Şirkətin marketinq rəsmisi
Ordu.az-a açıqlamasında bildirib ki, “Leonardo” əsas beynəlxalq strateji proqramlarda mühüm rol oynayır və hökumətlərin, müdafiə qurumlarının, qurumların və müəssisələrin etibarlı texnoloji tərəfdaşıdır.
O qeyd edib ki, innovasiya, davamlı tədqiqat, rəqəmsal istehsal və davamlılıq “Leonardo”nun bütün dünyada biznesinin təməl daşlarıdır.
“Biz Azərbaycanla 10 ildən artıqdır ki əlaqədəyik”, - deyə şirkət nümayəndəsi vurğulayıb.

Şirkətin ADEX-də təqdim etdiyi ən diqqətçəkən məhsul M-346FA qırıcılarıdır.
O bildirib ki, M-346FA tandem oturacaqlı, çoxfunksiyalı imkanlara malik qabaqcıl M-346 təlim təyyarəsinin yüngül döyüş versiyasıdır.
“M-346FA yeni nəsil avadanlıq və sensorların əlavə edilməsi ilə təlim təyyarəsinin bütün xüsusiyyətlərini qoruyub saxlayır və bu, onu yüngül döyüş rolunda effektiv əməliyyat platformasına çevirir. Biz istehsal etdiyimiz təyyarələri İtaliya, İsrail, Sinqapur, Polşa, Qətər, Yunanıstan və bir neçə adı açıqlanmayan müştərilərə satmışıq”, - deyə şirkət nümayəndəsi bildirib.

Şirkət nümayəndəsi, təyyarələrin Azərbaycana satılması ilə bağlı məlumat verə bilməyəcəyini qeyd edib.
Onun sözlərinə görə, ADEX sərgisi çox səliqəli, çox yaxşı təşkil olunub.
“Biz arzu edirik ki, İtaliya və Azərbaycan arasında əlaqələr daha da sıxlaşsın”, - deyə şirkət nümayəndəsi vurğulayıb.
Ordu.az