İlham Əliyev Monqolustanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

2022/08/1660806966.jpg
Oxunub: 507     13:48     18 Avqust 2022    
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib.

Ordu.az xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş etdi.

Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirdi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini dedi, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğuladı. Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd etdi və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini dedi. Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırdı.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul etdi.

Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

***
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monqolustan   Səfir  


Bizi "telegram"da izləyin