Rusiyada hipersəs raketləri ilə bağlı casusluq işində daha bir nəfər həbs edilib

2022/08/Kh-47-1659961475.jpg
Oxunub: 1301     16:29     08 Avqust 2022    
Rusiyanın Novosibirsk Nəzəri və Tətbiqi Mexanika İnstitutunun (ITPM) direktoru Aleksandr Şiplyuk vətənə xəyanətdə ittiham edilərək həbs edilib.

Ordu.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, o, həbs olunmazdan əvvəl institutda axtarış elan edilib.

Aleksandr Şiplyukun həbsi Rusiyanın hipersəs silahları haqqında məlumatların xaricə ötürülməsi, yəni casusluq ittihamı ilə bağlıdır. Rusiya Federasiyası hökumətinin hərbi-sənaye komissiyasının elmi-texniki şurasının eksperti Şiplyuk hipersəs texnologiyaları laboratoriyasına rəhbərlik edir.

Qərarın və həbsin ITPM-in baş müstəntiqi Anatoli Maslovun işi ilə əlaqəli olduğu güman edilir, o, hipersəs tədqiqatları ilə bağlı məlumatları Çinə ötürməkdə şübhəli bilinərək iyunun 27-də saxlanılıb. İş Rusiya kəşfiyyatı tərəfindən araşdırılır.

2018-ci il martın 1-də Rusiya prezidenti Vladimir Putin Rusiyanın “Zirkon” adlı hipersəs raketi hazırladığını bəyan edib. 2021-ci ilin dekabrında Putin bu silahların qüsursuz sınaqdan keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, dünyada heç kimdə belə silahlar olmayıb. 2022-ci ildə “Zirkon” raketləri Rusiya ordusuna çatdırılmağa başlayıb.

Bu, son iki ayda Novosibirskdə alimin həbs olunduğu üçüncü haldır. İyunun 30-da Novosibirsk Dövlət Universitetinin kvant optik texnologiyaları laboratoriyasının rəhbəri, Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Lazer Fizikası İnstitutunun elmi işçisi, 54 yaşlı Dmitri Kolker saxlanılıb. Alim ölümcül xəstə idi. Ona dördüncü mərhələdə mədəaltı vəzi xərçəngi diaqnozu qoyuldu. Kolker həbsindən iki gün sonra dünyasını dəyişib.

Hipersəs raketlər ballistik raketlər kimi Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Rusiya Müdafiə Nazirliyinin 2022-ci ilin mart ayında verdiyi açıqlamada Ukraynanın qərbindəki Delyatın kəndindəki sursat anbarına Rusiya ordusunun həyata keçirdiyi hücumda “Kinjal” hipersəs raketindən istifadə edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hipersəs  


Bizi "telegram"da izləyin