Qarabağda son vəziyyət, Putin-Ərdoğan görüşünə hazırlıq və ABŞ-ın narahatlığı - İCMAL

2022/08/1659705826.jpg
Oxunub: 96     14:30     05 Avqust 2022    
Vəziyyət gərginləşir

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib. Nəticədə 4 erməni terrorçusu məhv edilib, 19-u yaralanıb. Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

Paşinyan toqquşmadan sonra hökuməti toplayıb. O əmin edib ki, Qarabağda Ermənistan hərbçiləri yoxdur.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iddia edib ki, Azərbaycanın Laçın dəhlizi əvəzinə Qarabağı Ermənistanla başqa marşrutla birləşdirən nəqliyyatın təşkili tələbi qanuni deyil. Halbuki təklif üçtərəfli bəyanatda mövcuddur.

Sülhməramlı əməliyyatın təfərrüatlarının dəqiqləşdirilməsi

Paşinyan hökumətin iclasında Rusiya sülhməramlılarının effektivliyini şübhə altına alıb. O deyib ki, Rusiya sülhməramlılarının iştirakı ilə təmas xətti boyunca atəşkəs rejiminin davamlı və artan şəkildə pozulması yolverilməzdir. Paşinyan Qarabağda sülhməramlı əməliyyatın təfərrüatlarına düzəliş etmək lazım olduğunu bildirib.

Kreml həmişəki kimi “narahatdır”

Dmitri Peskov deyib ki, “Kreml Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır və tərəfləri təmkinli olmağa və üçtərəfli razılaşmaları yerinə yetirməyə çağırır”. Peskov həmçinin bildirib ki, Soçidə keçiriləcək görüşdə Putin və Ərdoğan regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi apara bilərlər.

KTMT tərəfləri fikir ayrılıqlarını müstəsna olaraq diplomatik üsullarla aradan qaldırmağa çağırır

KTMT Katibliyi Qarabağda baş vermiş və insan tələfatı ilə nəticələnən silahlı toqquşmalardan narahatdır. “Biz münaqişə tərəflərini güc tətbiqindən çəkinməyə və mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün müstəsna diplomatik üsullardan istifadə etməyə çağırırıq”, - deyə KTMT-nin baş katibi Stanislav Zas bildirib.

ABŞ Dövlət Departamenti gərginliyi dərhal azaltmağa çağırır

ABŞ Qarabağ ətrafında insan tələfatına səbəb olan gərgin döyüşləridən dərindən narahat olduğunu və diqqətlə izlədiyini bildirir. “Gərginliyi azaltmaq və daha da gərginləşməmək üçün təcili addımlar atmağa çağırırıq”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Aİ tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırır

Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin bəyanatında deyilir ki, Aİ Dağlıq Qarabağdakı münaqişə tərəflərini dərhal hərbi əməliyyatları dayandırmağa və danışıqları bərpa etməyə çağırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin