Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib

2022/09/1663860407.jpg
Oxunub: 472     18:25     22 Sentyabr 2022    
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə məktub göndərib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş müvəqqəti tədbirlərə əməl etmədiyini sübut edən məlumatlarla əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsinə bu gün məktub təqdim edib.

“Bura Ermənistanın azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasının qarşısını almaq səyləri daxildir. Sübutlar göstərir ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan sonra işğaldan azad edilmiş ərazilərə, məsələn Laçına 1300 mina yerləşdirib. Bu, məcburi köçkünlərin təhlükəsiz geri qayıdışının qarşısını alır”, - nazir müavini vurğulayıb.

Elnur Məmmədov qeyd edib ki, üçtərəfli bəyanatın imzalanmasından sonra bu ərazilərdə heç bir hərbi əməliyyat olmayıb. Oraya minaların yerləşdirilməsinin məcburi köçkünlərin geri qayıdışının qarşısını almaqdan başqa heç bir məqsədi yoxdur: “2020-ci ildən bəri işğaldan azad edilmiş ərazilərdə mina partlayışları nəticəsində 240-dan çox azərbaycanlı həlak olub və ya yaralanıb. Ermənistan həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təbliğinin qarşısının alınmasına dair əmrini yerinə yetirməyib. Eyni zamanda, bir çox nümunələri onların diqqətinə çatdırmağımıza baxmayaraq, hərbiləşdirilmiş qrupların nifrət nitqi və zorakılığına qarşı heç bir tədbir görməyib. Ümid edirik ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məhkəmənin qərarını pozduğuna görə müvafiq qərar qəbul edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Beynəlxalq-Ədalət-Məhkəməsi   Azərbaycan  


Bizi "telegram"da izləyin