Çin F-35-lərin çatdırılmasına maneə yaradır

2022/09/IMG_2-1663755827.jpg
Oxunub: 542     15:46     22 Sentyabr 2022    
ABŞ son vaxtlar hərbi məhsullarda xarici hissələrin və materialların istifadəsinə tətbiq edilən məhdudiyyətləri artırıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə məhdudiyyətlər 5-ci nəsil F-35 “Lightning II” döyüş təyyarələrinə də aid edilib.

Çin Xalq Respublikasından olan ərintilərdən istifadə edildiyi aşkarlanan F-35 döyüş təyyarələrinin tədarükü dayandırılıb. “Lockheed Martin” tərəfindən istehsal edilən 8 ədəd F-35 döyüş təyyarəsi uçuş vəziyyətində olsa da, istifadəçilərinə çatdırıla bilməyib.

ABŞ-ın “Lockheed Martin” şirkətinin rəsmisi Qreq Ulmerin sözlərinə görə, şirkət sürətini azaltmadan F-35 döyüş təyyarələrinin istehsalını davam etdirir. F-35-lərin istehsalının davam etməsinə baxmayaraq təhvil verilə bilməməsi qəribə vəziyyət hesab edilir. Ulmerin sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi tədarüklərin qısa müddət ərzində bərpasına icazə verəcək.

Məlumata görə, təyyarənin F-135 mühərrikinin içərisindəki maqnitdə Çin mənşəli kobalt samarium ərintisindən istifadə olunur. Ehtimal olunur ki, sözügedən material ABŞ-ın Federal Müdafiə Satınalmaları Qaydalarını pozub. Narahatlığa görə, F-35 Ofisi tədarükləri dayandırıb.

Sözügedən hissə heç bir şəkildə təyyarənin uçuş təhlükəsizliyinə təsir göstərmir və heç bir məlumat ötürmür. Lakin ABŞ hakimiyyəti bu cür strateji məhsulların istehsalında xarici ölkədən asılı olmaq istəmir.

Ulmer bildirib ki, “Lockheed Martin” təchizatçı şəbəkəsi ilə birlikdə Çin ərintisinin onun tədarük zəncirinə necə daxil olduğunu araşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   ABŞ   F-35  


Bizi "telegram"da izləyin