Türkiyənin hərbi transformasiyası: İdlib və Liviya nümunələri

2022/10/1664611964.jpg
Oxunub: 1151     12:58     03 Oktyabr 2022    
Türkiyənin yaxın coğrafiyasında təhlükəsizlik yönümlü inkişaflar Türkiyədən hərbi variantlara əl atmağı tələb edir. Bununla belə, döyüş meydanının hər keçən gün mürəkkəb bir quruluşa çevrilməsi, döyüş meydanının fiziki olaraq dar bir sahə ilə məhdudlaşması, döyüşçü və mülki ünsürlərin çox yaxın yerləşməsi döyüş əməliyyatları sahəsində istifadə edilən silah sistemlərini də dəyişir. Əməliyyatlarında mülki həssaslığa böyük əhəmiyyət verən Türkiyə Silahlı Qüvvələri bu səbəbdən ikinci dərəcəli zərərin qarşısını almaq üçün PUA-lardan intensiv istifadə edir. Düşmən ünsürlərinin birbaşa zərbə PUA-ları, habelə kəşfiyyat PUA-ları ilə yüksək dəqiqliklə aşkarlanaraq artilleriya vasitələrinə koordinatlarının ötürülməsi ilə zərbələr həyata keçirilir.

Astana Sammitindən sonra həm regional, həm də qlobal aktorların mərkəz nöqtəsinə çevrilən İdlib, Suriyada 10 illik müharibənin dar xülasəsinə çevrilib. Hər cür hərbi mübarizənin aparıldığı İdlib bir tərəfdən əcnəbi terrorçu döyüşçülər və müxalif qruplarla döyüş meydanıdır, digər tərəfdən də Rusiyanın varlığını qoruyub saxlaması üçün tərksilah edilməsi lazım olan bir bölgə olaraq görülür. Bölgə, Latakiyada müxalifəti zəiflətmək üçün rejim tərəfindən ələ keçirilməli və konstitusiya danışıqlarında hədəf olaraq qəbul edilir. Bu səbəbdən də zaman-zaman qaynar qarşıdurmaların yaşandığı bölgə Suriyada müharibə vəziyyətində əsas nöqtəyə çevrilib.

Astana danışıqlarından dərhal əvvəl və sonra İdlibdəki fəallıq gələcəkdə hərbi münaqişənin baş verəcəyini qaçılmaz edib. İdlibdəki gərginliyin böyük bir qarşıdurmaya çevrilməməsi üçün uzun müddət çalışıldı, Astana danışıqları çərçivəsində bölgədə müşahidə məntəqələri yaradıldı, Soçi razılaşması ilə təminat verildiyi düşünülən atəşkəs prosesi formalaşdırıldı.

İdlibdə hər hansı bir gərginliyin yeni bir qaçqın dalğası yaradacağı gözləntiləri gerçəyə çevrilib və rejimin artan hava hücumları və əməliyyatları nəticəsində 2019-cu ilin yazından etibarən mülki vətəndaşlar İdlibdəki evlərini tərk edərək Türkiyə sərhədinə doğru gəlməyə başlayıb. Əslində, son bir ildə rejim, Rusiya və İranın dəstəklədiyi silahlıların hücumları nəticəsində 1 milyondan çox suriyalı 2020-ci ilin martına, yeni razılaşmaya qədər evlərini tərk edərək Türkiyə sərhədinə gəlib.

Qurulmuş müşahidə məntəqələrinin əhəmiyyətini itirməyə başlaması və Türkiyə müşahidə məntəqələrinin rejim tərəfindən sıxışdırılması gərginliyi artırıb. 27 fevral 2020-ci ildə hərəkətdə olan TSQ personalının hədəfə alınması nəticəsində 34 türk əsgəri şəhid olub. Bu hücumla İdlibdə uzun müddətdir qaçılmaz olan əməliyyat prosesi başlayıb.

Əsas məqsədi rejimin irəliləməsini dayandırmaq və bölgədəki mülki əhalinin təhlükəsizliyini təmin etmək olan əməliyyat dar bir ərazidə həyata keçirilib. İdlibdə bir çox fərqli aktorun olması Türkiyənin təhlükəsizlik nöqtələrinə qarşı təxribat riskini artırsa da, əməliyyat mülki şəxslərə görə atəş gücünün məhdud olduğu, hava hücumundan müdafiə şəbəkəsinin təsirli olduğu və yaşayış məntəqələrinin hər birinə çox yaxın olduğu bir coğrafiyada həyata keçirilib.

Həyata keçirilən əməliyyatda TSQ quru və hava ünsürləri ilə koordinasiyalı şəkildə uğurla planlaşdırılan, müharibə tarixinə düşəcək PUA əməliyyatı həyata keçirib. Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Bahar Qalxanı” əməliyyatının müvəffəqiyyəti fonunda terrorla mübarizədə PUA-ların istifadəsi ilə son illərdə əldə edilən unikal təcrübə, Türkiyə müdafiə sənayesinin istehsal etdiyi milli silah sistemləri və TSQ-nin uzun illər terrorla mübarizədə qurduğu hava və quru qüvvələrinin koordinasiyası təcrübəsi var.

TSQ-nin “Bahar Qalxanı” əməliyyatında göstərdiyi performans da Türkiyə PUA-larının Liviyada qazandığı təcrübə ilə sıx bağlıdır. Məhdud atəş dəstəyinə baxmayaraq, TSQ-nin ölkənin əsas ərazisindən uzaq bir coğrafiyada verdiyi məsləhət xarakterli xidmətləri sayəsində, PUA-ların, xüsusən də Rusiya mənşəli mobil hava hücumundan müdafiə sistemi “Pantsir”lərdən sonra sahədə əhəmiyyətli güc təsiri yaratdığı görüldü. “Bahar Qalxanı” əməliyyatındakı kimi, həm REM sistemlərinin, həm də artilleriya elementlərinin dəstəyi ilə hücum missiyalarında PUA-lardan istifadə edilərək yeni bir konsepsiyanın yaradıldığı görülür. Bu, TSQ-nin ənənəvi əməliyyat konsepsiyalarından kənara çıxdığını və sahə təcrübəsini yeni inkişaflara cavab verəcək şəkildə dəyişdirmək üçün çeviklik qazandığını göstərdi.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   ABŞ  


Bizi "telegram"da izləyin