Kolumbiya qəzeti Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa və yenidənqurmadan yazıb

2022/08/3e1d9-1659595191.jpg
Oxunub: 815     09:17     23 Sentyabr 2022    
Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan “Ola Politica” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs edən məqaləsi dərc olunub.

Bu barədə Ordu.az-a Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib.

Məqalədə 30 il boyunca erməni işğalında olduğu dövrlərdə dağıdılmış, xarabalığa çevrilmiş və vandalizmə məruz qalmış ərazilərə yenidən həyat vermək üçün Azərbaycan hökuməti tərəfindən sürətlə yenidənqurma işlərinin aparıldığı qeyd olunur.

Həmçinin, Ermənistanın BMT Təhlükəsizlik Şurasının torpaqların qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinə məhəl qoymadığı, lakin Prezident İlham Əliyevin məqsədyönlü siyasəti və uzaqgörən strategiyası sayəsində 2020-ci ilin noyabr ayında 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın öz torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa etdiyi bildirilir. Yazıda, Ermənistan tərəfindən 30 ilə yaxın davam etmiş işğal müddətində həmin ərazilərə çoxlu sayda mina basdırılmasının, bu ərazilərin xarabalığa çevrilməsi məqsədi daşıdığı qeyd olunur və bir vaxtlar Azərbaycanın ən gözəl şəhərlərindən biri olan, hazırda isə "Qafqazın Xirosiması" adlandırılan Ağdam şəhərində hazırda da 90 minə qədər minanın aşkarlandığı qeyd olunur.

Hazırda Azərbaycan hökuməti qarşısında duran əsas məqsədlərdən birinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və orada “ağıllı” şəhərlərin: bir-biri ilə avtomagistral, dəmiryolu və beynəlxalq hava limanları ilə bağlanan müasir şəhərlərin salınması olduğu bildirilir. Bu xüsusda, cəmi 8 ay ərzində Fizuli şəhərində beynəlxalq hava limanının açıldığı və digər iki hava limanının inşa edildiyinə diqqət çəkilir.

Məqalədə həmçinin, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun tikildiyi, bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensiala malik həmin ərazilərin “yaşıl enerji” zonası elan edildiyi, qısa müddət ərzində Laçın rayonunda “Güləbird” SES-in bərpa edildiyi və azad olunmuş ərazilərin elektrik enerjisi ilə təminatı üçün onlarla hidroelektrik stansiyaların tikildiyi bildirilir, işğaldan azad edilmiş ərazilərdə məktəblərin açılmasının və artıq yüzlərlə uşağın tədrisə başlamasının təqdirəlayiqliyi qeyd olunur.

Müəllif Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinə dəstək verən beynəlxalq biznesin artan iştirakına diqqət çəkərək, hazırda Türkiyə, İsrail, İtaliyanın bir neçə şirkətin əməkdaşlıq etdiyi və tezliklə Kolumbiya şirkətlərinin də bu işə cəlb olunacağına ümidvar olduğunu bildirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kolumbiya   Qarabağ  


Bizi "telegram"da izləyin