Əlbəttə, bu, kifayət qədər maraqlı açıqlamadır və görünən odur ki, Kreml hələ Putinin iştirak formatını dəqiqləşdirməyib. Ekspertlər artıq bəyan etməyə başlayıblar ki, dünya indi qlobal diplomatik çağırış gözləyir və sammit, çox maraqlı olacaq.
Vaşinqton Putinin Balini ziyarət etməyəcəyinə, yaxud sammitdə iştirak etməyəcəyinə, ən yaxşı halda videomüraciətlə çıxış edəcəyinə ümid edirdi. İndoneziya hakimiyyəti inanılmaz təşkilatçılıq istedadı nümayiş etdirməli olacaq ki, 2014-cü ildə Brisben sammitində (Avstraliya) baş verən xoşagəlməz hadisələr olmasın, ona görə də, bəlkə də Putin digər qonaqlardan bir az əvvəl oraya gedəcək. O zaman bir çox ekspertlər “Putinin tənhalığı”na diqqət yetirərək, Moskvanın G20 formatından öz xeyrinə istifadə edə bilmədiyi, tərəfdaşlarının da Qərbin aparıcı dövlətləri ilə mübarizəyə hazır olmadıqlarını nümayiş etdirdiyindən yazacaqlar.
2014-cü ildən Rusiya ilə Qərb arasında gərginlik artıb. İyul ayında artıq İndoneziyada xarici işlər nazirlərinin sammiti keçirilib və Qərbi təmsil edənlər Ukrayna böhranına etiraz əlaməti olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrovu boykot etməyə hər cür cəhd ediblər. Məsələn, Lavrovla G7 ölkələrinin xarici işlər nazirləri şəkil çəkdirməkdən, birlikdə bayram şam yeməyində iştirak etməkdən və ya ayrı-ayrılıqda görüşməkdən imtina ediblər. Nəticədə Lavrov İndoneziyanı erkən tərk edib.
Amma indi vəziyyət daha ciddi olacaq. Əvvəllər “çiçəklər” olan yerdə indi “meyvələr” yetişib. Vladimir Putin ora daxil olanda sammit iştirakçıları baykot edib zalı tərk edəcəklərmi? Bu, tamamilə mümkündür. Yaxud köməkçilər liderlərin marşrutlarını elə təşkil edəcəklər ki, görüşməsinlər.
ABŞ-da Putinin iştirak edəcəyi təqdirdə sammitin tamamilə boykot edilməsi məsələsi belə müzakirə olunsa da, belə bir qərar qəbul edilmədi. Çünki bu, Baydenin təşəbbüsü Putinə verməsi demək olardı. Üstəlik, Amerika nəşrlərinin yazdığına görə, Co Bayden və Çin lideri arasında son üç ildə ilk dəfə görüş planlaşdırılır. Əgər belə bir görüş olarsa, bu, Amerika siyasi elitasının nümayəndələrinin Tayvana səfərlərindən sonra kifayət qədər mürəkkəb və gərgin atmosferdə baş tutacaq. Bəzi ekspertlər nikbindir və hesab edirlər ki, Çin-Amerika münasibətləri indiki qədər pisləşməyəcək. Çünki məsələn, Nensi Pelosinin Tayvana səfərindən əvvəl Bayden və Si Cinpin iki dəfə telefonla danışıblar və bu barədə razılığa gəlmək mümkündür.
Ümumilikdə belə bir fikir var ki, istənilən halda bu görüşdən sonra Çin Tayvan məsələsini hərbi yolla həll etməklə bağlı addım atmayacaq. Vaşinqtonun Pekinə Rusiyanın rolunun çox kiçik olacağı və Rusiyanın daha da təcrid olunacağı beynəlxalq təhlükəsizlik mexanizmi və ya çərçivəsini təklif etməsi mümkündür.
Təbii ki, bu, son deyil, çünki Ukrayna prezidenti Zelenski də ora səfər edəcək. Və bu, hər şeyi daha maraqlı edir. Amma hər halda, intriqa nə qədər cəlbedici və müəmmalı olsa da, inkişafın və ya nəticələrin necə olacağını anlamaq üçün noyabr ayını gözləmək lazımdır.
Dəyanət Ağalarlı
Ordu.az