Ordu.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” nəşri yazıb.
Nəşr Sibirdəki “Termokarstovoye” qaz yatağından çoxməqsədli təyyarələrdən ibarət eskadriliyaların olduğu iki aviabazaya yanacaq daşındığını aşkar edib.
Nəşr bildirir ki, bu eskadrilyalar martın 16-da Mariupolda teatrın bombalanması da daxil olmaqla, Ukraynanın mülki əhalisinə zərbələr endirməkdə günahlandırılır.
“TotalEnergies” (keçmiş “Total”) 2021-ci ildə bildirib ki, “Termokarstovoye” yatağından qaz hasil edən “Terneftegaz” şirkətinin 49 faizinə sahibdir.
Qalan 51 faiz, Rusiyanın “Novatek” şirkətinə məxsusdur. Bu şirkətin də 19,4 faizi Fransaya məxsusdur.
“Le Monde” yazıb ki, təbii qaz kondensatları maye karbohidrogen boru kəməri ilə Purovskidəki Novatek zavodunda emal üçün göndərilir. Onlar daha sonra təyyarə yanacağına çevrilmək üçün dəmir yolu ilə Sibirin cənubundakı Omsk şəhərinə aparılır. Məlumatlar göstərir ki, müharibə başlamazdan bir neçə gün əvvəldən iyul ayına qədər Morozovsk və Malşevodakı aviabazalara 42,7 min ton yanacaq göndərilib. Bu, 3400 ədəd Su-34-ün yanacaq çənini doldurmaq üçün kifayətdir.
Sevinc Əliyeva
Ordu.az