“Indra”dan LANZA təqdimatı: “Məhsullarımız çox maraqla qarşılandı”

2022/09/DSC_0-1663833805.jpg
Oxunub: 881     15:16     22 Sentyabr 2022    
6-8 sentyabr tarixlərində Bakıda keçirilən ADEX-2022 sərgisində İspaniyanın “Indra” şirkəti də öz sistemlərini təqdim edib.

Şirkətin biznesin inkişafı üzrə nümayəndəsi Viktor Kortina Ordu.az-a açıqlamasında bildirib ki, məhsullarını Bakıda təqdim etməkdən çox məmnundurlar.

Qeyd olunub ki, şirkət dünyanın aparıcı mühəndislik şirkətlərindən biridir və rəqəmsal sənayedə liderdir. Radar, elektron müdafiə, idarəetmə və kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış şirkət öz sistemlərində süni intellekt və virtual reallıqdan istifadə edir. “Indra” şirkəti Avropanın ən böyük və ən qabaqcıl müdafiə proqramı olan FCAS-ın İspaniyadakı milli sənaye koordinatorudur.

O bildirib ki, məhsulları çox maraqla qarşılanıb. Prezident İlham Əliyev sərgidə İspaniya pavilyonunu ziyarət edib.

Şirkət sərgidə LANZA uzunmənzilli radarlarını təqdim edib. Azərbaycan bir neçə il əvvəl LTR-25 LANZA 3D uzaqmənzilli taktiki radiolokasiya stansiyaları əldə edib.


LANZA radarları İspaniyanın ən uğurlu müdafiə sənayesi məhsullarından biri hesab edilir. 2000-ci ildə seriyalı istehsalına başlanan LANZA radarı LRR, MRR, LTR və ARSR kimi 4 versiyada istehsal olunur.

LANZA 3D radar ailəsi texniki xüsusiyyətlərinə görə aşağıdakı kimi təsnifatlandırılır:

1. LRR - uzaq mənzilli radarı həm sabit, həm də daşınan versiyada mövcuddur, NATO-nun FADR tələblərinə və hava hücumundan erkən xəbərdarlıq sisteminə uyğundur.

2. MRR - orta mənzilli radarı sabit, dəniz və taktiki daşınan versiyada hazırlanır.

3. LTR - uzaq mənzilli taktiki radardır, bu sinifin və ailənin son məhsuludir, yuxarıda sadalanan radarlara aid bütün üstün xüsusiyyətlər bu sistemdə cəmləşdirilib.

4. ARSR - ikili təyinatlı radardır, bütün növ təyyarələrin qalxmasına, havada hərəkətinə, enməsinə və marşrutun sıxlığına nəzarət etməyə imkan verir.


LANZA radar ailəsi öz sinifinin ən son və müasir üzvlərindən hesab edilir. Onların əsas xüsusiyyətləri aşağıdakılardır:

- Effektiv ECCM üçün tələb olunan geniş fəaliyyət zolağı;
- NATO diapazon spektrini tam əhatə etməsi;
- Üç idarəolunan müstəqil sinxron kanallar (SUM, DIF, SLB);
- Yüksək paylayıcı məhsuldarlığı olan, dəqiq və qabaqcıl barmaqlıq texnologiyalı anten (AESA-AFAR);
- Ötürülməyən həssas tezlik;
- İmpulsların çevik sıçrayışları;
- Proqramlaşdırılan fəaliyyət rejimi ;
- Prosessorların yenidən konfiqurasiya edilməsi;
- Hədəf koordinatlarının dəqiq əldə edilməsi üçün müasir siqnal emalı metodu;
- Geniş yüksəklik bucaqlarında izləmə;
- Ərazini izləmə qabiliyyəti;
- Avadanlıqların asanlıqla yenidən qurulması;
- Aşağı həcmi profilaktik servis.


Azərbaycanın satın aldığı çoxrejimli və yüksək tezlikli LTR-25 LANZA 3D radarı istənilən hava şəraitində, 30 km yüksəklikdə və 444 km-ə qədər fəaliyyət radiusunda hədəfləri təyin etməyə imkan yaradır. LTR-25 LANZA 3D radarları tək impulslu iynəvari istiqamət diaqramı sayəsində aşkarlanmanın yüksək dəqiqliyini və düşmənin radioelektron müdaxiləsindən qorunmanı təmin edir.

LTR-25 müasir 3D sensorlarına malik daşınan radiolokasiya stansiyalarıdır. Bu ailənin radarları hər bir müştərinin fərdi istəklərini nəzərə alan geniş konfiqurasiya imkanlarına malikdir. LANZA çoxməqsədli olmaqla bir çox təhdidlərə qarşı uyğunlaşdırılan radardır. Radarın dizaynı mövcud NATO texniki əməliyyat və texniki xüsusiyyət tələblərinə cavab verməklə yanaşı, həm də gələcək təhdidlərin ssenarisində baş verə biləcək dəyişiklikləri də nəzərə alır. Şirkətin əldə etdiyi nailiyyətlər və yeni prinsiplər maksimum radar aşkarlanmasına nail olmaq üçün antenin barmaqlıq lövhəsində, gücləndiricilərdə və siqnal emalı texnologiyasında tətbiq edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX   Lanza  


Bizi "telegram"da izləyin