Şirkətin əməkdaşı Gizem Yılmaz
Ordu.az-a açıqlamasında bildirib ki, kəşfiyyat üçün nəzərdə tutulan “Baha” avtonom hərəkət edə, bulud altı hündürlükdə uça və “Barkan” robotu ilə birlikdə əməliyyat həyata keçirə bilər.
Hər iki platforma bir-birilə inteqrasiya olunmuş şəkildə işləyə bilir.

“Hərbi qulluqçuların olmadığı mühitlərdə təhlükəsiz bölgə hazırlamaq üçün istifadə olunur. “Barkan”a müxtəlif silah və lazer inteqrasiya etmək mümkündür. PUA müxtəlif hündürlükdən kəşfiyyat məlumatlarını toplayıb robota göndərir. Yaralı daşımaq üçün də istifadə oluna bilən sistem insanları izləmək, onların ardınca hərəkət etmək qabiliyyətinə malikdir. Yəni sizin müəyyən etdiyiniz şəxsi izləyə bilir”, -.deyə o qeyd edib.

Şirkət əməkdaşı deyib ki, robot patrul etmək xüsusiyyətinə malikdir.
“Bir neçə vasitə bir-birilə qarşılıqlı əlaqədə hərəkət edərək patrul missiyasını yerinə yetirə bilər. Bunu xüsusilə sərhəd təhlükəsizliyinin təmin edilməsində istifadə etmək olar. Bu zaman sistem sərhədlərə əsasən öz hərəkət zolağını formalaşdırır”, - deyə açıqlamada bildirilir.
“Barkan” insansız quru platformalarının “3D mapping” xüsusiyyəti mövcuddur: “Yəni hərəkət etdiyi bölgənin 3D formatında xəritəsini çıxara və hərbçilərə göndərə bilər. Sistemi 80 kilometr uzaqdan idarə edə bilirik”.

O qeyd edib ki, “Baha” PUA-ları iki növ mühərriklə təchiz edilib.
“Benzinlə işləyərsə, PUA 6 saat havada qala bilir, elektrik mühərriklə 2 saat havada qalmanı təmin edə bilir. Elektrik mühərriklə 10 min fit, benzin mühərriklə 15 min fit yüksəkliyə qalxa bilir. 30 kiloqram çəkiyə malikdir, 5 kiloqram isə faydalı yük daşıyır”, - deyə şirkət əməkdaşı qeyd edib.

“Barkan”ın üzərinə, həmçinin robot qol inteqrasiya etmək mümkündür. Bununla partlayıcıların zərərsizləşdirilməsi həyata keçirilə bilər.
Ordu.az