Bunun əvəzinə o, ABŞ-ın bu münaqişəni uzatdığını iddia edib.
“Onlara öz hökmranlıqlarını saxlamaq üçün münaqişələr lazımdır. Ukrayna xalqı onların “anti-Rusiya” layihəsini həyata keçirməsi üçün top yemidir. Buna görə də onlar neonasist ideologiyasının yayılmasına, Donbas sakinlərinin qırğınlarına göz yumdular, Kiyev rejimini ağır silahlarla təmin etdilər və təmin etməkdə davam edirlər”, - deyə Rusiya prezidenti bildirib.
Moskva rəsmi Kiyevi təxribatda ittiham edib
Putin hərbi əməliyyatların dayandırılması ilə bağlı heç bir işarə verməyib. Döyüş meydanında da müharibənin dayandırılmasından əsər-əlamət yoxdur. Bu yaxınlarda Rusiya tərəfi Xarkov şəhəri də daxil olmaqla Ukraynanın yaşayış məntəqələrini də bombalayıb.
Rusiyanın ilhaq etdiyi Krımda da partlayışlar olub. Rusiyanın hərbi ehtiyatları ikinci dəfə hədəfə alınıb. Və bir neçə gün əvvəl Moskva baş verənlərin ehtiyatsızlığın nəticəsi olduğunu bəyan etsə də, bu gün rəsmi olaraq Kiyevi təxribatda ittiham edib. Rusiya hərbi idarəsinin məlumatına görə, mülki obyektlərə, o cümlədən elektrik xətləri, elektrik stansiyaları, dəmir yolu xətləri və yaşayış binalarına ziyan dəyib.
Ukraynalıların Rusiyanın nəzarətində olan əraziyə necə daxil olduğu barədə rəsmi məlumat verilmir. Rusiya dövlət mediası isə zərbənin PUA-ların köməyi ilə həyata keçirildiyini iddia edir.
Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojyedə vəziyyət mürəkkəb olaraq qalır. Ukrayna və daha 42 dövlət Rusiyadan qoşunlarını Atom Elektrik Stansiyasının ərazisindən çıxarmağı tələb edir, Birləşmiş Millətlər Təşkilatı stansiyanın ətrafında demilitarizasiya zonası yaratmağı təklif edir. Rusiya tərəfi isə təkid edir ki, Rusiya ordusu AES-in təhlükəsizliyini təmin etmək üçün oradadır. Moskva həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, MAQATE-nin mütəxəssislərinə baş çəkməyi təklif edir və eyni zamanda vurğulayır ki, müfəttişlər öz təhlükəsizlikləri üçün Rusiyanın nəzarətində olan ərazidən keçməklə AES-ə getməlidirlər.
Bundan əvvəl nüvə stansiyası yenidən bombalanıb və buna görə tərəflər bir-birini günahlandırıblar. Rusiya Müdafiə Nazirliyi bildirir ki, bazar ertəsi Ukrayna hərbçiləri Enerqodar və AES istiqamətində 25-ə yaxın ağır artilleriya zərbəsi endiriblər.
“Marqanets qəsəbəsindən Zaporojye atom elektrik stansiyası bombalanıb, nəticədə AES-i təmin edən elektrik şəbəkəsi zədələnib”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Moskva iddia edir ki, Rusiya tərəfi Ukraynada nüvə və kimyəvi silahdan istifadə etmək niyyətində deyil.
Rəsmi Moskva bəyan edir ki, yayılan iddiaların əksinə olaraq, Rusiya tərəfi Ukraynada nüvə və kimyəvi silahdan istifadə etmək fikrində deyil. Müdafiə naziri Sergey Şoyqu bu barədə yayılan xəbərləri tamamilə yalan adlandırıb və Ukraynada hərbi baxımdan nüvə silahından istifadəyə ehtiyac olmadığını iddia edib.
“Rusiyanın nüvə silahlarının əsas məqsədi nüvə hücumunun qarşısını almaqdır. Bu cür silahların istifadəsi fövqəladə hallarla məhdudlaşır”, - deyə Şoyqu bildirib. Ukraynaya qarşı hərbi hücuma başlayandan sonra Moskva, Kiyev və üçüncü dövlətlərin nümayəndələri müntəzəm olaraq nüvə münaqişəsi təhlükəsini bəyan edirlər.
Bu yaxınlarda BMT fevral ayında başlayan müharibənin itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb. Müvafiq olaraq, indiyədək Ukraynada ən azı 5500 dinc sakin həlak olub. Üstəlik, beynəlxalq ekspertlər bunun yalnız sənədləşdirilmiş ölümlər olduğunu vurğulayırlar. Real rəqəmlər daha çox ola bilər.
Sevinc Əliyeva
Ordu.az