“Otokar” Afrikaya ixracını artırmağı hədəfləyir

2022/09/Otoka-1664182749.jpg
Oxunub: 538     17:55     26 Sentyabr 2022    
Türkiyənin qlobal quru platformaları istehsalçısı olan “Otokar” şirkəti 21-25 sentyabr tarixləri arasında Cənubi Afrikanın Tşvane şəhərində keçirilən Afrika Aviasiya və Müdafiə Sərgisində (AAD-2022) iştirak edib.

“Koç” şirkətlər qrupuna daxil olan Türkiyənin qlobal quru platformaları istehsalçısı beş gün davam edən tədbirdə dünyaca məşhur zirehli maşınlardan ibarət geniş məhsul çeşidini və quru sistemlərindəki üstün imkanlarını təqdim edib.

“Otokar”ın baş direktoru Serdar Görgüç şirkətin hərbi maşınlarının 5 qitədə çox fərqli bölgələrdə və iqlim şəraitində aktiv şəkildə xidmət etdiyini bildirib.

“Türkiyədə və dünyanın müxtəlif bölgələrində əldə etdiyimiz təcrübələri vasitələrin inkişafı səylərimizə əks etdiririk. Mühəndislik gücümüz, dizayn qabiliyyətimiz və texnologiyadakı üstünlüyümüz sayəsində bugünkü və gələcək təhdidlər üçün inkişaf etdirdiyimiz və istehsal etdiyimiz hərbi maşınlarımız və geniş məhsul çeşidimizlə fərq yaradırıq. 4×4, 8×8 kimi fərqli model və xüsusiyyətlərə malik hərbi maşınlarımız hal-hazırda Afrikanın müxtəlif bölgələrində xidmətdədir.

Beynəlxalq rəqabətdə məhsuldan başqa ən çox fərqləndiyimiz sahələr inteqrasiya olunmuş logistik dəstək sistemlərimiz və çatdırılma müddətləridir. İstənilən halda biz satışdan sonra da istifadəçilərimizin yanındayıq. Keçmişdə Afrikanın çətin şərtlərində verdiyimiz fasiləsiz dəstək bizi həmişə bir addım irəli aparıb. AAD-2022 sərgisi zamanı biz mövcud əlaqələrimizi yaxşılaşdırmaq və regionda yeni əməkdaşlıq imkanlarını qiymətləndirmək istəyirik. Bu yolla ölkəmizin ixracına daha çox töhfə verməyi hədəfləyirik”, - deyə o bildirib.

Görgüç xüsusilə “Kobra II” zirehli texnikasının Afrika bölgəsindəki uğurlu performansına diqqət çəkib.

“Öz sinfində dünyanın qabaqcıl avtomobillərindən biri sayılan “Kobra II” avtomobilimiz Afrikada müxtəlif əməliyyatlarda istifadə edilərək özünü sübut etmiş bir avtomobildir. O, həm də asimmetrik döyüş şəraitində effektivliyini nümayiş etdirib. Avtomobilimiz hazırda Afrika İttifaqı və Birləşmiş Millətlər Təşkilatının regionda sülhməramlı əməliyyatlarında geniş istifadə olunur. Bütün bunlarla yanaşı, “Kobra II” dünya üzrə 10-dan çox son istifadəçiyə uğurla xidmət göstərir.

Hazırkı istifadəçilərimizin vasitələrimizin performansından məmnunluğu yeni istifadəçilər üçün də keçərlidir. Bütün bunlar bizi son dərəcə qürurlandırır. İnanırıq ki, 6×6 və 8×8 təkər formullu “Arma” avtomobillərimiz “Kobra II” ilə yanaşı yaxın illərdə bölgədəki bir çox istifadəçi tərəfindən seçiləcək”, - deyə şirkət rəsmisi vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Otokar   Afrika  


Bizi "telegram"da izləyin