Pakistanın dövlət şirkəti: GIDS Azərbaycana əsasən təhlükəsizlik məhsulları ixrac edir

2022/09/4-9983558196.jpg
Oxunub: 1773     15:32     23 Sentyabr 2022    
ADEX-2022 müdafiə sənayesi sərgisində Pakistanın da bir neçə şirkəti öz məhsullarını təqdim edib. “Global Industrial & Defence Solution” (GIDS) şirkəti sərgidə öz məhsulları ilə iştirakçıların diqqətini çəkib.

GIDS şirkətinin icraçı direktoru Asad Kamal Ordu.az-a açıqlamasında bildirib ki, şirkət Pakistanın əsas müdafiə sənayesi ixracı ilə məşğul olan şirkətidir.

O qeyd edib ki, şirkət Pakistanda kritik müdafiə həlləri hazırlayan digər 5 şirkətdən ibarətdir.


“Hər şirkətin öz sahəsi var. Məsələn, quru, hava, telekommunikasiya sahəsində həllər hazırlayırlar. Şirkət dövlətə məxsusdur”, - deyə Pakistan nümayəndəsi vurğulayıb.

Asad Kamal bildirib ki, ADEX regionda Rusiyadakı sərgidən sonra ən böyük müdafiə sərgisidir və bu, Pakistan üçün çox vacibdir.


“Çünki Pakistan və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur. Ona gorə bizim üçün çox özəldir. Biz üçüncü dəfədir bu sərgidə iştirak edirik. Biz hər dəfə daha müasir layihələr təqdim edirik. Şirkətimiz bu dəfə 24 layihə nümayiş etdirir”, - deyə şirkət əməkdaşı qeyd edib.

GIDS-nin sərgidə məhsulları haqqında danışan Kamal ADEX-də müxtəlif raket sistemlərini, “Şepard II” zərbə tipli Pilotsuz Uçuş Aparatlarını (PUA) nümunə göstərib.


“Siz stenddə sursatlar daşıya bilən PUA-lar görə bilərsiniz. Bizim burada müxtəlif raket sistemlərimiz var. Biz müxtəlif növdə məhsullarımızı nümayiş etdiririk”, - deyə o qeyd edib.

GIDS rəsmisi sərgidə nümayiş etdirilən “Şepard II” zərbə PUA-ları haqqında məlumat verib.


“Bu PUA-nın adı “Şepard II”dir. “Şepard” qartal mənasını verir. Bu bizim şirkətimizin ən yaxşı PUA-sıdır. Platforma iki silah daşımağı bacarır. 660 kiloqram faydalı yük daşıya bilir. Daşıdığı raketlər “Hellfire” raketləri ilə oxşardır. 14 min fit hündürlükdən hədəflərini aşkar edə bilir. O hədəfləri üzərində gecə də kəşfiyyat apara bilir. Hədəflərini lazerlə işarələyə bilir”, - deyə o qeyd edib.

Şirkətin ixracı ilə bağlı suala o belə cavab verib: “Biz istehsal etdiyimiz məhsulları ilk öncə Pakistan ordusuna tədarük edirik. Biz Azərbaycan da daxil olmaqla 16-dan çox ölkəyə məhsullarımızı ixrac edirik”.


O, GIDS-in Azərbaycana əsasən təhlükəsizlik məhsulları ixrac etdiyini bildirib.

“Pakistan və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Bizim əlaqələrimiz qardaşlıq səviyyəsindədir. Biz Azərbaycanla əlaqələrə çox müsbət yanaşırıq. Azərbaycan Pakistanı Kəşmir məsələsində dəstəkləyən ölkələrdən biridir. Biz də eyni zamanda Qarabağ mövzusunda Azərbaycanı tam dəstəkləyirik. Bizim əlaqələrimiz daha da yüksəyə qalxacaq. Biz bir-birimizlə çox yaxınıq”, - deyə o qeyd edib.


Kamal ADEX-in Pakistan və region ölkələri üçün çox vacib sərgi olduğunu vurğulayıb.

“ADEX bizim və region üçün çox vacib sərgidir. Çox yaxşı təşkil olunub. Burada Azərbaycan, Türkiyə, Rusiya şirkətləri iştirak edir. Bu sərgi də göstərir ki, Azərbaycanın önəmi ildən-ilə artır. Buna görə bizim burada iştirak etməyimiz daha da vacib olur”, - deyə o vurğulayıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   ADEX   GDIS  


Bizi "telegram"da izləyin