“Hraparak”: Azərbaycan bizim üçün möhtəşəm yol çəkib

2022/09/1662189603.jpg
Oxunub: 3616     17:17     03 Sentyabr 2022    
Avqustun 31-də Xankəndini Ermənistanla birləşdirən Laçın dəhlizi bağlandı və alternativ yol fəaliyyətə başladı.

“Hraparak” nəşri yazıb ki, onun jurnalistləri həmin yolun ilk sərnişinlərindən biri olub. Yol Kornidzoru keçdikdən dərhal sonra, Zabuxa çatmazdan əvvəl başlayır.

“Zabux artıq bizim deyil, rus sülhməramlıları kəndə gedən yolda dayanıb. Laçın şəhəri Zabuxdan sonradır. Yolun hündür hissəsindən Zabuxun qırmızı damlı evləri, o tərəfdə isə yeni salınmış alternativ yol görünür.

Birinci məntəqədə bizi qarşılayan rus sülhməramlısı gözünü qırparaq dedi ki, Laçın artıq bağlıdır, sizə yeni yol çəkiblər. Amma demədi ki, bunu kim tikib, ermənilərə o yaxşılığı kim edib. Bir az irəlilədikdən sonra yeni yola daxil olduq, dedilər ki, onun bir hissəsini erməni tərəfi, digər hissəsini, daha böyük hissəsini isə Azərbaycan çəkib. Bir neçə kilometr keçəndən sonra başqa bir keçid məntəqəsində dayandıq. Rus sülhməramlıları yolu bağladılar, dedilər ki, “Azərbaycan hərbçiləri keçir, 15 dəqiqə çəkəcək, gözləməliyik”. Keçid məntəqəsinin düz yanında yeni tikilmiş körpü var idi. Rusiya sülhməramlıları dedilər ki, onların yolu körpünün altından keçəcək, biz onun üstündən keçəcəyik, amma müvəqqəti olacaq. Sonra dağların arasından keçən yolu göstərərək əlini Gorusa uzatdı və dedi ki, tezliklə Xankəndiyə o yolla gedəcəyik, bu müvəqqətidir. Söhbət tikintisi 10 aya yaxın vaxt aparacaq və Laçın yoluna əsas alternativ yola çevriləcək yoldan gedir.

Biz irəlilədik və azərbaycanlıların çəkdiyi möhtəşəm yolun keyfiyyətinə heyran olmağa başladıq. Yeri gəlmişkən, ilk sərnişinlər Arayik Harutyunyanın başçılıq etdiyi “komanda” olub. Dağları qazan, tunellər salan, körpülər salan düşmənlərimiz bir neçə ay ərzində bütün beynəlxalq standartlara uyğun, lazımi vasitələrlə, keyfiyyətli nişanlarla, yan baryerlərlə, reflektorlarla parlaq yol salıblar. Müəyyən hissədən başlayaraq yolda Azərbaycan dövlət nömrə nişanlı avtomobillər də var. Başa düşdük ki, biz bu yolda sadəcə qonağıq, bu bizim yolumuz deyil, bu sadəcə qonşu dövlətin ermənilərə xoş niyyətinin təzahürüdür. Sabah nə vaxt istəsələr, bizə “verilmiş” bu yolda Azərbaycan vətəndaşlarının sərbəst hərəkətini təhdid edən hər hansı təxribatın qarşısını alacaqlar. Yeni salınan alternativ yol başa çatır və biz artıq Şuşaya gedən yol hissəsinə qoşularaq Laçın dəhlizinin sonuna çatırıq.

Laçından Xankəndinə gedən yoldakı təəssürat azərbaycanlıların çəkdiyi alternativ yolla eyni deyildi. Yolun keyfiyyəti, texnikası, yumşaq desək, azərbaycanlıların çəkdiyi yol ilə müqayisə oluna bilməzdi. Sadəcə olaraq, o yolda özümüzü fiziki cəhətdən yaxşı hiss edirdik, ruhən sıxılırdıq. Bir anlıq xatırladıq ki, Ermənistan və Qarabağ (qondarma qurum – red.) bu otuz ildə normal yollar çəkə bilərdi ki, bu gün Azərbaycanın çəkdiyinə heyran qalmayaq.

Şuşanın yol ayrıcında, İsa bulağının kəsişməsində, artıq azərbaycanca “İsa Bulağı” yazılan lövhənin altında rus sülhməramlısı yenidən bizi saxladı, yenə də Azərbaycan maşını keçirdi. Gözlədik, keçdilər”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zabux   Laçın  


Bizi "telegram"da izləyin