“Küçə oğlanları dövlətin taleyinə nəzarət etməyə çalışırlar, ermənilər dövlətçiliklərini itirə bilərlər” – Tarasov

2021/10/maxre-1634118302.jpg
Oxunub: 566     15:50     20 Sentyabr 2022    
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfəri Rusiyada əsəbi reaksiyaya səbəb olub. Kütləvi informasiya vasitələri Pelosinin avqust ayında Taypeyə səfərini xatırladıb, bu səfər çinlilərin qəzəbinə və Tayvan sərhədində gərginliyin artmasına səbəb olub.

Yaxın Şərq və Qafqaz ölkələri üzrə rusiyalı ekspert Stanislav Tarasov amerikalı konqresmenin səfərini qəribə hesab edir.

“Ermənistan və Amerika KİV-ləri onun daha əvvəl dəvət edildiyini yazır. Əgər o, Tayvana səfərindən əvvəl İrəvana gəlsəydi, onun səfəri bu qədər diqqəti cəlb etməzdi. Amma Tayvandan sonra onun mənfi siyasi keçmişi var və həmin qalmaqallı reputasiyası ilə İrəvanda peyda olub. İkinci məqam ondan ibarətdir ki, bu, Azərbaycanla sərhəd eskalasiyası ilə üst-üstə düşür. Məsələ burasındadır ki, o, münaqişənin əslində bitdiyi, Rusiyanın səyi ilə bitdiyi, qərblilərin, Parisin, Vaşinqtonun telefon diplomatiyası ilə kifayətləndiyi bir vaxtda meydana çıxıb. Real, konkret addım atmayıblar. Bəli, zənglər oldu, Blinken zəng etdi, erməni tərəfi ilə danışıqlar oldu, ancaq Rusiya real addım atdı”, - deyə o qeyd edib.

Tarasov BMT-dəki müzakirələri də mənasız sayır: “BMT-də müzakirə kimə lazımdır, indi BMT-yə kim baxır? Effektiv əməliyyat olmadı. Meydanda yalnız Rusiya konkret hərəkət etdi. İndi də gəliblər, erməniləri inandırmağa çalışırlar ki, münaqişənin dayandırılması təkcə Rusiya Federasiyasının deyil, həm də Qərbin səyləri nəticəsində baş verib. Məqsədləri Rusiyanın təsirini neytrallaşdırmaqdır və bunun fonunda sizin yaxınlarınızda olan “yumşaq” güc deyilən qüvvə işə düşür, Amerika QHT-ləri Rusiyanın Ermənistanı “aldatdığını”, KTMT-nin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini elan etməyə başlayırlar. Onlar Qazaxıstan haqqında danışdılar. Bu, böyük hiylədir, ona görə ki, ilk növbədə, aqressiya yox idi, sərhədlərlə bağlı problemlər var idi. İkinci, KTMT Qazaxıstana qoşun yeridib, amma orada heç bir xarici təcavüz olmayıb, dövlət çevrilişinə cəhd olub. Ermənilər istəyirlər ki, qırğızlar özlərini Ermənistan üçün qırsınlar? Səhv edirlər, qırğızlar Ermənistan üçün ölməyəcək, təcavüz yoxdur”.

O vurğulayıb ki, demarkasiyasının zəruri olduğunu qəbul etmək lazımdır.

“Bu nə deməkdir. Kobud desək, siz A hündürlüyünü özünüzə aid hesab edirsiniz, onlar isə özlərininki hesab edirlər. Azərbaycan diplomatik müstəvidə müzakirəyə qərar verir, nəticə olmayanda irəliləyir. Həmin A hündürlüyünü özününkü hesab edən İrəvan baxımından bu, aqressiyadır. Azərbaycan baxımından bu, sərhədlərin tənzimlənməsidir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, təcavüz deyil, çünki siz sərhədlərin delimitasiyası faktını rəsmən qəbul etmisinizsə, o zaman komissiyanın işinin nəticəsini gözləmək lazımdır”,- deyə Tarasov qeyd edib.

Rus politoloq fikirləşir ki, Ermənistan oyun oynayır.

“Ermənistan vaxt udmağa çalışır, Minsk qrupunu dirçəltməyi düşünür, Qarabağın statusu məsələsini gündəmə gətirirlər. Ermənistanın primitiv və arxaik xarici siyasəti hamını sadəcə olaraq təəccübləndirir. Küçə oğlanları dövlətin taleyinə nəzarət etməyə çalışırlar. Ermənilər dövlətçiliyini itirə bilər, təhlükə budur”, - deyə o bildirib.

Tarasov Ermənistanda rus dili ilə bağlı problemlərə də toxunub: “Biz sizin alimlərinizlə əlaqə saxlayırıq, elə deyilmi? Parlaq monoqrafiyalar yazırlar, amma hamısı ermənicədir, ingiliscə kiçik annotasiyaları var. Bilin ki, Qərbdə onları oxuyan yoxdur, amma Rusiyada biz oxumaq istəyirik, amma ermənicə oxumağı bilmirik. Bu oyunları oynamaq istəyirsinizsə, oynayın, lakin bununla da ümumi elmi məlumat sahəmizdən kənarda qalmısınız. Qoyun dərədən keçəndə isə Paşinyan Putini gecə saat 3-də oyadır. Niyə? Baydenə zəng edin, Makrona zəng edin. Putinlə nərd oynamağa ehtiyac yoxdur, çünki o, lazımi anda düzgün zər atmağı öyrənib”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin