Azərbaycan QHT-ləri Ermənistanı sülhə səsləyiblər

2022/09/cxvb4-1663867013.jpg
Oxunub: 439     20:53     22 Sentyabr 2022    
Sentyabrın 22-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin sülhə çağırışı ilə bağlı tədbir keçirilib.

Bu barədə Ordu.az-a QHT-lərə Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov Azərbaycan dövlətinin, xalqının ilin yalnız bir gününün deyil, bütün günlərinin sülh içində yaşanmasının tərəfdarı olduğunu vurğulayıb. Deyib ki, XIX əsrin əvvəllərində ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən, humanistlik göstərən azərbaycanlılar əsrlərdir yaxşılıqlarına qarşı yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər. Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini, uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar, həmçinin hər cür yardımlar aldıqdan sonra Ermənistan ilk fürsətdə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, xalqımıza qarşı qırğınlar, qətliamlar, terror aktları, soyqırımları törədib. Lakin bu hadisələrin fonunda Azərbaycan bütün dönəmlərdə sülh carçısı olub. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.

Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri Radə Abbas, Rauf Zeyni, Telman Məmmədov, Müşviq Ələsgərli, Məhsəti Hüseynova, Sevinc Fədai, Rəsul Cəfərov, Əhməd Abbasbəyli, Ramil İsgəndərli diqqətə çatdırıblar ki, uzun illər müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Otuz ilə yaxındır Ermənistanın torpaqlarımıza hərbi təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini təqdim edir.

Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya ilə davam edib.

Tədbirin yekunu olaraq Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin müraciəti qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   QHT  


Bizi "telegram"da izləyin