Türkiyənin Azərbaycana SOM qanadlı raketlərinin satışı ilə bağlı maneə aradan qaldırılır

2021/02/655-1613806217.jpg
Oxunub: 22268     21:58     16 Sentyabr 2022    
Türkiyə və Azərbaycan bu yaxınlarda SOM qanadlı raketinin satışı ilə bağlı razılığa gəliblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin "SavunmaSanayiST" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Fransanın SOM raketlərinin ixracı ilə bağlı tətbiq etdiyi qadağa KTJ-3200 adlı milli turboreaktiv raket mühərriki ilə aradan qaldırılacaq.

Türkiyənin milli imkanlarla inkişaf etdirdiyi SOM qanadlı raketi ölkənin Silahlı Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur.

SOM-B1 qanadlı raketinin maketi 2018-ci ildə Azərbaycanda keçirilən parad zamanı nümayiş etdirilib. Lakin indiyədək Azərbaycan Hərbi Hava Qüvvələrinə SOM-un çatdırılması barədə məlumat açıqlanmayıb.

SOM raketi hazırda Fransanın "Safran" şirkəti tərəfindən istehsal olunan TR40 turboreaktiv mühərrikindən istifadə edir. Fransa raketlərin ixracı ilə bağlı Türkiyəyə problemlər yaradır. Bu kontekstdə Fransanın mühərrik embarqosu səbəbindən SOM qanadlı raketlərinin Azərbaycana ixrac edilə bilmədiyi ehtimal edilir.

Bununla belə, "Kale Arge" şirkəti tərəfindən hazırlanan və seriyalı istehsalı qısa müddət ərzində ROKETSAN-a təhvil veriləcək KTJ-3200 mühərriki ilə həm Türkiyə Hərbi Hava Qüvvələri, həm də Azərbaycan Hərbi Hava Qüvvələri üçün SOM qanadlı raketləri istehsal ediləcəyi gözlənilir. Açıq mənbə məlumatlarına görə, hazırda SOM qanadlı raketləri üçün 400-dən çox rəsmi sifariş var.

Həm ATMACA gəmi əleyhinə raketində, həm də SOM qanadlı raketində istifadə ediləcək mühərrik heç bir ölkənin ixrac icazəsinə tabe deyil. Bu səbəbdən ATMACA və SOM raketləri bundan sonra daha rahat ixrac oluna bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   SOM  


Bizi "telegram"da izləyin