarlar qəbul etməyə qadir olduğunu digər tərəfdaşlara göstərmək üçün atılan siyasi addımdır.

“KTMT-dən çıxmaq prosesinə hələlik başlanmasa da, KTMT-nin mane olacağı müəyyən imkanlar yaranarsa, Ermənistan da həmin prosesə başlaya bilər. Yəni bu, Ermənistana qarşı gözləmə mövqeyi tutmuş və ya kiçik addımlarla irəliləyən tərəfdaşlara bir mesajdır”, - deyə o bildirib.

O vurğulayıb ki, bu yolla Ermənistan Rusiyadan asılı olmadığını göstərmək istəyir.

“Ermənistanda hazırda kifayət qədər ciddi təhlükəsizlik təhdidləri var. Üstəlik, bu, Rusiyanın Ukraynadakı münaqişəyə tam qarışdığı və diqqəti səfərbərliklə bağlı situasiyalardan yayındırdığı bir şəraitdə olduqca təhlükəlidir, bütün bunların kontekstində Ermənistana qarşı cəza tədbirlərini proqnozlaşdırmıram”, - deyə ekspert bildirib.

Erməni politoloq Ruben Mehrabyan Ermənistanın mövqeyini müsbət qiymətləndirir: “Bunun da müsbət nəticələri olacaq. Ümumiyyətlə, o təşkilat bizə heç nəyə lazım deyil”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin