Erməni politoloq: “Rusiya nə qədər prosesdə az iştirak edərsə, tərəflərin uğur şansları da bir o qədər çox olar”

2022/08/1660566123.jpg
Oxunub: 574     19:11     15 Avqust 2022    
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İvan Naçayev Ermənistan və Azərbaycan liderlərinin Rusiya vasitəçiliyi ilə mümkün görüşü barədə sualı cavablandırarkən bildirib ki, avqustun sonunadək üçtərəfli yüksək səviyyəli görüşün təşkili planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüşüblər, o zaman liderlərin iyul və ya avqustda yenidən bu formatda görüşəcəyi açıqlanıb.

Erməni politoloq Ruben Mehrabyan deyir ki, Moskva çətin şəraitdə işləyir və çox tələsir.

“Bu təşəbbüsün arxasında qorxular var. Moskva bu eskalasiyadan sonra yaranmış vəziyyətdə siyasi aktivlərini konsolidasiya etmək istəyir, ona görə də üçtərəfli görüşə ehtiyacı var”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ikitərəfli təmaslara təcili ehtiyac var.

“Həm Tbilisi formatında xarici işlər nazirləri formatında, həm də Brüssel formatında, ölkə liderləri arasında görüşlər olmalıdır. Prosesin uğuru Rusiyanın burada mövcudluğu ilə düz mütənasibdir. Rusiya nə qədər prosesdə az iştirak edərsə, tərəflərin uğur şansları da bir o qədər çox olar”, - deyə erməni politoloq vurğulayıb.

O qeyd edib ki, rusların Brüsselin təşəbbüsünü ələ almaq imkanı yoxdur və onlar bunu çox yaxşı başa düşürlər.

“Onlar hətta Brüssel formatı ilə də öz missiyasını xilas etməyə, yəni özlərinin başladıqları prosesdə davamlılıq verməyə çalışırlar ki, təcili olaraq bəzi nəticələr əldə etsinlər. Zaman onların əleyhinə işləyir və bu, Rusiya ordusunun Ukraynadakı rüsvayçı nəticələri ilə bağlıdır və bunun çox aydın siyasi nəticələri olacaq. Ona görə də Rusiya paralel oyunu aktual saxlamağa çalışır”, - deyə politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin