Laçın, Zabux və Sus sakinləri Böyük Qayıdışı salamlayır - İlham Əliyevdən xatırlatmalar

2022/08/16603-1660565896.jpg
Oxunub: 686     11:55     17 Avqust 2022    
Azərbaycan prezidenti İlham Əliyev ötən həftə bəyan edib ki, rəsmi Bakı Laçın, Zabux və Susa azərbaycanlıların köçürülməsinə hazırlaşır.

“Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlət qaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”, - deyə dövlət başçısı AzTV-yə müsahibəsində bildirib.

Laçın dəhlizinə alternativ yol artıq hazırdır. Bu dəhlizdə yerləşən yaşayış məntəqələri Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Artıq bu kəndlərdə qanunsuz yaşayan ermənilərə avqustun 25-dək vaxt verilib.

Prezident İlham Əliyev bir daha bəyan edib ki, Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur.

“Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Nədən söhbət gedir? Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi”, - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev qeyd edib ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək

“Mən nəyi deyirəmsə, onu da həmişə icra edirəm. Yeni Laçın yolunun inşası zamanı biz bunu gördük. Çünki mən deyə bilərəm ki, biz bu yolu təzə inşa etməyə başlayanda rus sülhməramlıları bizim inşaatçıları elə bil ki, qoruyurdu yerli əhalidən, ya da ki, onları bizdən, bizim inşaatçılardan. Bilmirəm kimi kimdən qoruyurdu, amma hər halda onlar var idi orada. Bir müddətdən sonra onlar çıxıb getdilər və təqribən son 6-7 ay ərzində, ümumiyyətlə, yol boyunca bir dənə də Rusiyanın sülhməramlıları yox idi, ehtiyac yox idi. Bizim inşaatçılar oradakı kəndlərdə yaşayan yerli ermənilərlə təmasda idilər, hətta onların bəziləri gəlib kömək edirdi, təşəkkürünü bildirirdi ki, belə keyfiyyətli yol tikirik. Nəinki Qarabağın, Ermənistanın tarixində belə keyfiyyətli yol olmayıb. Onların tikdirdiyi yollar indi dağılır, bir il hələ keçməyib. Ona görə bu təmaslar artıq gedir və bu, çox önəmlidir, mən də bunu alqışlayıram. İnsanlar arasındakı təmaslar uzunmüddətli sülhə xidmət göstərəcək”, - deyə Ali Baş Komandan qeyd edib.

Prezident vurğulayıb ki, Ermənistanla sülh danışıqlarına başlamalıyıq.

“Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”, - deyə Prezident bildirib.

İlham Əliyev növbəti dəfə təxribata əl atan ermənilərə xəbərdarlıq edib.

“Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır”, - deyə o qeyd edib.

Prezident İlham Əliyev bu açıqlamaları son toqquşamlardan sonra verib. Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı “Qisas” adlı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 19-u yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb. "Qisas" əməliyyatı zamanı Qırxqız, Buzdux, Sarıbaba kimi yüksəkliklərə nəzarət bərpa edilib.

Bu vəziyyətdən sonra rəsmi İrəvanın deməyə sözü yoxdur...

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Zabux   Sus  


Bizi "telegram"da izləyin