Kuleba: "Rusiyalı turistlərin Aİ və G7 ölkələrinə səyahəti qadağan edilməlidir"

2022/03/1fbeb-1646909489.jpg
Oxunub: 366     12:33     25 Avqust 2022    
"Rusiyalı turistlərin, iş adamlarının və tələbələrin Aİ və G7 ölkələrinə səyahəti qadağan edilməlidir. Bu, Rusiyanın təcavüzkar soyqırım müharibəsinə layiqli cavabdır".

Ordu.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Politico"-da dərc olunan "Rus turistlərin üzünə qapını bağlayın" adlı məqaləsində bildirib.

"Bəs niyə adi ruslara sanksiya tətbiq olunsun?" deyə soruşurlar. Çünki onların böyük əksəriyyəti bu müharibəni dəstəkləyir, dinc ukraynalıların qətlini alqışlayır, Ukrayna şəhərlərinə raket zərbələrini alqışlayır və Rusiyanın hərbi cinayətlərini inkar edir. Törədilən cinayətlərə görə hüquqi məsuliyyət fərdi olsa da, Ukraynada törədilən dəhşətlərə görə bütün rusların daşımalı olduğu ümumi sosial məsuliyyət də var. Bununla belə, Rusiyada müharibəyə kütləvi xalq dəstəyi bəzi Avropa liderlərinin görməyə hazır olmadığı acı bir reallıqdır".

Dmitri Kuleba Almaniya kansleri Olaf Şoltsun mövqeyinə də münasibət bildirib.

"Məsələn, Almaniya kansleri Olaf Şolts özünün “Putinin müharibəsi” konsepsiyasını təkrarlamağa davam edir. Ancaq almanlar hamıdan yaxşı bilirlər ki, ümumi sosial məsuliyyət mövcuddur, ümumi günahı öz üzərinə götürmək keçmişin ümumi səhvlərini aradan qaldırmağın yeganə yoludur. Almanlar nəsillər boyu ölkələrinin İkinci Dünya Müharibəsində etdiklərinə görə təqsirkar hiss ediblər. Günahı yalnız prezident Vladimir Putinin üzərinə atmaq təhlükəli dərəcədə sadəlövhlükdür. Rusların nəsilləri ölkələrinin etdiklərinə görə ümumi məsuliyyət və təqsiri öz üzərinə götürənə qədər Rusiya dəyişməyəcək. Buna görə də, bütün Aİ və G7 ölkələrinin ruslara turist vizalarının verilməsini dayandırması, onları ayıltmaq üçün ilk addım kimi vacibdir. Ruslar beynəlxalq sərhədlərə hörmət etməyi öyrənənə qədər onları keçmək hüququndan məhrum edilməlidir", o məqaləsində deyib.

Ukrayna XİN başçısı əlavə edib ki, kiçik azlıq Kremlə və onun Ukraynaya qarşı elan etdiyi müharibəyə qarşıdır. "Onlardan bəziləri ölkədə təqib riski ilə üzləşir və sığınacaq axtarmaq imkanını saxlamalıdır. Əminəm ki, həssas qruplar üçün bütün zəruri prosedurlar qüvvədə qalacaq. Eyni şəkildə, humanitar əsaslarla giriş də mümkün qalmalıdır. Ancaq turizm və vacib olmayan səyahətlər indi dayandırılmalıdır. Müharibənin tərəfdarı olan ruslar sadəcə olaraq qərar verməli olacaqlar: Avropanı dağıtmaq, yoxsa orada istirahət etmək istəyirlər?".

Nazir bildirib ki, Ukraynaya qarşı təcavüzü dəstəkləyənlər, eyni zamanda, daha yüksək qaz qiymətləri və inflyasiya yaratmaq, siyasi qeyri-sabitliyi qızışdırmaq üçün enerjini silah kimi istifadə edərək Rusiyanın Avropaya və Qərbə qarşı təcavüzünü dəstəkləyir.

"Brandenburq darvazasında və ya Eyfel qülləsində gülümsəyərək selfi çəkdirən rusiyalı turist, çox güman ki, Putinə də pərəstiş edən və avropalıların bu qışı dondurmasını istəyən biridir. Putinin tərəfdarları Rusiyanın qlobal güc olmasını istəsələr də, eyni zamanda onu Şimali Koreya kimi təcrid vəziyyətinə salan siyasəti dəstəkləyirlər. Dünyadakı hər kəsin onlara hörmət etməsini istəsələr də, özləri başqalarına hörmətsizlik edirlər. Amerikanın müharibələri haqqında saatlarla danışa bilsələr də, onlar öz ölkələrinin Ukraynaya təcavüzünü dəstəkləyirlər".

Ukraynalı nazir SSRİ dağıldıqdan sonra Rusiyanın heç vaxt sovet cinayətlərinə görə günahı öz üzərinə götürmədiyni və sorğulara əsasən rusların təxminən 60 faizinin hələ də Stalinə müsbət baxdığını xatırladıb.
Ukraynalı nazir bildirib ki, "ruslar avropalıların rifahına paxıllıq edir və eyni zamanda nifrət edir. Onlar Avropa dəyərlərini alçaltmaqdan və Avropanın tezliklə dağılacağı barədə fantaziyalardan həzz alırlar, lakin onlar tətillərini Biarritzdə keçirməyi və övladlarını Londondakı məktəbə göndərməyi üstün tuturlar. Bu ikili standart davam edə bilməz və onların turist səyahətinə qadağa qoyulması qeyri-müəyyənliyə son qoyacaq. Turizm sülhün və insanlığın nailiyyətidir. Beynəlxalq sülhü pozan dövlətlər dinc yanaşı yaşamaq imtiyazlarını itirməlidirlər".

Ukrayna XİN başçısı rusiyalı turistlərə sanksiyanın tətbiqini bu ölkəyə qarşı "ən təsirli sanksiya" kimi xarakterizə edib. "Bəzi digər məhdudlaşdırıcı tədbirlərdən fərqli olaraq, bu, demək olar ki, heç bir xərc tələb etmir, təhlükəsizliyi artırır, əlavə qanunvericiliyə ehtiyac duymur və bütün ruslara güclü siqnal göndərir. Bu siqnalda deyilir ki, Putin və tərəfdarları Rusiyanın Avropaya qapılarını bağlayıblar".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Kuleba  


Bizi "telegram"da izləyin