Fuad Axundov erməni alimləri “Tiqranakertin qalıqları” ilə tanış olmaq üçün Ağdama dəvət edib

2020/10/Fuad--1601539172.jpg
Oxunub: 759     20:31     10 Avqust 2022    
Politoloq Fuad Axundov mifik “Tiqranakert” ətrafındakı tarixi saxtakarlıqlara, nəhayət, son qoymaq üçün erməni tarixçi, elmlər doktoru Stepan Stepanyantsı Ağdama gəlməyə və Şahbulaq qalasını görməyə dəvət edib.

Ordu.az xəbər verir ki, erməni alimin “sübutları"nı təhlil edən politoloq "Report"a açıqlamasında bildirib ki, erməni tarixçi, elmlər doktoru Stepan Stepanyants Qarabağda “Tiqranakert”in olduğunu, “Əliyevabad”ın isə olmadığını bəyan etməklə növbəti dəfə Ermənistanın Qarabağa olan “hüquqları"nı əsaslandırmaq qərarına gəlib: "Bunun qarşılığında isə digər erməni tarixçi Filipp Ekozyants ona ironik cavab verərək Qarabağda “Köçəryankert” və ya “Sarqsyankert”in də olmadığını bildirib. Xatırladaq ki, ermənilər Azərbaycanın Ağdam rayonu ərazisində yerləşən Şahbulaq qalasını və onun yanında yerləşən şəhərciyi “Tiqranakert” kimi qələmə verirlər. XVII əsrdə tikilmiş bu qala heç bir halda antik hesab oluna bilməz. Ermənilər üzərində bir qədər dəyişikliklər edilmiş müsəlman hamamını qədim erməni kilsəsi, dərin tarixə malik olmayan müsəlman tikililərini isə “antik erməni şəhərciyi” kimi qələmə verməyə çalışırlar”.

“İlk növbədə, elə erməni mənbələrini təhlil etsək, məlum olur ki, Xaçınçayın sahilində aşkar edilmiş şəhər Kiçik Asiya yarımadasında və Cənubi Qafqazda aşkar edilmiş sayca dördüncü “Tiqranakert”dir. Məntiqlə, bu şəhərlərin hər biri “Böyük Ermənistan”ın paytaxtı olub. Amma necə olur ki, Tiqran - nə qədər böyük olur-olsun, hakimiyyəti dövründə düz 4 şəhər salıb? Şəhər salmaq ölkədən böyük güc, resurs və xərc tələb edən genişmiqyaslı işdir. Təkcə I Pyotru və Sankt-Peterburqun tikintisini xatırlamaq kifayətdir. Rəhbərlik etdiyi dövlət Pyotrun imperiyası qədər böyük olmayan Tiqran nə az, nə çox, düz 4 “Tiqranakert” salıb? Özü də onlar haqqında məlumatlara yalnız erməni mənbələrində rast gəlmək olar”, - o deyib.

Politoloqu maraqlandıran daha bir sual bu “Tiqranakert”lərin yoxdan var olmasının həmin ərazilərdə siyasi qasırğaların baş verməsi dövrünə təsadüf etməsidir: "Məsələn, hazırki Diyarbakır şəhərinin yerləşdiyi yerdə “Tiqranakert”in aşkar edilməsi Birinci Dünya müharibəsi ərəfəsində və Türkiyənin Şərqi Anadoludakı 6 vilayətini “Qərbi Ermənistan”da birləşdirmək planları qurulan zaman baş verib. Azərbaycanın işğal edilmiş Ağdam rayonunda “Tiqranakert”in aşkar edilməsi isə BMT Təhlükəsizlik Şurasının Ermənistandan öz qoşunlarını bu ərazidən çıxarmasını tələb edən qətnamənin qəbulu ilə üst-üstə düşüb. Bu təsadüfdürmü?”.

F.Axundov qeyd edib ki, erməni mənbələri hətta Ağdamdakı “qədim yaşayış məskəni”ndə xaçkarlar da tapıb, halbuki bu xaç daşları xristian dövrünə aiddir: “Daha bir qeyri-müəyyənlik. Filip Ekozyantsın “vardapetlər” adlandırdığı erməni tarixçilər Ağdamda “qədim şəhərcik” aşkar etdiklərini iddia edirlər. Məhz bu versiyanı RBK da erməni mənbələrinə istinadən “dilə gətirir”. Amma deyilir ki, “antik şəhərcik”də xaçkar aşkar edilib. Bəs bunu necə başa düşək? Xaçkarlar hətta ermənilərin versiyasına görə, xaç daşlarıdır, onlar artıq xristian ənənəsinə aiddir və eramızın III əsrindən əvvəl meydana çıxa bilməzdi. Bəs onda “antik şəhərcik”də xaçkar nə gəzir? Nəhayət, Qarabağ xanlığının ərazisində “Tiqranakert”in olması ilə bağlı qeyri-erməni mənbələrindən hansında etibarlı məlumat var? Bağışlayın, amma müasir videobloqlar və ya sosial şəbəkələrdə yerləşdirilən və XX əsrin 50-ci illərində tikilmiş Mingəçevir su anbarının belə təsvir olunduğu “Böyük Ermənistanın xəritələri” sübut kimi qəbul edilə bilməz”.


“Biz yaxşı başa düşürük ki, yutubda qiyabi müzakirə ən yaxşı yol deyil. Ona görə də cənab Stepanyantsı və onun həmkarlarını rəsmi olaraq Azərbaycanın Ağdam rayonuna və erməni elmi mühitində “Tiqranakert” adlandırılan Şahbulaq qalasına, yaxınlıqdakı şəhərciyə səfərə dəvət edirik. Təbii ki, bütün maliyyə məsələlərinin həllini, səfərin təşkilini və təhlükəsizliyi, o cümlədən minalardan təmizləməni Azərbaycan tərəfi öz üzərinə götürür”, - politoloq deyib.

O vurğulayıb ki, dünyada tarixi tikililərin hansı dövrə aid olmasını müəyyənləşdirməyin ümumi qəbul olunmuş üsulları mövcuddur və burada tikinti texnologiyası, daş emalı, daşların bərkidilməsi üçün istifadə olunan qarışıq, hörgü texnologiyaları və s. nəzərə alınır: "Nəhayət, memarlığın “milli özəllikləri” var ki, bu və ya digər qalanın məmlüklər, səlcuqlar, səlibçilər və ya başqaları tərəfindən tikilməsi sualına dəqiq cavab verməyə imkan verir. Əminik ki, tarix elmləri doktoru Stepan Stepanyants bu elementar həqiqətləri bilir və Ermənistanın paytaxtında turistlərlə etdikləri kimi (XX əsrin tikilisini “Erebuni qalası” adı altında təqdim edirlər) saxtakarlıqla məşğul olmağa çalışmayacaq”.

“Başqasının torpaqlarına iddia formasında çalarları olan “feyklər”in nəticəsinin nə qədər ağır ola biləcəyini isə Ermənistanda bilməlidirlər. Hər iki ölkənin auditoriyası 44 günlük müharibədən sonra Ermənistan üçün heç bir ironiyasız çətin keçən günlərdə İrəvan hava limanında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın döyüldüyünü gözəl xatırlayır. Çünki o, müharibə ərzində “Azərbaycan Ordusunun belini qırdıq”, “Mən indi Hadrutdayam və burada bir azərbaycanlı belə yoxdur” kimi sərsəm fikirlərlə erməniləri aldatmışdı. Odur ki, “feyklər”lə vətəndaşların “beynini yumaq” yaxşı şey deyil, əks halda kimsə buna görə yenə “qapaz” yeyəcək. Ən əsası, biz cənab Stepanyantsa xatırlatmağı özümüzə borc bilirik ki, qüsursuz şəkildə sübut edilmiş heç bir tarixi fakt belə beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla yenidən cızılması üçün əsas ola bilməz. Dünya xəritəsində buna dair çoxlu sübut var - romalıların yaratdığı, amma İtaliyanın deyil, Almaniyanın bir hissəsi olan Kölndən tutmuş Kordova xilafətinin çoxlu izlərinin olduğu İspaniyaya qədər. Hələ son yüzilliklərdə əl dəyişdirmiş Elzas və Lotaringiya, Cənubi Tirol və bir çox başqa əraziləri saymırıq. Azərbaycanın Ağdam rayonunda qəfildən “aşkar edilmiş” “Tiqranakert” barədə nəinki qüsursuz sübuta yetirilmiş, hətta, ümumiyyətlə, bir az da olsa anlaqlı tarixi isə fakt hesab etmək mümkün deyil. Mən özüm də yaxşı xatırlayıram ki, bir erməni professor erməni jurnalistə müsahibəsində təəccüblənərək nə üçün oranın "Tiqranakert" olduğunu iddia etdiklərini soruşmuş, buna dair sübutun olmadığını bildirmişdi. Bir sözlə, cənab Stepanyants, mən sizi və digər erməni alimləri gəlib bu “Tiqranakert” adlandırdığınız xarabalıqlara baxmağa, sonra isə bir sadə suala cavab verməyə dəvət edirəm: bu xarabalıqları antik dövrlərin tikililərinə aid etmək olarmı? Əminəm ki, Ermənistanda az-çox obyektiv alimin yaşadığı təzyiqlərə baxmayaraq, Ermənistanda qəbul edilən postulatlara nə qədər zidd olsa da, siz faktı etiraf etməkdən çəkinməyəcəksiniz”, - F.Axundov fikrini tamamlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin