Şəhid gizir Cəmil Həşimlinin xatirəsi anıldı

2022/09/e2b4f-1663929355.jpg
Oxunub: 340     14:32     23 Sentyabr 2022    
Vətənimizin azadlığı uğrunda canından keçən və bu gün ordu sıralarında xidmətini şərəflə davam etdirən igid oğulların sayəsində torpaqlarımız işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Belə qəhrəman oğullarımızdan biri olan şəhid gizir Cəmil Həşimlinin doğum günü münasibətilə anım tədbiri keçirildi.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası, eləcə də işğal altında olan tarixi torpaqlarımızın azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi, Kürdəmir Qarnizonundan bir qrup hərbi qulluqçu, ziyalılar, şəhid ailələri, qazilər, məktəblilər, din xadimləri və digər qonaqlar iştirak etdilər.

Mərasim iştirakçıları Kürdəmir rayon Şəhidlər xiyabanını ziyarət edərək şəhid gizir Cəmil Həşimlinin məzarı üzərinə gül dəstələri düzərək, ruhuna dualar oxudular.

Çıxış edənlər şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açdılar. Bildirildi ki, 44 gün davam edən Vətən müharibəsində ordumuzun qazandığı Zəfər tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. "Cəmil Həşimli kimi oğullarımızın igidliyi ölkəmizin gələcəyi olan gənclərimiz üçün nümunədir. Bu cür oğulların sayəsində illərdir ağlayan gözlərimiz gülür. Sevincimizə cismən şərik ola bilməsələr də, ruhən yanımızdadırlar. Onların hər biri qəhrəman kimi vuruşaraq, düşməndən azad etdikləri hər kəndə, qəsəbəyə, şəhərə qürur mənbəyimiz olan üçrəngli bayrağımızı sancdılar. Canını bu Vətən üçün sipər edən bütün şəhidlərimizi hər zaman hörmət və ehtiramla anacaq, xatirələrini uca tutacağıq".

Şəhidin anası Simuzər xanım övladı ilə qürur duyduğunu, bir övlad itirsə də, min övlad qazandığını bildirdi. Eləcə də bütün şəhid anaları adından Vətən uğrunda canını qurban verən şəhidlərimizə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.

Sonda şagirdlər Vətənə, qəhrəmanlığa, vətənpərvərliyə həsr olunan şeirlər oxudu, duyğulu və kövrək anlar yaşandı.

İsa İsmayilov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin