Bir qrup QHT nümayəndəsi Azərbaycan səfirliyinə hücumu pisləyib

2022/08/1659675868.jpg
Oxunub: 360     15:22     11 Avqust 2022    
Biz - Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi istiqamətində fəaliyyət göstərən bir qrup QHT nümayəndəsi olaraq avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dindarların hücumunu və onların törətdiyi vandalizm aktını pisləyir, bayrağımıza, səfirliyin əməkdaşlarına və binasına qarşı edilən hərəkətləri həm Böyük Britaniyanın imicinə zərbə vurduğunu, həm də beynəlxalq və onun ayrılmaz hissəsi olan diplomatik hüquqa zidd olduğunu bəyan edirik.

Ordu.az xəbər verir ki, bu fikirlər Azərbaycanın bir qrup QHT nümayəndəsinin ölkəmizin Böyük Britaniyadakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanatında yer alıb.

Bildirilib ki, hadisədən artıq bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi təkcə avqustun 5-də bir açıqlama verib. Bu açıqlamada isə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin ölkəmizin Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pislədiyini və bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını vurğulayıb. Hadisədən bir gün sonra verilən bu açıqlamada hadisəni törədənlərin kim olduğunu Böyük Britaniya hökuməti hələ də müəyyənləşdirə bilməyib və onları, sadəcə olaraq, “etirazçılar” adlandırıb. Hadisənin vandalizm aktı olduğu, Azərbaycan bayrağına qarşı törədildiyi və polislərin gözü qarşısında baş verdiyi halda niyə “etirazçılar” kimi təqdim olunduğu çoxlu suallar doğurur. Hadisə ilə bağlı xəbərdarlıq Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniyanın aidiyyəti qurumlarının diqqətinə çatdırılsa da, hələlik Krallıq hökuməti tərəfindən ciddi açıqlama verilməyib. Məlumat üçün bildiririk ki, 1961-ci il aprelin 18-də qəbul edilmiş Diplomatik əlaqələr haqqında Konvensiyanın 22-ci maddəsinə əsasən, nümayəndəlik binaları toxunulmazdır. Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq, onun sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq belə hesab edirik ki, ölkəmizin səfirliyinə hücumun məsuliyyətini Böyük Britaniya bir dövlət kimi qəbul etməli, Azərbaycan xalqının narahatlığını başa düşməli, baş vermiş hadisəni ciddi araşdırmalı, cavabdehlərin tapılıb cəzalandırılmasını təşkil etməli, nəticələr barədə Azərbaycan hökumətinə və xalqına məlumat verməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin