ROKETSAN: “SOM-ları “Su-25 qırıcılarından da atmaq mümkündür” – MÜSAHİBƏ (ÖZƏL)

2022/09/77-1663916067.jpg
Oxunub: 1125     11:00     23 Sentyabr 2022    
Bakıda keçirilən ADEX-2022 sərgisində ən böyük stendlərdən birinə Türkiyənin ROKETSAN şirkəti ev sahibliyi edirdi. Şirkət sərgidə bir çox raket və sursatlarını nümayiş etdirib.

Şirkətin PR işləri üzrə direktoru Mustafa Odabaş Ordu.az saytının suallarını cavablayıb.


- İlk öncə ölkəmizə xoş gəlmisiniz. Şirkətiniz haqqında oxucularımıza nə deyə bilərsiniz?

- ROKETSAN şirkəti 1988-ci ildə dövlət tərəfindən yaradılan müdafiə sənayesi şirkətidir. Şirkətin formalaşdırılmasının səbəbi Türkiyənin raket və sursat ehtiyaclarını qarşılamaq və Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsinə dəstək verməkdir. Faəliyyət göstərdiyimiz təxminən 35 il ərzində ROKETSAN quru, hava və dəniz platformaları üçün çox inkişaf etmiş raket və sursatlar hazırlayıb. Şirkətimiz sistemləri Türkiyə ordusuna tədarük edir, eyni zamanda dost və qardaş ölkələrə ixrac edir.

ROKETSAN 2021-ci ilin dövriyyə rəqəmlərinə görə aparılan bir araşdırmaya əsasən (söhbət “Defense News” nəşrinin hazırladığı siyahıdan gedir – red.) 2022-ci ildə dünyanın ən böyük 100 müdafiə şirkəti arasında 86-cı yerdə qərarlaşıb. Burada bizim bildirilən dövriyyəmizin miqdarı 814 milyon dollardır. Bunun təxminən 22%-i, yəni təxminən 183 milyon dolları ixracata aiddir. Bizim hədəfimiz bu ixracat rəqəmini ümumi dövriyyəmizin 50%-nə çatdırmaq və böyüməkdir. Bununla əlaqədar olaraq işlərimiz davam edir.


- Sərgidə şirkətinizə olan maraq hansı səviyyədədir?

- ADEX sərgisi bizim üçün çox önəmlidir. Biz ADEX-in başladığı 2014-cü ildən bu yana bu sərgidə iştirak edirik. Qarşıdakı illərdə də keçiriləcək ADEX-lərdə də burada olmağı planlaşdırırıq. Azərbaycan bizim üçün çox vacib ölkədir. Azərbaycan bizim dost və qardaş ölkəmizdir. Biz eyni millətin nümayəndələri, eyni millətin övladlarıyıq. Gödüyünüz kimi, biz ADEX sərgisinə bütün məhsullarımızı gətirməyə çalışmışıq. Bütün məhsullarımızı gətirməyimizin məqsədi sadəcə bu sistemləri satmaq deyil. Həmçinin, istəyirik, bu məhsullarımızı dost və qardaş Azərbaycan ordusunun Quru, Hava və Dəniz Qüvvələrindən olan hər kəs gəlsin görsün, məhsullarımızı tanısın və Türkiyənin hansı səviyyəyə çatdığını başa düşsünlər. Biz onların suallarını cavablandırmaqdan məmnunuq. Bunun üçün çox xoşbəxt və qürurluyuq.

Burada təqdim etdiyimiz məhsullar dediyim kimi həm quru, həm hava, həm də dəniz platformaları üçün nəzərdə tutulub. Dünyadan bütün bu məhsulları eyni vaxtda istehsal edən şirkətlər çox azdır. Biz bunların hamısını istehsal edə biləcək qabiliyyətə sahibik. Buradakı əsas motivasiyamız ilk öncə Türkiyə Silahlı Qüvvələrinin bütün ehtiyaclarının ROKETSAN şirkəti tərəfindən qarşılamaqdır. Yaradıldığımızdan bu günə kimi şirkətimiz böyük yol qət edib və sürətlə böyüyüb. Hazırda şirkətimizdə 4000-ə yaxın personalımız var. Bu personalın çoxu mühəndisdir. Biz buna çox önəm veririk. Bizim insan resurslarımız ən dəyərli resursumuzdur. Bu resursumuzu davamlı inkişaf etdirməyə çalışırıq. Bununla əlaqədar olaraq universitetlərlə əməkdaşlıq edirik, işçilərimizi davamlı təlimlərlə inkişaf etdiririk. Onların bir çox sahədə inkişaf etməsi üçün həyata keçirdiyimiz bütün atəş sınaqlarına onların özünü aparırıq ki, sistemləri görsünlər, istifadə etsinlər.


- Bu yaxınlarda “Atmaca” gəmi əleyhinə raketlərin quru versiyasını sınaqdan keçirdiniz. Bu raketlərlə bağlı işlər hansı mərhələdədir?

- Dəniz platformalarından buraxılan “Atmaca” gəmi əleyhinə raketi hazırda yerli inşa edilən “Milgem” korvetlərində istifadə olunur. Bu korvetlərdə daha əvvəl ABŞ istehsalı “Harpoon” raketləri yerləşdirilmişdi. Ancaq hazırda onu yerli və milli imkanlarla istehsal edilən “gəmi-gəmi” tipli “Atmaca” əvəz edib.

Bununla yanaşı raketin qurudan gəmiyə atılan versiyası mövcuddur. Bu, hələlik silahlanmaya qəbul edilməyib. Ancaq dediyiniz kimi, bu yaxınlarda sınaqları keçirilib və uğurlu nəticələr əldə edilib. Sahil müdafiə kompleksi olaraq nəzərdə tutulan bu raket Türkiyədə ilk nümunələrindən biri olacaq.

“Atmacanın kiçiyi” adlandırdığımız növbəti raket “Çakır”dır. Bu, bir qanadlı raketdir. Xüsusi olaraq, bu raket nisbətən kiçik olduğu üçün PUA-lardan atıla bilər. Bu il ərzində biz “Çakır”ı “Baykar” şirkətinin “Akıncı” PUA-larından sınaqdan keçirməyi planlaşdırırıq. Çox uğurlu bir raketdir.

- “Atmaca” raketlərinin Azərbaycana satılması mümkündürmü?

- Biz indi bunlar barədə danışa biliriksə, deməli mümkündür. Ancaq bu üst ağılda bundan daha çox şey düşünürlər. Fikiləşirəm ki, yuxarı səlahiyyətli şəxslər satışlar barədə müzakirələr aparır. Ancaq dəqiq bir şey deyə bilmərəm. Yenidən təkrar edirəm ki, Türkiyə Silahlı Qüvvələri hansı silahları istifadə edirsə, onları Azərbaycana da sata bilərik. Bu barədə tərəddünüz olmasın.



- Bəs, “Çakır”?

- Biz bunun olmasını çox istəyərdik. Çünki bu, Türkiyə Silahlı Qüvvələrində planlaşdırılır. Türkiyə ordusunun silahlanmasına qəbul edildikdən sonra Azərbaycanda da olmasını arzu edərdik. Azərbaycan ordusu bunu istəyərsə, biz hər zaman bunun tədarükünü həyata keçirməyə hazırıq.

- “Som-J” raketləri ilə bağlı işlər davam edir?

- “Som” raketləri bir ailə formasında olan sistemlərdir. “Som-J” qanadlı raketləri əsasən F-35 döyüş təyyarələri üçün nəzərdə tutulub. Bildiyiniz kimi, bu layihə ilə bağlı Türkiyəyə embarqo tətbiq edilib. Ancaq bizim layihəmiz davam edir.

Hazırda bizim F-16-larda istifadə etdiyimiz silahlar “Som-B” raketləridir. Bunu biz Türkiyə Hərbi Hava Qüvvələrinə tədarük edirik. Bu raketlər “Akıncı”dan da atılır. Əgər Azərbaycandan belə bir tələb olarsa, biz tədarük etməyə hazırıq. Bunu həm “Akıncı”da, həm də digər platformalarda istifadə edə bilərsiz. Məsələn, Su-25 qırıcılarından bunu atmaq mümkündür.


- Türkiyənin milli HHM sistemləri ilə bağlı işlər hansı mərhələdədir?

- Türkiyənin Hava Hücumundan Müdafiə (HHM) sistemlərnə olan ehtiyacı qarşılamaq üçün “Hisar” ailəsi inkişaf etdirilib. Aşağı əməliyyat hündürlüyü üçün “Hisar-A”, orta əməliyyat hündürlüyü üçün “Hisar-O” və uzun əməliyyat hündürlüyü üçün “Siper” raket sistemləri var. “Hisar-A” və “Hisar-O”nun sınaqları başa çatıb və inventara daxil edilib. “Siper” sisteminin bu yaxınlarda sınaqları keçirilib. Tezliklə bu sistemin də sınaqlarının tamamlaması və Türkiyə ordusuna təhvil verilməsi planlaşdırılır.

- Sistemlərin hazırlanmasında S-400 təcrübəsindən istifadə edilibmi?

- Xeyr. HHM sistemlərinin hazırlanması bir-iki ilə həyata keçirilmir. ROKETSAN uzun illərdir bu mövzuda investisiyalar yatırır. İnvestisiya yatırmaq sadəcə nəsə almaq deyil, bununla əlaqəli “nou-hou”ya, ixtisaslaşmış personala, baş mühəndislərə, infrasturuktura ehtiyac var. Biz illərdir ki, buna hazırlaşırıq.



- Dediniz ki, ixracatı artırmağı hədəfləyirik. İxracatınız əsasən “Bayraktar TB2”lərlə birgə satılan MAM sursatları ilə əlaqələdir ya digər sistemlər də çox satılır?

- Bizim ixracat bazarında olan sistemlərimiz yalnız MAM ailəsi deyil. Bizim tank əleyhinə raket sistemlərimiz, ADEX-də də sərgilənən “yer-yer” tipli TR-122, TR-230, TR-300, TR-600 raket sistemləriniz var. Bunların əksəriyyəti xarici ölkələrə satılır. Biz NATO ölkəsiyik, bu təşkilata göstərdiyimiz xidmətlər mövcuddur. Bunların hamısı ilə birlikdə ixracatımız 183 milyon dollara çatıb.

Hərbi məlumatlarla bağlı çox danışa bilmirik. Ancaq bunu deyə bilərəm ki, Azərbaycan bizim üçün elə Türkiyə Silahlı Qüvvələri kimidir. Ehtiyac olarsa, hər sistemi sata bilərik.


- Daha uzun mənzilli “yer-yer” tipli raketlərin istehsalı nəzərdə tutulubmu?

- Burada belə bir mövzu var. Dünyada raket silahları ilə bağlı Raket Texnologiyalarına Nəzarət Rejimi adlı bir müqavilə var. Bu müqavilə 300 kilometr mənzilli, 500 kiloqram döyüş başlığına malik raketlərin ixracını qadağan edir. Biz də bu müqavilənin altını imzalamışıq. Bu sistemlər istehsal edilən zaman raketlərin mövcudluğu barədə məlumat verməliyik. Buna görə biz bu cür raketlər istehsal etmirik. Ancaq bu o demək deyil ki, biz bu mövzuda boşuq, biz hər zaman hazırlıqlıyıq. Hələlik bu barədə layihələr yoxdur.

- Şirkətinizdə azərbaycanlı mühəndislər varmı?

- Bizim öz fabriklərimizdə Azərbaycan vətəndaşlarının olduğunu dəqiq bilmirəm. Böyük ehtimal yoxdur. Ancaq niyə yoxdur? Niyə olmasın?

- Son olaraq, ADEX barədə nə düşünürsünüz?

- Biz dediyimiz kimi, ADEX-də ilk günündən iştirak edirik. Hər il iştirak etməyi də düşünürük. Bura bizim üçün çox vacibdir. Bizim üçün ADEX Türkiyədə həyata keçirilən IDEF-dən fərqli deyil. Maraqlı olanlar çoxdur. İlk gündə sərgimizi dövlət rəsmiləri ziyarət etdi. Prezident cənab İlham Əliyev, daha sonra Müdafiə naziri Zakir Həsənov stendimizi ziyarət etdi. Biz onlara məhsullarımız barədə geniş məlumat verdik. Biz bundan çox qürurluyuq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX   ROKETSAN  


Bizi "telegram"da izləyin