Gürcüstandan baxış: Ermənistan-Azərbaycan eskalasiyası Zəngəzur dəhlizinə görə baş verib

2022/08/1661415867.jpg
Oxunub: 589     11:32     23 Sentyabr 2022    
Rusdilli “ritmeurasia.org” nəşrində “Gürcüstandan baxış: Ermənistan-Azərbaycan eskalasiyası” sərlövhəli məqalə dərc olunub.

Müəllif yazır ki, Tbilisi Ermənistan-Azərbaycan arasında növbəti eskalasiyanı həyəcanla izləyir və istisna etmir ki, əgər Rusiya hərbi əməliyyatların bərpa olunacağı təqdirdə müttəfiqi İrəvana köməyə gəlmək qərarına gəlsə, onda Gürcüstan da dolayısı ilə münaqişəyə cəlb oluna bilər.

Gürcüstanlı müstəqil analitik Zaal Ancaparidze deyib ki, Ermənistan-Azərbaycan sərhədinin bu dəfə gərginləşməsinin səbəbi dəhlizdir.

“Görünür, Bakı Rusiyanın hazırda əsas diqqətini Ukraynaya yönəltməsindən və KTMT vasitəsilə Ermənistanı dəstəkləməyə o qədər də meylli olmamasından istifadə etmək qərarına gəlib”, - deyə analitik bildirib.

Qərbin Qafqaz regionu ölkələrinə qarşı fəallığının artmasına, Aİ nümayəndələrinin bəyanatlarına, xüsusən də Çarlz Mişelin səylərinə gəlincə, Ancaparidze onlara skeptisizmlə baxır və xatırladır ki, Gürcüstanda analoji cəhdlər keçmişdə səmərəsiz olub. “Mən Avropa İttifaqının vasitəçilik səylərinə inanmıram, çünki bu səylər effektiv olsaydı, silahlı münaqişələr olmazdı. Proses diplomatik xarakter daşıyacaq. Çarlz Mişel o qədər də yaxşı vasitəçi deyil”, - deyə gürcü analitik qeyd edib.

Onun sözlərinə görə, Avropa Şurası prezidentinin vasitəçilik səyləri uğursuzluğa düçar olub və son hadisələr göstərir ki, Ermənistanla Azərbaycan arasında sülhü təmin etməli olan əvvəlki razılaşmalar indi bağlanıb. Ancaparidzenin sözlərinə görə, sentyabrın 14-də tərəflər arasında əldə olunan atəşkəs razılaşması müvəqqəti hadisədir, çünki əsas məsələ həllini tapmayıb.

Rusiyaya gəlincə, gürcü ekspertin fikrincə, o, çox zəif vəziyyətdədir.

“Rusiya Azərbaycanla mübahisə etmək istəmir, çünki bu, avtomatik olaraq Türkiyə ilə münasibətlərdə problemlər yaradacaq. Ona görə də indi Moskva tərəddüd edir və vəziyyətdən minimal itkilərlə çıxmağa çalışır”, - deyə Ancaparidze bildirib.

Gürcü ekspertin fikrincə, Azərbaycan xüsusilə Aİ ilə enerji daşıyıcılarının tədarükünün ikiqat artırılmasına dair saziş imzaladıqdan sonra regionda əhəmiyyətli oyunçuya çevrilib və öz ətrafında bir növ qoruyucu zona yaradıb. Ancaparidzenin sözlərinə görə, Ermənistan çox acınacaqlı vəziyyətə düşüb və xaricdəki böyük diasporunun dəstəyini və köməyini almağa ümid edir.

“Toqquşmalar başlayan kimi Paşinyan ilk növbədə Blinkenə, daha sonra Makrona, yəni böyük və nüfuzlu erməni diasporunun olduğu ölkələrin rəhbərlərinə zəng edib. Nəhayət, Pelosinin Ermənistana səfəri erməni diasporunun təsiri altında baş tutub. Və bu, mənə onun Tayvana səfərini xatırlatdı. Hərbi əməliyyatlar fonunda onun İrəvana nümayişkaranə səfəri Ermənistana dəstək jestidir. Bunda açıq şəkildə erməni diasporunun da rolu olub”, - analitik hesab edir.

Ancaparidzenin sözlərinə görə, hadisələrin gələcək inkişafı daha çox Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağından asılı olacaq: “Son bəyanatına əsasən, Paşinyan Qarabağı Azərbaycana qaytarmağa meyllidir, çünki beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

“Beləliklə, Paşinyan o mənada böyük və ciddi addım atacaq ki, Ermənistan artıq Rusiyadan o qədər də asılı olmayacaq, çünki Ermənistanın Qarabağla bağlı mövqeyinə məhz Rusiyanın dəstəyi töhfə verib. O dəstək zəifləyən kimi bu gün gördüyümüz nəticələr yarandı”, - ekspert izah edib.

Ermənistan-Azərbaycan arasında növbəti eskalasiya olacağı təqdirdə Gürcüstan üçün mümkün təhlükəyə gəlincə, Ancaparidzenin fikrincə, bu, Rusiya Gürcüstandan Ermənistana qoşun və hərbi texnikanın daşınması üçün yol tələb edərsə ola bilər. Bu, Gürcüstan üçün çox xoşagəlməz ssenari olacaq. Lakin Tbilisidə hadisələrin belə inkişafının baş verməyəcəyinə ümid edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Ermənistan-Azərbaycan   Müharibə  


Bizi "telegram"da izləyin