Hərbi İnstitutunda şəhid mayor Rüfət Əsgərovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib - FOTO

2022/09/25152-1663929107.jpg
Oxunub: 494     15:31     05 Oktyabr 2022    
İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərin xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulur. Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində, hərbi təhsil ocaqlarında müntəzəm olaraq anım mərasimləri keçirilir, şəhidlər ehtiramla yad olunur, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar gənc nəslə çatdırılır.

Bu günlərdə Heydər Əliyev adına Hərbi İnstitutunda İkinci Qarabağ müharibəsində şəhid olan mayor Rüfət Mürvət oğlu Əsgərovun xatirəsinə həsr olunan anım mərasimi keçirildi. "Ömrünü yurdun azadlığına həsr edən igid" adlı tədbir açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və yurdumuzun azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə İkinci Qarabağ müharibəsində müdafiəsinə qalxdığı Vətən torpaqları uğrunda qəhrəmancasına şəhid olmuş mayor Rüfət Əsgərovun həyat, xidmət və döyüş yolundan bəhs edən videoçarx nümayiş edildi. Videoçarxda cəsur zabitin yaxınları və doğmaları Rüfətli günlərdən danışır, kövrək xatirələrə üz tuturdular.


Şəhid qəhrəmanlığını əks etdirən videoçarxın nümayişindən sonra onun ömür və döyüş yolu haqqında mərasim iştirakçılarına ətraflı məlumat verildi. Bildirildi ki, Rüfət Əsgərov 29 avqust 1981-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində dünyaya göz açıb. Ömrünün uşaqlıq çağlarında - 12 yaşında doğma ocaqlarından didərgin düşüb. Orta təhsilini Xətai rayonundakı 204 nömrəli məktəbdə alıb. Hərbi sahəyə böyük maraq göstərən Rüfət Əsgərov 1996-cı ildə 9-cu sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. Burada hərbi biliklərə dərindən yiyələnib. 1999-cu ildə Hərbi liseyi uğurla başa vuraraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) qəbul olub. Kəşfiyyatçı ixtisasına yiyələnib. 2003-cü ildə ali hərbi təhsilini uğurla başa vuraraq "leytenant" hərbi rütbəsi ilə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonrakı illər xidmətini müxtəlif hərbi hissə və birləşmələrdə davam etdirib. 2014-cü ildə mayor rütbəsinə layiq görülən Rüfət Əsgərov xidmətini bir vaxtlar hərbi təhsil aldığı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim kimi davam etdirib. Erməni qəsbkarları torpaqlarımıza hücum edəndə təcrübəli zabit də yurdumuzun müdafiəsinə qalxıb. Mayor Rüfət Əsgərov Tərtər rayonunun Suqovuşan kəndi və Ağdərə şəhəri istiqamətində gedən əks-hücum əməliyyatlarında iştirak edib. Əməliyyatlar zamanı təcrübəli zabit kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.

Ürəyi Vətənin azadlığı uğrunda döyünən Rüfət iştirakçısı olduğu döyüşlərdə cəsarətlə vuruşub. Rüfətin son döyüşü 14 oktyabr 2020-ci ildə Ağdərə şəhəri istiqamətində olub. Həmin gün cəsur zabit üzərinə düşən döyüş tapşırığını yerinə yetirərkən düşmən gülləsinə tuş gəlib. Yaxınları, doğmaları onu "Vətən sağ olsun" deyərək İkinci Şəhidlər xiyabanında torpağa tapşırıb. Rüfətdən iki övladı - Xansuvar və Zəhra yadigar qalıb.

İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə mayor Əsgərov Rüfət Mürvət oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Rəşadət" ordeninə, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarına layiq görülüb. Rüfət yaşasaydı, bu gün 41 yaşı olacaqdı. Amma o yaxınlarının və doğmalarının yaddaşında həmişə 39 yaşında qalacaq.

Şəhidin atası Mürvət Əsgərov çıxış edərək oğlu ilə bağlı xatirələrini dilə gətirdi. Övladının arzu və istəklərindən söz açdı. Rüfətin xatirəsini əziz tutduqlarına görə Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin rəhbərliyinə, təhsil ocağının şəxsi heyətinə və pedoqoji kollektivə dərin minnətdarlığını bildirdi.

Ailənin yaxın dostu Nizami Salmanov, şəhid Babək Ramaldanovun atası Meyvəddin kişi, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov və başqaları çıxış edərək şəhid ailələrinə dövlətin göstərdiyi diqqət və qayğıdan ətraflı söz açdılar.

İkinci Qarabağ müharibəsinin iştirakçısı Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüş polkovnik Nizami Mövlanov çıxış edərək şəhid valideynlərinə bu cür cəsur oğullar böyütdüklərinə görə dərin minnətdarlığını bildirdi. Rüfət kimi igidlərin, cəsurların xatirəsinin qəlblərdə əbədi yaşayacağını dedi. Məktəbin kursantları igidliyi, qəhrəmanlığı Rüfət kimi cəsurlardan öyrənəcəyini vurğuladı.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Yeganə Dünyamalıyeva və Kəmalə Xəlilova qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən mahnılar oxudular.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu  


Bizi "telegram"da izləyin